“Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət icbari şəxsi sığortası sahəsində sığortaolunanların sosial rifahının yaxşılaşdırılması və etibarlı sosial müdafiəsi məqsədilə qərara alıram:

“Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 447, № 12, maddə 1406) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissəyə “səlahiyyətləri” sözündən sonra “(bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir;”.

3. Aşağıdakı məzmunda 2.8-ci bənd və 2-1-ci hissə əlavə edilsin:

“2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.”;

“2-1. Bu Fərmanın 2.8-ci bəndinə uyğun olaraq, Şirkət sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən 2020-ci il dekabrın 31-dən sonraya aid sənədlər üzrə həyata keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın soyadı, adı, atasının adı, FİN-i, sığorta ödənişinin məbləği və verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.”. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 iyun 2022-ci il