Doğma torpaqlar əzəli sakinlərini gözləyir
Digər xəbərlər

Doğma torpaqlar əzəli sakinlərini gözləyir

DÜNYADA YAŞAYAN QƏRBİ AZƏRBAYCANLILAR

Tarix boyu torpaqlarının parçalanaraq qonşulara verilməsi, bu ərazilərdə yeni dövlətlərin qurulması, daha sonra həmin ölkələr tərəfindən soydaşlarımıza qarşı kütləvi repressiyalar, sürgünlər, soyqırımlar və nəhayət anti-Azərbaycan kampaniyalarının aparılması xalqımıza böyük faciələr gətirmişdi. Belə acı tarixlər yaşamış Azərbaycan torpaqlarından bir hissəsi də vaxtilə azərbaycanlıların yaşadığı qədim İrəvan, Göyçə, Zəngəzur, Ağbaba torpaqları olmuşdur.

Tarixdən məlum olduğu kimi, Qafqaza vaxtilə xristian missionerləri kimi köç etmiş ermənilər bütün bu tarixi hadisələr zamanı Cənubi Qafqaz uğrunda mübarizə aparan imperiyalara müxtəlif formalarda yarınmaqla süni surətdə saylarının çoxalmasına nail olmuş və geosiyasi vəziyyətlərdən bəhrələnmək üçün fürsət güdmüşlər. Birinci Dünya müharibəsinin nəticələrindən biri kimi çar Rusiyasının süqutundan sonra tarixi Azərbaycan ərazisində qondarma Ermənistan dövləti yaradıldı. O tarixi şəraitdə Cənubi Qafqazda həm də sülhə nail olmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti qurucularının İrəvanı ermənilərə güzəştə getməsi təhlükəli presedent yaratdı. Sonrakı tarixi mərhələlərdə güzəşt amili öz mənfi təsirini göstərdi və nəticədə, bu azmış kimi, ermənilərdə Qarabağ və Zəngəzur bölgələrini ələ keçirməyə həvəs yaratdı.

Dəfələrlə çıxışında bu məqamlara xüsusi yer ayıran Prezident İlham Əliyev bir daha həmin proseslərin kökündə duran səbəblərə aydınlıq gətirmişdir: "Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik". Göründüyü kimi, ermənilərin məkrli niyyətlərinin həyata keçirilməsində təkcə qlobal güclər, yəni kənar qüvvələr deyil, həm də daxili faktorlar da həlledici rol oynamışdır. Ona görə də bu tarix hamımız üçün dərs olmalıdır.

Qərbi Azərbaycan azərbaycanlıların tarixi və əzəli torpağıdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizlənməyə məruz qalmış, öz doğma torpaqlarından didərgin düşməyə məcbur edilmişdir. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş vermişdir. Ermənilər düşünülmüş şəkildə 300 minə yaxın azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət etmiş, dağıtmış və xarabalığa döndərmişlər. Azərbaycanlıların tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyətində hazırda yaşayış yoxdur və xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Bu da o deməkdir ki, Qərbi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir. Qərbi azərbaycanlılar öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır. Qarabağı düşmən işğalından azad etdikdən sonra heç oranı görməyən azərbaycanlıların öz doğma yurdlarına qayıtmağına olan ruh yüksəkliyi bu fikri söyləməyə imkan verir. Əslən Göyçə mahalının Qaraqoyunlu dərəsindən olan, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu deyib: '"Əslində Qərbi Azərbaycan məsələsi bu gün dünyanın nə qədər ədalətsiz olduğunu göstərən növbəti məsələlərdən biri sayılır. Təəssüf ki, XX əsr boyu azərbaycanlıların deportasiyası və Qərbi Azərbaycandan didərgin salınmaları beynəlxalq aləmin gözü qarşısında baş verib. Azərbaycan əleyhinə informasiya terroru həyata keçirənlər Qərbi Azərbaycanda azərbaycanlıların yaşadığı faciələri görməzdən gəliblər''. S.Karakoyunlu vurğulayıb ki, möhtəşəm Zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Hər kəs görür ki, dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır. Bu məsələdə müdrikcəsinə hərtərəfli ölçülüb-biçilmiş bir ardıcıllıq mövcuddur. Bu, həm siyasi, sosial, psixoloji, həm də hərbi müstəvidə öz əksini tapır. Ölkə Prezidentinin təşəbbüsü və birbaşa nəzarəti altında Qarabağda və Ermənistan ərazisində tarixi Azərbaycan toponimlərinin əsl adlarının göstərildiyi xəritələrin hazırlanması, yeni dərsliklərin tərtib olunması, real tarixi faktların yetişən nəsillərə ötürülməsi, beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi bu fəaliyyətin əsas istiqamətləridir. Cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını vermişdir.

Qərbi Azərbaycan İcmasının binasının açılışı ilə bağlı fikirlərini bölüşən İSTAD sədri deyib ki, binanın açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. İnanıram ki, Qarabağı işğaldan azad edən Azərbaycan xalqı, tarixi Qərbi Azərbaycan torpaqlarında öz yurd-yuvasına tezliklə geri dönüş edəcəklər.

"Qərbi Azərbaycan məsələsi növbəti tarixi dövr üçün Azərbaycanın gündəminə ən mühüm, ərazilərinin işğaldan azad edilməsi kimi taleyüklü bir məsələ ilə birlikdə daxil olur", - deyə Səfər Karakoyunlu bildirib.

O həmçinin qeyd edib ki, bu gün o torpaqlarda babalarımızın məzarları var və tək Azərbaycanda yaşayan Qərbi azərbaycanlılar deyil, bütün dünyada yaşayan hər bir Qərbi azərbaycanlılar hər zaman öz tarixi torpaqlarının, doğma yurdlarının həsrətini çəkir. "Biz heç zaman ümidimizi itirməmişik, hər zaman o torpaqlara qayıdacağımız günü gözləmişik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Babamın məzarını ziyarət etməklə, eyni zamanda ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm", - deməsi biz Qərbi azərbaycanlıları tarixi torpaqlarımıza tezliklə qayıdacağımıza daha da ümidləndirdi və inandırdı. Dövlət başçısı İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında çıxışı hər bir Qərbi azərbaycanlı üçün yol xəritəsinə çevrildi. Biz, bütün Qərbi azərbaycanlılar əminik ki, belə tarixi görüşlər tezliklə tarixi torpaqlarımızda təşkil olunacaq. Bizim hər birimiz "Qarabağ Azərbaycandır!" deyimini "Qərbi Azərbaycan Azərbaycandır!" ifadəsi ilə birləşdirəcəyik", - deyə o vurğulayıb.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Ölkə mediası dövlətimizin başçısının görüşdəki çıxışından mühüm məqamları Türkiyə ictimaiyyətinin diqqətinə təqdim edib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.