“Dost Aqropark
Digər xəbərlər

“Dost Aqropark" ölkəmizin dünya ərzaq təhlükəsizliyinə töhfəsidir

Qarabağda daşı-daş üstə qoymayan ermənilər bir gün bu yerlərin əsl sahiblərinin - azərbaycanlıların möhtəşəm dönüşündən əmin olduqları üçün işğal etdikləri ərazilərdə vandallıq, insanlıq adına yaraşmayan əməllər törətmişlər. Lakin talanan, viran qoyulan, xarabalığa çevrilən bu yerlər azadlığa qovuşduğu gündən taleyinin xoş dövranını yaşayır. Bu gün işğaldan azad olunmuş ərazilərimiz nəhəng tikinti meydançasına bənzəyir. Hər yerdə abadlıq, bərpa-quruculuq işləri aparılır. Zəngilan rayonunun Ağalı kəndindən başlanan yenidənqurma və quruculuq işləri indi bütün Qarabağı əhatə edir.

Oktyabr ayının 20-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminə gəldiyi zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə Zəngilan rayonunda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını ediblər. Həmçinin, prezidentlər "Dost Aqropark"ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış ət məhsullarının paketlərinin üzərinə "Made in Qarabağ" etiketlərinin ilk nümunələrini vurublar. Təməli 2021-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan "Dost Aqropark" da birinci mərhələ üzrə nəzərdə tutulan bütün işlər başa çatdırılmışdır. Onu da qeyd edək ki, azərbaycanlı və türk sərmayədarlar tərəfindən həyata keçirilən "Dost Aqropark" üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsi üçün nəzərdə tutulan inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kinoteatr, xidməti heyət üçün istirahət zonası və qalacaqları binalar tikilib istifadəyə verilib. Kompleksdəki otlaq sahələrində dörd min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər layihələr həyata keçiriləcək. Bütün bunlar iki qardaş dövlətin ərzaq təhlükəsizliyinə öz müsbət töhfəsini verəcək. Həmçinin, Qarabağın əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxışına imkan yaradacaq.

Zəngəzur dəhlizinin açılışından sonra isə "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksi logistika baxımından daha önəmli mahiyyət kəsb edəcək. Regionda dəmiryolunun çəkilməsi və hava limanlarının açılışından sonra Zəngəzur dəhlizinin işə salınması həm xarici ölkələrdən arpa, buğda və s. məhsulların gətirilməsi, həm də regionda istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı üçün əlverişli şərait yaradacaq. Artıq kompleksə 3500 baş cins qaramal gətirilib. Eyni zamanda, əkinçilik məhsullarının istehsalı həyata keçirilir. Hətta, ötən il Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə əkilmiş tarlalardan bol məhsul götürülüb.

"Dost Aqropark"ın ikinci və üçüncü mərhələləri üzrə işlər sürətlə aparılır. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar ərazidə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq. 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, həmçinin də toxumçuluq və şitilçilik sahəsi yaradılacaq. Eyni zamanda, bölgədə ət emalı və qablaşdırma müəssisələri qurulacaq. Tutumu 100 min ton olan anbar tikiləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına olan tələbatını ödəyəcək. Ən önəmli məqamlardan biri də odur ki, "Made in Qarabağ" brendi ilə dünya bazarlarına çıxarılması üçün "Arqo Market" də qurulacaq. Onu da qeyd edək ki, "Dost Aqropark" Azərbaycan və Türkiyə sərmayədarları tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir.

"Dost Aqropark" iki qardaş dövlətin dünyaya birgə töhfəsidir. Yaradılan kompleks vasitəsilə Qarabağın münbit, əkin və maldarlıq üçün olduqca yararlı və əlverişli torpaqlarında əkilən hər buğdanın bərəkətindən, halallığından nəinki iki qardaş ölkə, ümumilikdə bütün dünya bəhrələnəcək. Bəli, artıq Azərbaycan eyni zamanda Qarabağ məhsulları ilə dünya bazarına çıxacaq.

Şərqi Zəngəzur və Qarabağ torpaqları çox münbit və əkin üçün yararlıdır. Bu ərazilərin bolsulu çayları həm heyvandarlıq, həm də əkinçilik üçün əlverişli şərait yaradır. İlk addımları Zəngilan rayonunda atılan bu tip aqroparkların gələcəkdə regionda sayının çox olacağı, artırılacağı nəzərdə tutulur. Bu, həm də bölgə əhalisinin işlə təminatına da müsbət təsir göstərəcək. Belə ki, layihə tam başa çatdırıldıqdan sonra kompleksdə 500 nəfər işlə təmin olunacaq. "Ağıllı kənd təsərrüfatı" texnologiyalarının, tullantısız, bərpa olunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı "Dost Aqropark" ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipləri ilə fəaliyyət göstərəcək. 

Ramidə YAQUBQIZI,

"Respublika".