DOST mərkəzlərində 500 000-ci vətəndaş müraciəti
Sosial həyat

DOST mərkəzlərində 500 000-ci vətəndaş müraciəti

Bakının Binəqədi rayon sakini, Vətən müharibəsi iştirakçısı Elmir Bayramlı 4 saylı Bakı DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu xidməti ilə bağlı müraciət edib.

Bu barədə nazirliyin informasiya və kommunikasiya şöbəsindən verilən məlumata görə, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhaliyə dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğuna uyğun təşkili Agentliyin əsas fəaliyyət prinsipidir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 152 növdə xidmətin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun təqdim edilməsinə imkan verib.

500 mininci vətəndaşı təbrik edən F.Məmmədov ona Agentlik adından təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. E.Bayramlı DOST Mərkəzində göstərilən xidmətlərdən razı qaldığını və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

M.MUSTAFAYEV,

“Respublika”.