Dövlət Proqramının işığında: ÇƏLTİKÇİLİK GƏLİRLİ SAHƏDİR
Region

Dövlət Proqramının işığında: ÇƏLTİKÇİLİK GƏLİRLİ SAHƏDİR

"…Kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətlidir. Biz ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilmişdir. Bunu həm statistik göstəricilər, həm də real həyat göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Düyü qida rasionumuzda xüsusi yer tutur. Düyüdən hazırlanan müxtəlif dadlı, kalorili yeməklər, xüsusən "Şah plov" süfrələrimizin bəzəyinə çevrilib. Buğdadan sonra düyü ikinci vacib və faydalı ərzaq növü sayılır. Ölkəmizdə düyüyə olan illik istehlak tələbatı adam başına 4 kiloqramdır. Hazırda onun böyük hissəsi xaricdən gətirilir.

2017-ci il sentyabr ayının 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində möhtərəm Prezidentimiz İlham Əliyev yekun nitqində xüsusi vurğulayıb ki, təkcə bir il ərzində xaricdən ölkəmizə 48 min ton düyü idxal olunmuş və buna 37 milyon dollar vəsait xərclənmişdir. Əhalini yerli istehsal hesabına düyü və digər zəruri ərzaq məhsulları ilə təmin etmək, xaricdən ərzaq asılılığını aradan qaldırmaq çox vacib, ümdə məsələlərdən biridir.

Əhalini yerli istehsal hesabına ekoloji cəhətdən təmiz, orqanik düyü məhsulları ilə təmin etmək, emal müəssisələrinin xammal təchizatını yaxşılaşdırmaq, kənd əhalisinin məşğulluq səviyyəsini və rifah halını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" qəbul olunub.

Proqramda qeyd edildiyi kimi, çəltikçilik kənd təsərrüfatının ənənəvi və perspektivli sahələrindən biridir. Əhalinin gündəlik ərzaq tələbatında, məişətində çəltikçilik mühüm yer tutur.

Dövlət Proqramında 2025-ci ildə orta məhsuldarlıq hektardan 40 sentner olmaqla çəltik əkinlərini 10 min hektara, istehsalın həcmini 40 min tona çatdırmaq nəzərdə tutulub. Proqramda qarşıya qoyulan vəzifələr necə həyata keçirilir? Çəltikçilikdə mövcud vəziyyət necədir? Bu sahədə hansı çətinliklər, problemlər vardır? Bu və ya digər suallara cavab tapmaq məqsədilə Lənkəran-Astara iqtisadi rayonunda iş başında olan çəltikçilər, mütəxəssislər və müvafiq dövlət qurumları ilə əlaqə saxladıq.

Lənkəran ötən əsrin 60-cı illərinədək respublikamızda iri çəltikçilik rayonu kimi tanınıb. Ənənəvi təsərrüfat sahəsi olan çəltikçiliyin inkişafına xüsusi diqqət yetirilib. Subtropiklər diyarında becərilmiş, özünəməxsus dadı, keyfiyyəti ilə seçilən "Haşimi", "Həsəni", "Ənbərbu", "Qırmızı Əmbərbu", "Çampo", "Sədri" və digər düyü növləri daxili tələbatı ödəməklə yanaşı, keçmiş ittifaqın müxtəlif şəhərlərinə, hətta xarici ölkələrə göndərilib.

Lənkəran Ümumittifaq tərəvəz bostanına çevriləndən sonra isə bu sahə tamamilə unudulub. Aqrar sektora olan dövlət dəstəyindən ruhlanan yerli əhali 1995-ci ildən yenidən bu gəlirli sahə ilə məşğul olmağa başlayıb. Qabaqcıl texnologiyanın tətbiqi nəticəsində 2018-ci ildə çəltik əkinləri genişləndirilərək 826 hektara, keçən il 830,8 hektara çatdırılıb. 2000-ci illə müqayisədə rayonda çəltik əkinləri təxminən iki dəfə artırılıb. Keçən il rayonda 2668,1 ton çəltik istehsal olunub.

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində "Cənub-Aqro" MMC-nin çəltik sahələrinə baxış keçirib və çəltik zavodunun açılışında iştirak edib. Düyü istehsalı üçün illik emal gücü 7 min ton, düyü qurutma gücü 10 min ton olan yeni zavod istifadəyə verilib. Bundan əlavə, Gərmətük qəsəbəsində və Girdəni kəndində müasir tipli çəltik emalı müəssisələri fəaliyyət göstərir.

Lənkəran Regional Aqrar Təlim Mərkəzinin direktoru Rüfət Əskərov rayonda çəltikçiliyin vəziyyəti barədə söhbət açaraq deyir:

- Lənkəranın əlverişli iqlim şəraiti, məhsuldar torpaqları çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradır. Möhtərəm Prezidentimizin imzaladığı Dövlət Proqramı çəltikçiləri daha da ruhlandırıb, bu sahənin inkişafına güclü təkan verib.

Çəltikçilik rentabelli sahədir. Əkin-biçin, məhsul istehsalı cəmi 3 aya başa gəlir.

Son illər Lənkəranda çəltik əsasən innovativ metodlarla əkilir. Əl əməyinə demək olar ki, son qoyulub. Əkin zamanı Yaponiyanın istehsalı olan "Kubota" markalı şitiləkən aqreqat geniş tətbiq olunur. Sertifikata uyğun keyfiyyətli toxum əkiləndə hektardan 40-45 ton məhsul yığılır. Bu isə 20-25 ton ekoloji cəhətdən təmiz düyü deməkdir. Düyünün bir kiloqramının topdansatış qiymətinin 2,5 manat, pərakəndə satışının 3-4 manat olduğunu nəzərə alsaq, bir hektar çəltik sahəsindən 2500 manata yaxın xalis gəlir əldə olunur.

Xatırladaq ki, dövlətimiz tərəfindən çəltik əkinlərinə görə hər hektar üçün 360 manat subsidiya verilir.

Masallı rayonunda da çəltikçiliyə maraq çoxdur. Keçən il ondan əvvəlki illə müqayisədə çəltik əkinləri 64 hektar artırılıb. Məhsul istehsalı 735, 4 tondan 859,3 tona, məhsuldarlıq 33,8 sentnerdən 34,4 sentnerə yüksəlib.

Ölkə Prezidenti İlham Əliyev 2018-ci ili sentyabrın 18-də rayona növbəti səfəri zamanı "Masallı-Nemətləri" Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib. Yeni yaradılmış müəssisə şitiləkən traktor, müasir texnika və texnologiyalarla təchiz edilib.

Müəssisənin aylıq emal gücü 300 ton, düyü qurutma gücü 900 tondur. Ərazidə 400 tonluq hazır məhsul anbarı və satış mərkəzi tikilib. Emal edilən düyünün qablaşdırılıb "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxışı üçün lazımi işlər həyata keçirilib.

Aqroservis ASC-nin Cəlilabad Regional Nümayəndəliyinin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov əkin-biçin işlərinin vaxtında həyata keçirilməsi, ərzaq bolluğunun yaradılması üçün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri və fermer təsərrüfatları ilə əlaqəli şəkildə işlərin qurulduğunu, çəltikçilərə lazımi dəstək verildiyini bildirir. Kənd təsərrüfatı naziri İnam Kərimov aprel ayının 1-də Lənkəranda vətəndaşları qəbul edərkən Tüklə kəndindən olan fermer Təbib Mehdiyev ləklərin içinin lazerli qreyderlə hamarlanması üçün müasir texnikaya ehtiyac olduğunu bildirib. Fermerin xahişi nəzərə alınaraq bir həftədən sonra nazirlik tərəfindən rayona texnika göndərilib.

Aqroservis çəltikçiləri şum traktoru, mala, digər aqreqatlarla, mineral gübrələrlə təchiz edir. Biçin vaxtı iki çəltikdöyən kombayn fermerlərin ixtiyarına verilir.

III dərəcəli "Əmək" ordenli Seyran Nəcəfov rayonun qabaqcıl fermerlərindən biridir. Rəhbərlik etdiyi fermer təsərrüfatı keçən il Tüklə kəndində 5 hektar sahədə "Haşimi" növ çəltik əkib. Hektardan 4 tona yaxın məhsul götürüb. Fermer məhsulu Bakı şəhərində yaxşı qiymətə satdığını, satışda heç bir problem olmadığını bildirdi.

Çəltikçiliyin inkişafı haqqında Dövlət Proqramının icrası sayəsində 2019-cu ildən başlayaraq Astarada çəltik əkinləri artırılıb. Keçən il 240,6 hektar sahədə məhsul becərilib. Şəxsi və fermer təsərrüfatlarında 998,5 ton çəltik yığılıb. Hektarın məhsuldarlığı 41,5 sentner olmuşdur.

Çəltik əsasən su ilə yetişir. Yay aylarında çəltik əkinlərinin suya tələbatı daha da artır. Rayondakı mövcud sututarların və qonşu Lənkəran rayonunudakı Xanbulançay dəryaçasının köməyilə çəltik plantasiyaları əkin suyu ilə təmin olunur.

Təcrübəli kənd təsərrüfatı işçisi, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov çəltikçiliyin gəlirli, rentabelli sahə olduğunu vurğulayaraq deyir:

- Astarada ata-babadan çəltikçilik ruzi, qazanc mənbəyi olub. Sadə, zəhmətkeş kənd adamı çəltik əkib-becərməklə ailəsini dolandırıb. Birinci dəfə çəltik əkiləndə torpaq şumlanır, malalanır və əkinə hazırlanır. Ona görə xərc çox tələb olunur. İkinci il təkrar həmin sahə əkiləndə xərclər azalır. Bir hektar sahənin əkilib-becərilməsi təxminən 3-4 min manata başa gəlir. Daxili bazarda düyünün kiloqramı 3-5 manata satılır. Hektardan 15-16 min manat xalis gəlir əldə olunur.

Qeyd edək ki, çəltikçilk kənd təsərrüfatının digər sahələrinin inkişafına da müsbət təsir göstərir. Biçilmiş çəltik zəmiləri, eyni zamanda çəltiyin küləşi, kəpəyi, istehsal prosesində alınan düyü xırdası heyvandarlıq, quşçuluq, balıqçılıq və digər sahələr üçün qiymətli yem bazasıdır. Bu isə ət, balıq və digər ərzaq məhsullarının istehsalında əhəmiyyətli məsələdir.

Astarada çəltikçilərin üzləşdikləri çətinliklər də az deyil. Əkin-biçin zamanı DT-75 və K-4 markalı traktorlara, sertifikatlı, yüksək məhsuldarlığa malik toxumlara, mineral gübrələrə, pestisidlərə, çəltikdöyən kombaynlara daha çox ehtiyac yaranır.

Vacib bir məqamı da qeyd etmək istəyirəm, - deyə Etibar Abbasov bildirir. Fermerlər islahat zamanı onlar üçün ayrılmış 0,3-1 hektar pay torpaqlarında çəltikçilikilə məşğul olur. Biçin zamanı texnika çatışmır. Bəzən biçin gecikir və yağışlı havalara düşür. Məhsulun müəyyən hissəsi zay olub itkiyə gedir. Texnika baha olduğundan fərdi mülkiyyətçilər lizinq yolu ilə texnika ala bilmirlər. Mütəmadi olaraq maarifləndirmə işi aparırıq ki, fermerlər torpaq sahələrini birləşdirib iri çəltikçilik təsərrüfatları yaratsınlar. Bu yolla texnika almaq və qarşıya çıxan digər problemləri asanlıqla həll etmək olar.

Artupa kəndində hər il 100 hektara yaxın çəltik əkilir. Qabaqcıl fermer Mehman Quliyevlə iş başında görüşüb söhbət edirik. Biz təsərrüfatımızda bölgəmizin torpaq-iqlim şəraitinə uyğun olaraq çəltiyi ənənəvi üsulla, yəni, şitil yetişdirib sahələrə köçürməklə əkirik, - deyə söhbətə başlayır. Bu üsulun üstünlüyü çoxdur. Səpmə üsulu ilə əkin keçirdikdə hektara 150-200 kiloqram, bəzən daha çox toxum sərf olunduğu halda, şitillə əkin zamanı hektara cəmi 50-60 kiloqram toxum tələb olunur. Eyni zamanda aqrotexniki işlərin görülməsi də rahat başa gəlir. Xüsusilə, alaq otları texniki vasitələrlə təmizləndiyindən zərərli pestisidlərdən istifadə olunmur. Bu da ekoloji cəhətdən çox əhəmiyyətlidir.

Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Lənkəranda çəltikçiliyin seleksiyası və becərilmə texnologiyası şöbəsi yaradılıb. Ömrünün yarım əsrdən çoxunu cənub bölgəsində aqrar elmin və kənd təsərrüfatının inkişafına həsr etmiş təcrübəli alim-aqronom Təyyub Rzayev şöbəyə rəhbərlik edir. Təyyub müəllim bölgədə çəltikçiliyə göstərilən dövlət qayğısından, çəltikçilərin üzləşdiyi problemlərdən və həlli yollarından söhbət açaraq deyir:

- Möhtərəm Prezidentimizin Sərəncamı ilə təsdiq olunmuş "Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"ndan sonra çəltikçiliyə diqqət və qayğı daha da artırılıb. Uzun müddət boş qalmış torpaqlar çəltik sahələrinə çevrilib, çəltikçilik yeni inkişaf dövrünü yaşayır. Qəsəbə və kəndlərdə çəltik əkilən sahələr göz oxşayır, bolluqdan və firavanlıqdan xəbər verir.

Lakin indi dövr, zaman dəyişib. Bu sahədə ilk növbədə iri təsərrüfatların yaradılmasına böyük ehtiyac vardır. Çəltiyin müasir texnikanın köməyilə əkilib-becərilməsi üçün bu, çox vacib şərtdir. Müqayisə üçün deyək ki, əvvəllər bir hektar sahədə 10 fəhlə işləyib iki günə çəltik əkirdisə, bu gün müasir texnika həmin işi bir günə görür.

Çəltikçilikdə ən mühüm problem toxumçuluqla bağlıdır. Keçmiş sovetlər dövründə ötən əsrin 60-cı illərinə kimi Lənkəranda Ümumittifaq Çəltikçilik İnstitutunun dayaq məntəqəsi fəaliyyət göstərmiş, çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi, yeni, məhsuldar toxum növlərinin yetişdirilməsi istiqamətində çoxlu işlər görülmüşdür. Bir neçə il əvvəl Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Özbəkistandan "İstiqlal", Qırğızıstandan "Avanqard" növ çəltik toxumları gətirib Lənkəranda rayonlaşdırdıq. Hər iki növ yüksək məhsuldarlığı, keyfiyyəti ilə seçilərək geniş surətdə əkilməyə başlandı.

Çəltikçilik tarixən cənub bölgəsi üçün ənənəvi əkin növü olub. XIX əsrin sonlarında Azərbaycanda çəltik əkinlərinin 61 faizi Lənkəran-Astara bölgəsinin payına düşüb. Lənkəran düyüsünün şöhrəti uzaq diyarlara gedib çatıb. 1852-ci ildə Moskvada keçirilən sərgidə Lənkəran düyüsü mükafata, 1887-ci ildə Xarkovda keçirilən sərgidə bürünc, 1889-cu ildə Tbilisidə kənd təsərrüfatı məhsullarının Qafqaz üzrə sərgisində Lənkəranda yetişdirilən "Akulə" növ çəltik gümüş medala layiq görülüb.

Bir vaxtlar Lənkərana şöhrət gətirmiş çəltik növlərinin çoxu indi unudulub. Kuban Əkinçilik İnstitutunda, Rusiya Federasiyasının digər elmi-tədqiqat müəssisələrində "Ənbərbu", "Sədri", "Çiləyi", "Yetim", "Çampo", "Qırmızı Ənbərbu" kimi unudulmuş çəltik toxumları saxlanılır. Həmin çəltik növlərindən az miqdarda da olsa Azərbaycana gətirib çoxaltmaq mümkündür.

Adlarını qeyd etdiyimiz düyü sortları özünəməxsus dada və keyfiyyətə malikdir. Digər kənd təsərrüfatı məhsulları kimi, yerli düyü ekoloji cəhətdən təmiz, qidalılıq fərqinə görə idxal edilən düyülərdən üstündür. Bu gün istər daxili və istərsə də xarici bazarlarda ekoloji cəhətdən təmiz düyülərə böyük ehtiyac vardır, - deyə Təyyub Rzayev bildirdi.

Dövlət Proqramının icrası sahəsində Lənkəran-Astara iqtisadi rayonunda görülən işlər ölkədə məhsul bolluğunun yaradılmasına, əhalinin yerli düyü ilə təmin olunmasına, xaricdən idxalın azaldılmasına göstərilən dövlət qayğısının əyani nümunəsidir. Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini, fermerlərə güzəştli kreditlərin, subsidiyaların verilməsini, aqrolizinq xidmətlərinin göstərilməsini və dövlətin hərtərəfli dəstək mexanizmlərinin həyata keçirilməsini fermerlər ölkə Prezidentinin əvəzsiz qayğısı kimi yüksək qiymətləndirirlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".