Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib
Digər xəbərlər

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi Vüsal Hüseynov Şuraya seçilmiş üzvləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

V.Hüseynov müraciət edənlərin məmnunluğunun, eləcə də şəffaflığın yüksək səviyyədə təminatının daim diqqət mərkəzində olduğunu və bununla bağlı qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa hər zaman önəm verildiyini diqqətə çatdırıb. O, İctimai Şuranın səmərəli fəaliyyəti ilə vətəndaş məmnunluğunun reallaşdırılması işinə bundan sonra da layiqli töhfə verəcəyinə əminliyini ifadə edib.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov Xidmətlə əməkdaşlığı yüksək dəyərləndirərək, Şuranın gələcək planları barədə məlumat verib. O, Şuranın ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra təkliflər dinlənilib və təşkilati məsələlərə baxılıb.

Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib və xatirə fotosu çəkilib.

Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Qanuna və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın müddətinin qanunvericiliyə uyğun şəkildə başa çatması ilə əlaqədar normativ hüquqi aktlardan irəli gələn prosedura əsasən cari il iyulun 6-da və 9-da yeni seçki keçirilib. İki mərhələdə keçirilən seçki nəticəsində DMX yanında İctimai Şuranın 9 nəfərdən ibarət heyəti müəyyənləşib. “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov səsvermə yolu ilə DMX yanında İctimai Şuranın sədri seçilib.

AZƏRTAC