Doqquz ayın nəticələri qənaətbəxşdir
Region

Doqquz ayın nəticələri qənaətbəxşdir

İlin doqquz ayı arxada qalıb. Görülən işlərə artıq yekun vurulub. İqtisadi sahədə əldə olunan nəticələr statistik nəticələrdə əksini tapıb. Siyəzən rayonu üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə bir çox malların istehsalında artım müşahidə olunur. Doqquz ayın nəticələri qənaətbəxşdir. Bu barədə rayon Statistika İdarəsinin rəisi Kamil Xəlilov məlumat verərək deyir: 2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışı ilkin hesablamalara əsasən 13,9 faiz artaraq faktiki qiymətlərlə 198701,3 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 51,2 faizi kənd təsərrüfatının, 26,9 faizi tikintinin, 14,3 faizi  ticarətin, 6,7 faizi sənayenin, 0,9 faizi  nəqliyyat və rabitə sektorunun payına  düşmüşdür. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 70,0 faiz olmuşdur.

Sənayedə ümumi istehsalın 46,0 faizi sənaye malları istehsalından, 54,0 faizi sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur. Məhsul istehsalı və xidmətlərin ümumi həcminin 73,6 faizi və ya 9735,9 manatı dövlət mülkiyyətinin, 26,4 faizi və ya 3484,2 manatı xüsusi mülkiyyətin, o cümlədən 12,1 min manatı fərdi sahibkarların, 2331,3 min manatı ev təsərrüfatlarının payına düşmüşdür.

 Mədənçıxarma sənayesində ilin əvvəlindən faktiki qiymətlərlə 3214,4 min  manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox məhsul istehsal edilmişdir. Natural ifadədə ilin əvvəlindən 41,3 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50,2 faiz çox neft, 5,5 milyon  kubmetr  və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,5 faiz çox qaz, 182,1 min ton çınqıl, 17,2 min ton beton üçün, yolların döşənməsi və digər tikinti işləri üçün sair xırdalanmış daş hasil edilmişdir.

Rayon üzrə bütün maliyyə mənbələri hesabına 18747,3 min manatlıq əsas fondlar istifadəyə verilmiş, istifadəyə verilmiş əsas fondların 7029,7 min manatını və ya 37,5 faizini dövlət mülkiyyəti, 11717,6 min manatını və ya 62,5 faizini qeyri-dövlət mülkiyyəti təşkil etmişdir.

Ötən dövr ərzində rayonda 101819,3 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz çoxdur. İstehsal edilmiş məhsulun 6965,6 min manatı və ya 6,8 faizi bitkiçilik, 94853,7 min manatı və ya 93,2 faizi heyvandarlıq məhsullarından ibarət olmuşdur.

6181,0 hektar dənli və paxlalı bitkilər əkini sahəsindən 13265,8 ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çox dənli və paxlalı bitkilər, o cümlədən 3338,0 hektar buğda əkini sahəsindən 6776,0 ton buğda, 2825,0 hektar arpa əkini sahəsindən 6453,0 ton arpa, 16,0 hektar dən üçün qarğıdalı əkini sahəsindən  33,1 ton qarğıdalı, 2,0 hektar paxlalı bitkilər əkini sahəsindən 3,7 ton  paxlalı bitkilər yığılmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə dənli və paxlalı bitkilərin məhsuldarlığı 13,2 faiz artmışdır.

Oktyabr ayının 1-i vəziyyətinə 124,1 hektar kartof, tərəvəz, bostan məhsulları sahəsindən 1044,0 ton, o cümlədən 25,0 hektar sahədən 225,0 ton kartof, 76,1 hektar                           sahədən 619,8 ton tərəvəz, 23 hektar sahədən 199,2 ton bostan bitkiləri, bağlardan  1510,7 ton meyvə və giləmeyvə, 244,8 ton üzüm  yığılmışdır.

Heyvandarlıqda da irəliləyiş vardır. 333 inək, camış və düyə elit törədicilərin toxumu ilə mayalanmış, süni mayalanmadan 127 baş bala alınmış, iribuynuzlu mal-qaranın baş sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 14558 başa, qoyun və keçilərin  baş sayı 0,1 artaraq 55152 başa çatmış, diri çəkidə 20186,4 ton ət, o cümlədən 18470,9 ton quş əti, 10600,3 ton süd, 10655 min yumurta, 97,0 ton yun istehsal edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 10,1 faiz, o cümlədən quş əti istehsalı 11,0 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 0,5 faiz, yun istehsalı 1,0 faiz artmışdır.                                                                                                                                                           

Rayon üzrə nəqliyyat sektorunda məhsul buraxılışının ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 91,7 faiz artaraq 1205,6 min manat olmuşdur ki, bunun 869,9 min manatı və ya 72,2 faizi yük daşınmasının, 247,1 min manatı və ya 20,5 faizi sərnişin daşınmasının, 88,6 min manatı və ya 7,3 faizi poçt xidmətlərinin payına düşmüşdür.

Ötən müddət ərzində rayonda rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 496,8 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Göstərilmiş rabitə xidmətinin 163,2 min manatı və ya 32,9 faizi sabit telefon xidmətindən, 333,6 min manatı və ya 67,1 faizi simli şəbəkələr üzərindən geniş zolaqlı internet xidmətindən ibarət olmuşdur.

Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 64160,0 min manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artmış, pərakəndə ticarət şəbəkələrindən hər bir istehlakçı orta hesabla 1499,1 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çox  mal almışdır.

Rayon büdcəsinin gəlirləri 4103,8 min manat, xərcləri 1975,7 min manat olmuşdur.

Cari ilin ötən aylarında rayonun idarə, müəssisə və təşkilatlarında muzdla işləyənlərin sayı 6503 nəfər, o cümlədən dövlət sektorunda 3772 nəfər, qeyri-dövlət sektorunda 2731  nəfər təşkil etmişdir. 2021-ci ilin yanvar-sentyabr aylarında rayonda fiziki şəxslər tərəfindən 246, mövcud müəssisə və təşkilatlarda 23, yeni yaradılmış müəssisə və təşkilatlarda 2 daimi iş yeri açılmışdır. Bundan başqa “Dost İş Mərkəzi” MMC tərəfindən 144 nəfər rayonda müxtəlif işlərə cəlb edilmiş, işə düzəlməkdə çətinlik çəkən 100 şəxs özünüməşğulluq proqramına cəlb edilmişdir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.