DÖVLƏT GƏNCLƏR SİYASƏTİ YENİ NƏSLİN FORMALAŞMASINDA MÜSTƏSNA ROLA MALİKDİR
Siyasət

DÖVLƏT GƏNCLƏR SİYASƏTİ YENİ NƏSLİN FORMALAŞMASINDA MÜSTƏSNA ROLA MALİKDİR

Hazırda ölkəmizdə həyata keçirilən gənclər siyasəti təhsil, səhiyyə, gənclərin intellektual və mənəvi inkişafı, asudə vaxtlarının təşkili, mövcud problemlərin həlli, haqların qorunması, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı və sair bu kimi məsələləri ehtiva edir. Son illər Azərbaycan gəncləri fəal qüvvə olaraq, siyasi və mədəni tədbirlərdə daima iştirak edir. Bu da təsadüfi deyil, çünki ölkəmizin siyasi, sosial və mədəni inkişafı həm bütün Azərbaycan cəmiyyətini, həm də konkret olaraq gəncləri narahat edən məsələlərin həlli yollarını tapmaqda kömək edir. Gənclərin fəallığı özünü müxtəlif formalarda büruzə verir, burada mədəni və sosial-iqtisadi fəaliyyətdən tutmuş siyasətə qədər geniş bir dairə əhatə olunur.

Onu da qeyd edək ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi daşıyır.

Gənclərin formalaşdırılması hər bir dövlət üçün ən başlıca məsələlərdən biridir. Axı istənilən ölkənin gələcəyi, müqəddəratı məhz gənclərdən asılıdır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması onların mənsub olduqları dövlətin rifahının, təhlükəsizliyinin, çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, vətənpərvərlik ruhumuzu, doğma ana dilimizi, ata-babalardan gələn gözəl adət-ənənələrimizi qoruyub yaşadır. O, öz həyatını qurarkən, hər şeydən əvvəl, müstəqil Azərbaycanın xoşbəxtliyini, ərazi bütövlüyünü, bir sözlə - bu günü və gələcəyini düşünür, öz həyat və fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi düşünülmüş gənclər siyasəti nəticəsində mümkün olmuşdur. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış Azərbaycan xalqı bunu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi və gənclərimizin qəhrəmanlığı, cəsarəti, rəşadəti sayəsində əldə edə bilmişdir. Qarabağda öz müqəddəs torpaqlarının azadlığı uğrunda mərdliklə döyüşən gənc nəsil məhz cənab İlham Əliyevin rəhbərliyi dövründə formalaşmışdır.

Bəllidir ki, hər bir xalqın tarixində onun taleyüklü məsələlərin həllində həlledici rol oynayan böyük şəxsiyyətlər vardır. Belə şəxsiyyətlərdən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli yönündə həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – deyən ümummilli lider daim gənclərin yanında olmuş, onların qayğıları ilə maraqlanmış, öz dəyərli tövsiyələrini vermişdir.

Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz uğurlu fəaliyyəti ilə təsdiq edir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. Bu proqram müvəffəqiyyətlə həyata keçirilir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, onların vətənpərvərlik ruhunda tərbiyəsi, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli Dövlət Proqramının əsasını təşkil edir.

2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Prezidentin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə qayğısının daha bir bariz nümunəsidir.

Dövlətimizin başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmışdır. İndi bu proqram əsasında minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın xidmətləri də böyükdür. Heydər Əliyev Fondunun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırmışdır. Hazırda öz sıralarında 200 minədək gənci birləşdirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu gün ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Almaniya, Bolqarıstan və İtaliyanın hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Ölkəmizdə gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yüksək şərait və imkan yaradılmışdır. Azərbaycanda dövlət qeydiyyatından keçmiş 170-dən çox gənclər təşkilatı vardır, minlərlə gənc lider yetişmişdir.

Azərbaycan gəncləri həm də beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Onların xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Azərbaycan gəncliyi bu gün həm də Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Beynəlxalq Assosiasiyası, ümumilikdə Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur. Bu, böyük nailiyyətdir. Bütün bunlar Azərbaycan gənclərinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Gənclərimiz öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Hazırda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir.

Gənclərə diqqət və qayğı ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas prioritetidir: “Mən çox şadam ki, indi Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir. Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün biz müxtəlif imkanlardan istifadə edirik. Bildiyiniz kimi, gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcəkdir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik”.

Bu gün Azərbaycan öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli istiqamətində gənclərimiz cəsarətli əməlləri ilə öz sözünü demişlər. Bundan sonra da müstəqil Azərbaycanın inkişafı naminə görüləcək mühüm işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərində olacaq.

Emin QASIMOV,

“Respublika”.