Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
Sosial həyat

Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Yanvarın 18-də Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xidmət rəisi Vüsal Hüseynov 2021-ci ildə miqrasiya sahəsində atılan uğurlu addımlardan, həyata keçirilən sosial layihələrdən, qanunvericiliyə edilən dəyişikliklərdən, beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb, ümumi statistik rəqəmləri diqqətə çatdırıb.

Bildirib ki, fəaliyyətini pandemiyanın tələblərinə uyğun şəkildə quran DMX-də vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətlə həyata keçirilməsi, vətəndaş məmnunluğunun və rahatlığının təmin olunması ötən il də prioritet məsələ kimi diqqət mərkəzində saxlanılıb. İnzibati prosedurların minimuma endirilməsi, elektronlaşmanın geniş təşviqi, müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd qəbulunun optimallaşdırılması, icazə prosedurunun sadələşdirilməsi həyata keçirilib. Ötən il Dövlət Miqrasiya Xidməti tərəfindən xidmət səviyyəsinın yüksəldilməsi istiqamətində görülən işlər nəticəsində "ASAN xidmət indeksi" üzrə 2020-2021-ci il qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən, DMX ardıcıl olaraq dördüncü dəfə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni (92,78 faiz) göstərib.

DMX-nin fəaliyyəti ilə bağlı statistik rəqəmləri diqqətə çatdıran Xidmət rəisi bildirib ki, ötən il ölkəyə giriş edən əcnəbilərin sayı 791 min 983 nəfər olub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir. Keçən il 2020-ci illə müqayisədə olduğu yer üzrə qeydiyyatda 14,6 faiz, ölkədə müvəqqəti yaşamalarda 19,8 faiz, daimi yaşayanlarda 43,6 faiz, iş icazəsi alanlarda 43,2 faiz artım müşahidə olunub. Ötən il 420 şəxsin readmissiya edildiyini söyləyən Xidmət rəisi hazırda Azərbaycanda olan və yaşayan əcnəbilərin sayının 129 min 590 nəfər olduğunu vurğulayıb.

V.Hüseynov qeyd edib ki, ötən dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə bütün elektron xidmətlər üzrə yenilənmə işləri aparılıb. Bundan başqa, iki yeni - "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi" və "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi" elektron xidmət yaradılıb.

Cari il DMX-nin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nəticələrə toxunan Xidmət rəisi bildirib ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə əməkdaşlıq şəraitində "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)" layihəsinin icrasına başlanıb.

Xidmət rəisi bildirib ki, Azərbaycan Respublikası BMT-nin Miqrasiya Şəbəkəsinin dəvəti ilə Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə "Çempion ölkələr" təşəbbüsünə qoşulan birinci ölkədir. Bu təşəbbüs BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən 2020-ci ilin sentyabrında təsis olunub.

Vüsal Hüseynov, həmçinin BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə 2020-ci il noyabrın 1-dən icrasına başlanılmış "Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək" layihəsi çərçivəsində miqrasiya ilə bağlı müxtəlif sahələr üzrə milli və beynəlxalq səviyyədə təlimlərin təşkil edildiyini də diqqətə çatdırıb. Layihə çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzi tərəfindən 10 ölkədən nümayəndələrin iştirakı ilə miqrasiyanın müxtəlif sahələrinə aid dörd təlim təşkil olunub.

DMX cari ildə Xidmət yanında İctimai Şura və Məşvərət Şurası ilə sıx əməkdaşlığı davam etdirib. 2021-ci ildə İctimai Şuraya növbəti seçkilər keçirilib. Səsvermənin nəticələri əsasında növbəti iki il müddətinə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura 9 nəfərdən (əvvəlki illərdə 7 nəfərdən) ibarət tərkibdə formalaşıb.

Bildirilib ki, miqrasiya qanunvericiliyi ilə bağlı Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 29 maarifləndirmə-məlumatlandırma tədbiri, 170 səyyar xidmət təşkil edilib. Dövlət Miqrasiya Xidmətinin fasiləsiz fəaliyyət göstərən 919 - Çağrı Mərkəzinə cari il ərzində edilən zənglərin sayı 112 min 805 olub.

Xidmət rəisi vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti sosial layihələrin reallaşdırılmasını ötən il də diqqət mərkəzində saxlayıb. Şəhid və qazi ailələri ilə bağlı layihələr, "Miqrasiya Könüllüsü" İctimai Birliyinin fəaliyyəti, "Miqrasiya Məktəbi-4" layihəsi, əcnəbi və qaçqın statusu əsasında yaşayan aztəminatlı ailələrə istiqamətlənən fəaliyyət və digər sosial layihələrə toxunan V.Hüseynov sadalanan tədbirlərin Xidmətin bütün sosial şəbəkə hesablarında ictimailəşdirildiyini vurğulayıb.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

AZƏRTAC