Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib
Digər xəbərlər

Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib

Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) yaranmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, bu əlamətdar gün münasibətilə Xidmətin rəisi Vüsal Hüseynovun rəhbərliyi ilə şəxsi heyətin bir qrupu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçək dəstələri düzülüb. Şəhidlər xiyabanında Vətənimizin qəhrəman oğul və qızlarının unudulmaz xatirəsi anılıb.

Sonra DMX-nın aparatında qurumun yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş mərasim keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətində Heydər Əliyev Muzeyini ziyarət edib, həmçinin Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən "Zəfər guşəsi"nin önünə gül dəstələri düzüblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Vüsal Hüseynov qurumun yaradılmasının 15-ci ildönümü və peşə bayramı günü, həmçinin Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, DMX-nin yaradılmasının ildönümü ərəfəsində Prezident İlham Əliyevin Xidmətin strukturunun təkmilləşdirilməsinə dair imzaladığı Sərəncam dövlətimizin başçısının diqqət və qayğısının növbəti təzahürüdür. Vüsal Hüseynov miqrasiya orqanları əməkdaşlarının Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Xidmət rəisi, həmçinin 15 il ərzində DMX-nin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, reallaşdırılan yeni layihələrdən bəhs edib, vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşın təltif edilməsi haqqında Xidmət rəisinin imzaladığı əmrlər elan olunub.

AZƏRTAC