Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondunun nümayəndəsi ilə görüş keçirilib
Digər xəbərlər

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondunun nümayəndəsi ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və təşkilatın İnkişaf Fondunun məsul nümayəndəsi Alesiya Kastelfranko ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, qurumun Beynəlxalq Miqrasiya Təşkilatı ilə miqrasiya idarəçiliyinin müxtəlif istiqamətlərində sıx əməkdaşlıq etdiyini qeyd edən Xidmət rəisi BMqT ilə hazırda həyata keçirilən beynəlxalq layihələrin bu əməkdaşlıqda önəmli rol oynadığını bildirib. Vüsal Hüseynov BMqT ilə əməkdaşlıq şəraitində dörd beynəlxalq layihə ilə bağlı fəaliyyətin uğurla icra olunduğunu diqqətə çatdırıb. Bu layihələrdən "Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək" layihəsinin xüsusilə önəm kəsb etdiyini vurğulayıb. Xidmət rəisi qeyd edilən layihə çərçivəsində regional səviyyədə həyata keçirilmiş tədbirlərin və qazanılmış nəticələrin Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması istiqamətində fəaliyyətin daha da genişləndirilməsinə şərait yaratdığını qeyd edib.

Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin İnkişaf Fondunun rəsmisi Alessia Kastelfranko Fondun maliyyə dəstəyi əsasında həyata keçirilən layihə çərçivəsində görülən işlərin yüksək qiymətləndirildiyini və tezliklə layihənin əsas məqsədinə nail olunmasına əminliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

AZƏRTAC