Dövlət Miqrasiya Xidmətində bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib
Sosial həyat

Dövlət Miqrasiya Xidmətində bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətində (DMX) bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman övladların xatirəsinə ithaf olunan şeir söyləyib.

Sonda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igidlərimiz bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən Xidmət rəisinin müavini Elman Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Vətən savaşının qürurverici və çətin məqamlarına toxunub. Diqqətə çatdırıb ki, 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qüdrətini dünyaya nümayiş etdirib. O, bu Qələbədə Prezident və xalqımızın, həmçinin ürəyi Vətənlə döyünən dünya azərbaycanlılarının birliyinin də müstəsna rolunun olduğunu deyib.

Daha sonra döyüşçülər tanıtım videosu ilə iştirakçılara təqdim olunublar.

 "Vətən Müharibəsi Qəhrəmanı" medalı və "Qarabağ" ordeni ilə təltif olunmuş hərbçilər çıxış edərək 44 gün ərzində keçdikləri döyüş yolu haqqında, döyüş tapşırıqları zamanı yaşadıqları unudulmaz anlar barədə məlumat veriblər. Şuşa şəhərinin azad olunmasında qəhrəman Vətən oğullarının şücaətindən danışıblar. Hərbçilər, həmçinin düşmənin mülki əhaliyə qarşı yönəlmiş hava hücumlarının dəf olunmasında qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrimizin fəaliyyətindən söz açıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qonaqlara Xidmət adından simvolik hədiyyələr təqdim olunub.

AZƏRTAC