Dondarlıya qayıdacağımız gün uzaqda deyil
Region

Dondarlıya qayıdacağımız gün uzaqda deyil

Düz 28 il əvvəl xain ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində doğma yurd-yuvamızdan, ev-eşiyimizdən didərgin düşdük. Mənfur düşmən 20 gün Qubadlını mühasirədə saxladı. 1993-cü il avqust ayının 31-də torpaqlarımızı işğal etdi. Ondan bir gün əvvəl axşamüstü çox böyük çətinliklə doğma kəndimiz Dondarlını tərk etdik. 2 min nəfərə qədər əhalisi olan kənd bir gündə boşaldı. Atam, anam, həyat yoldaşım və iki azyaşlı uşaqla hər şeyimizi qoyub piyada yola düşdük. Onu da deyim ki, Dondarlıda yaxşı ev-eşik qurmuşduq. İkimərtəbəli evimiz, geniş həyətyanı təsərrüfatımız, bağ-bağatımız, 5-6 baş mal-qara, qoyun-quzumuz və sairə vardı. Qəddar, vəhşi ermənilərin əlindən təkcə canımızı götürüb çıxdıq. Bərgüşad çayının kənarı ilə Araza qədər piyada gəldik. Oradan birtəhər maşın tapıb rayondan çıxdıq. Bizi əvvəlcə Sumqayıt şəhərindəki 49 saylı texniki peşə məktəbində yerləşdirdilər. Daha sonra Quba rayonunun Hacıhüseynli kəndindəki tibb məntəqəsində bizə yer verdilər. İlk vaxtlar çox çətinlik çəkdik. Bir hektar torpaq alıb ailəliklə işləməyə başladıq. Uşaqlar böyüdü. Böyük oğlumu evləndirdim. Bu kənddə onun üçün ev tikdik.

Artıq acı tarix arxada qalır. Ötən il Müzəffər Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə yenilməz, qüdrətli ordumuz rayonları bir-birinin ardınca işğaldan azad etməyə başladı. Qubadlı da azad olundu. Bu xəbəri eşidəndə ailəmizin sevinci yerə-göyə sığmırdı. Sanki hər birimiz yenidən doğulduq. Əyilmiş qəddimiz birdən-birə düzəldi. Balaca Zəhra nəvəmdən tutmuş hamının çöhrəsi güldü. Ürəkləndik. Yaşamaq eşqimiz, həvəsimiz daha da artdı. Gözümüzün önünə bir anlığa Bərgüşad çayının sahilləri, Çömçə, Turşsu bulağı, Hərtiz oylağı, səfalı meşələr gəldi. Orada keçirdiyimiz gözəl günlər yada düşdü.

Ailəmizlə birlikdə hər gün televizor ekranının qarşısına yığışır, möhtərəm Prezidentimizin Qarabağa səfərlərini, həmin rayonlarda keçirdiyi görüşləri böyük maraqla izləyirik. İşğaldan azad olunmuş ərazilərdə gedən geniş yenidənqurma, bərpa, tikinti işləri bizi çox sevindirir. Yəqin ki, yaxın vaxtlarda bu işlər bizim rayonda da görüləcəkdir. Hörmətli Prezidentimizin rəhbərliyi ilə Qarabağ torpağında misli görünməmiş inkişaf gedir. Bütün bunlar dövlətimizin gücünü, qüdrətini bütün dünyaya göstərir. Dövlətimiz illərlə dədə-baba yurdundan ayrı düşmüş bizlərin ən qısa bir zamanda doğma yurd-yuvalarımıza qayıtmağı qarşıya vacib bir məsələ kimi qoyub. Fürsətdən istifadə edib xalqımıza 44 günlük Vətən müharibəsində şanlı qələbənin sevincini yaşatdığına görə möhtərəm Prezidentimizə və ordumuza öz dərin təşəkkürümüzü bildiririk. Bu torpaqlar uğrunda canlarını fəda edən oğullarımız bizim üçün əzizdir, müqəddəsdir. Hər zaman şəhidlərin ölməz ruhuna dualar oxuyur, onların xatirəsini böyük ehtiram hissi ilə yad edirik. Ümid edirik ki, qısa zaman ərzində hər şey qaydasına düşəcək, biz də öz doğma rayonumuza qayıdacağıq. Dondarlıya qayıdacağımız gün uzaqda deyil.

Qənimət ABDULLAYEV,

Quba rayonu, Hacıhüseynli kəndi.