Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Yanvarın 28-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb. Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Qeyd olunur ki,  DGK sədri Səfər Mehdiyev ÜGT ilə Azərbaycan gömrüyü arasında səmərəli və işgüzar münasibətlərdən məmnunluqla bəhs edib və bu əməkdaşlıq çərçivəsində Azərbaycan gömrüyünün inkişafına müxtəlif sahələrdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Komitə sədri Prezident İlham Əliyev tərəfindən gömrük sistemində də aparılan islahatlar nəticəsində şəffaflığın təmin olunması, fiziki təmasın minimuma endirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, ölkəmizin ixrac və tranzit imkanlarının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu bildirib. Vurğulanıb ki, həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər hesabına, ümumilikdə ötən il xarici ticarət dövriyyəsinin 11 milyard dollara qədəri "Yaşıl dəhliz" buraxılış sisteminin iştirakçıları tərəfindən gömrük orqanına gəlmədən, gömrük əməkdaşı ilə təmas olmadan həyata keçirilib.

Sədr bütün gömrük-keçid məntəqələrinin ən müasir texniki nəzarət vasitələri, rentgen avadanlıqları ilə təmin olunduğunu, yeni gömrük-keçid məntəqələrinin inşa edildiyini bildirib. Ötən il fiskal sahədə, qaçaqmalçılıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində mühüm nailiyyətlər əldə olunub. Səfər Mehdiyev Azərbaycanın 188 ölkə ilə ticarət əməliyyatları həyata keçirdiyini və bu ölkələrin gömrük orqanlarına güzgülü statistika əsasında məlumat mübadiləsi aparmaq məqsədilə müraciət olunduğunu diqqətə çatdırıb.

ÜGT-nin Baş katibi Kunio Mikuriya bir daha Azərbaycanda olmaqdan məmnunluq duyduğunu, səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Baş katib Prezident İlham Əliyevlə görüşündən, ÜGT ilə Azərbaycan arasındakı əlaqələrin dinamik inkişafından məmnunluqla bəhs edib. Kunio Mikuriya Azərbaycanın bölgədə ticarət və nəqliyyat qovşağına çevrilməsi istiqamətində gömrük sistemindəki islahatların əhəmiyyətindən danışıb. Baş katib gömrük sahəsində əməliyyatların kağızsız texnologiyalarla, təmassız, rəqəmsal formatda həyata keçirilməsinin vacibliyini vurğulayıb.

DGK sədrinin güzgülü statistika ilə bağlı təşəbbüsünü təqdir etdiyini diqqətə çatdıran Baş katib Azərbaycan gömrüyünün ÜGT-nin Avropa regionuna sədr müavinliyi dövründə uğurlu fəaliyyət göstərdiyini vurğulayıb, əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

B.NUHBALAOĞLU,

"Respublika".