Dövlət Komissiyası: Avropa İttifaqının vasitəçiliyi ilə daha 10 erməni hərbi qulluqçu qarşı tərəfə təhvil verilib
Siyasət

Dövlət Komissiyası: Avropa İttifaqının vasitəçiliyi ilə daha 10 erməni hərbi qulluqçu qarşı tərəfə təhvil verilib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası dekabrın 19-da 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, təhvil verilmiş şəxslər 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.

Humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirən Azərbaycanın dekabrın 4-də qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs edib, altısına qarşı isə ittiham irəli sürüb.

AZƏRTAC