Dövlət müstəqilliyimiz əbədidir
Siyasət

Dövlət müstəqilliyimiz əbədidir

Müstəqil Azərbaycan Respublikası bu gün özünün inkişafının keyfiyyətcə yeni, daha uğurlu mərhələsinə qədəm qoyub. Ümummilli liderimizin siyasi varisi Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət ölkəmizin daha sürətli, dinamik inkişafına yol açıb. Müstəqil dövlətçiliyimizin bərpasını qeyd etdiyimiz bu gündə əminliklə deyə bilərik ki, Azərbaycan dahi və uzaqgörən rəhbərin yolu ilə irəliləyərək sürətlə inkişaf edir, güclənir, qüdrətlənir. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi proqramlar ardıcıllıqla həyata keçirilir, xalqımızın rifah halı gündən-günə yaxşılaşır. Müstəqil dövlətimiz istər regionda, istərsə də bütövlükdə dünya miqyasında öz mövqelərini daha da möhkəmləndirir.

Dövlət başçısı cənab İlham Əliyevin son on doqquz ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktiki olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

Ulu öndərin rəhbərliyi dövründə müstəqil dövlətimiz əsrə bərabər inkişaf yolu qət etmişdir. Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndər dühasının bəhrələri görünməsin. Azərbaycan xalqı, onun dövləti bu gün ümummilli liderimizin ideyalarından bəhrələnir, onun müəyyənləşdirdiyi prinsipləri rəhbər tutur, tövsiyə etdiyi istiqamətdə inamla irəliləyir. Müstəqil dövlət qurmaq xoşbəxtliyi yalnız güclü şəxsiyyət, qüdrətli lider yetişdirmiş xalqlara nəsib olur. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın milli müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Ölkəmizin həqiqi müstəqil inkişafı başladı. Azərbaycanın, dövlət müstəqilliyini Heydər Əliyev dühası, onun zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi.

Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində milli ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən isə cəbhə xəttində vəziyyəti sabitləşdirmək üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Nəhayət 1994-cü ilin mayında atəşkəs əldə edildi. Cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara başlamaq, davamlı inkişaf yoluna çıxmaq üçün şərait yarandı. Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsini böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvəti adlandıran ulu öndərimiz həyat təcrübəsindən bilirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətin və mürəkkəb vəzifədir. Tale elə gətirdi ki, bu şərəfli tarixi missiyanı da məhz Heydər Əliyev yerinə yetirdi. Əslində, müstəqil dövlətçiliyimizin həqiqi tarixi, dönüş anı məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə xalqın və Vətənin taleyi üçün məsuliyyəti öz çiyinlərinə götürdüyü vaxtdan başlanır. Bu ötən illər ərzində ümummilli liderimizin hansı maneə və təhlükələri dəf etdiyi, müstəqilliyimizi və dövlətçiliyimizi necə mətanətlə, qətiyyətlə qoruduğu, inkişaf etdirdiyi təkcə xalqımıza deyil, bütün dünyaya məlumdur. Daxili sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin yaradılması və möhkəmlənməsi, həmçinin dünya və regional əhəmiyyətli transmilli layihələrin reallaşması ümummilli liderimizin danılmaz xidmətlərinin, müstəqilliyimizin əbədiliyinin ciddi, eləcə də etibarlı əsaslara söykəndiyinin nəticəsidir. Ulu öndərin hakimiyyətə ikinci gəlişində müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi.

Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən ali missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir tarix məktəbini bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynamışdır ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu öndər demişdir: "Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövlətini çatdırmaq istəyirik, gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik".

İstiqlaliyyət günümüzün ölkəmizdə hər il təntənəli şəkildə bayram edilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycanın istiqlaliyyəti barədə qəbul edilmiş, Konstitusiya aktına əsasən həmin tarixdən başlayaraq ölkəmiz artıq 31 ildir ki, bu tarixi müstəqillik günü kimi qeyd edir. Ötən il ilk dəfə olaraq qalib xalqımız 18 Oktyabrı Müstəqilliyin Bərpası Günü kimi qarşıladı. Belə ki, Milli Məclisdə "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edildi. Bu ölkəmizin inkişafının tarixi mərhələlərinin məntiqi ardıcıllıqla vəhdətini özündə ehtiva edir. Bu qanunun qəbul edilməsi tarixi, siyasi və hüquqi baxımdan xüsusi əhəmiyyət kəsb edir, qanunvericilik səviyyəsində mövcud olmuş boşluqları aradan qaldırır, müstəqillik dövrlərini ardıcıl və məntiqi şəkildə vurğulayır, tarixi proseslərin dərkinə sistemlilik gətirir.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam oldu. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Ötən otuz bir ildə Azərbaycanda siyasi sabitlik daha da möhkəmlənmiş, mühüm regional layihələr reallaşmış, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Azərbaycan ikinci ildir ki, bu bayramı qalib xalq kimi qeyd edir. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Azərbaycan xalqı intiqamını mənfur düşməndən döyüş meydanında aldı. Xalqımız işğal altında olan torpaqlarımızı azad edərək bütün tariximizə səs salan, onu şərəfləndirən möhtəşəm Qələbəyə imza atdı. Ölkə Prezidentinin cəsarəti, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti və xalqımızın dəstəyi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdı.

Xalqımız düz 30 il bu şərəfli, şanlı günlərin həsrəti ilə yaşadı. Torpaq itkisinə dözmək çətin olsa da, üç onillik ərzində zəfər gününün gələcəyini böyük inamla gözləmişik, qəlbimiz həmişə düşmən işğalında qalan yurd yerlərimizlə döyünüb, fikrimiz, düşüncələrimiz Şuşada, Xankəndidə, Kəlbəcərdə, Laçında, Qubadlıda gəzib-dolaşıb. Döyüş meydanında ardıcıl qələbələr qazanan müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə bərpa etdi. Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı.

31 illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan sözün əsl mənasında tam müstəqil ölkədir. Ölkəmizdə həyata keçirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

M.MİRZƏ,

"Respublika".