Dostluq və qardaşlığın təcəssümü
Ekologiya

Dostluq və qardaşlığın təcəssümü

Cəbrayıl rayonu ərazisində Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi salınacaq

Cəbrayıl Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Ekoloji məsələlər üzrə" İşçi Qrupunun bu günlərdə növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

İşçi Qrupun üzvləri ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında müəyyən məlumatlar əldə ediblər. İşğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar görülən işlər müzakirə olunub. Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonu ərazisində "Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi"nin, salınması, "Təlim-tədris mərkəzi"nin və "Tinglik sahəsi"nin yaradılması istiqamətində işlərə başlanılıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu barədə Fondun nümayəndəsi tərəfindən qrup üzvlərinə məlumat verilib. Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricdə təşviq etməkdir. Həmçinin digər dövlət, özəl təşkilatlar, eyni zamanda, diaspor və cəmiyyətin müxtəlif nümayəndələri də bu Memoranduma qoşularaq ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə dəstək olmağa dəvət edilir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Türkiyə-Azərbaycan dostluğu durmadan inkişaf edir və möhkəmlənir. Yaxın gələcəkdə salınacaq “Qardaşlıq Meşəsi”də bu dostluğun təcəssümüdür. 30 il ərzində erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş təbii sərvətlərimiz - çay və sututarlar, meşələr, torpağın yaşıl örtüyü zaman keçdikcə bərpa olunacaq. Bütün bu bərpa işlərində Türkiyənin köməyi  qarşıda duran  hədəflərə tezliklə çatmaqda əsl qardaşlıq və yaxın dostluq nümunəsi kimi dəyərlidir.

Tofiq HÜSEYN,

“Respublika”.