DİPLOMATİYAMIZIN MÖHTƏŞƏM PRAQA ZƏFƏRİ
Siyasət

DİPLOMATİYAMIZIN MÖHTƏŞƏM PRAQA ZƏFƏRİ

Bədnam qonşumuzun Azərbaycanın daxili işlərinə qarışmaq təcrübəsinə birdəfəlik son qoyulur

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik, uzaqgörən və balanslı xarici siyasət, Cənubi Qafqaz, eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən münasibətlər qurması və əməkdaşlıq etməsi Azərbaycanın nüfuzunu hər keçən gün daha da artırır. Ölkəmizin regionun lider dövləti olmaqla yanaşı, bölgəmizdə sülhyaratma və təhlükəsizliyin təmin olunmasında dövlət başçımızın əldə etdiyi nailiyyətlər, atdığı düşünülmüş addımlar və irəli sürdüyü təşəbbüslər həm Cənubi Qafqazın, həm də bütövlükdə dünyanın təhlükəsizliyinə böyük töhfələr verir. Bu, artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməkdədir.

Hazırda demək olar əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşdırılmır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır, özünü etibarlı tərəfdaş kimi hələ illər öncə tanıdıb. Hətta elə mühüm görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Bunun çox ciddi əsasları var. Dünyanın müxtəlif yerlərində dövlətlər arasında gərgin münasibətlərin olduğunu, bəzən isə amansız müharibələri müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayırlar. Əlbəttə, hər bir inkişafın təməlini siyasi-ictimai sabitlik təşkil edir. Biz bu stabilliyə təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsində nail olmuşuq.

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin zirvə toplantısı keçirildi. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Fransa prezidenti də həmin görüşdə iştirak etmək imkanı əldə etmişdi. Bu, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması üçün tamamilə yeni format olmaqla yanaşı, eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan rəhbərləri ilə ilk təması fonunda gerçəkləşən müzakirə idi.

Praqaya yola düşməzdən öncə Azərbaycan liderinin təşəbbüsü ilə Ermənistanın baş naziri də müzakirə atmosferini yumşaldan və xeyli dərəcədə konstruktivləşdirən bir sıra mesajlar vermişdi. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin parlamentində çıxış etmiş və nitqinin bəzi epizodlarında açıq, bəzi epizodlarında isə dolayısı ilə Azərbaycanın irəli sürdüyü şərtlərdən yayınmağın mümkün olmadığını etiraf etmişdi. Praqadakı danışıqlardan sonra isə Yelisey sarayı açıqlama yaydı və bütün dünyaya bildirdi ki, Praqadakı müzakirələrdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Həmçinin Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.

“Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir” – deyə, bəyanatda vurğulanırdı.

Avropa İttifaqının mülki missiyası Azərbaycanla Ermənistan arasındakı nəzəri sərhədin Ermənistan ərazisində fəaliyyət göstərəcəyindən rəsmi Bakı üçün prinsipial əhəmiyyət daşımır. Azərbaycanın qəti mövqeyi artıq hər hansı funksionallığı olmayan ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsinə qarşıdır və rəsmi Bakı Ermənistan ərazisinə mülki müşahidəçilər qrupunun gəlməsinə etiraz etməməklə bu mövqeyini Fransaya da qəbul etdirmiş oldu. ATƏT-in Minsk Qrupundan fərqli olaraq qısamüddətli müşahidəçi missiyasının Ermənistanla münaqişənin həlli yollarını tapmaq, vasitəçilik etmək, daha doğrusu, bu ad altında 44 günlük savaşdan sonra rəsmi İrəvanın ən böyük arzusu olan yeni status-kvo yaratmaq kimi səlahiyyətləri və vəzifələri yoxdur. Elə bu səbəbdən də, Azərbaycan üçün texniki bir heyət olmaqdan savayı heç nə ifadə etmir.

Lakin Ermənistan üçün məsələ heç də bu qədər sadə deyil. Faktiki şəkildə başqa dövlətin forpostu və KTMT üzvü olan Ermənistanın öz ərazisinə və Azərbaycanla sərhədlərinin müəyyənləşdirilməsi prosesinə yeni oyunçular cəlb etməsi Rusiyada birmənalı qarşılanmayacaq. Nikol Paşinyanı iqtidara gətirən qüvvələr ondan Ermənistanı Rusiyanın orbitindən çıxarmasını tələb edirlər və bunun üçün hətta okeanın o tayından İrəvana gələrək hər cür maddi-texniki dəstək vəd verirlər. Hər halda, Kremlin təcrübəli rəhbəri və Vladimir Putinin çevrəsindəki peşəkar siyasi texnoloqlar fərq etməyə bilməz ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Polesinin İrəvana səfərindən sonra Fransa prezidenti Emmanuel Makronun da Ermənistanı, necə deyərlər, “qanadının altına aldığını” nümayiş etdirməsi Rusiyaya qarşı “kollektiv Qərb”in himayəsinə sığınan Nikol Paşinyanın açıq demarşıdır. Elə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Praqa müzakirələri barədə danışarkən “Ermənistan baş nazirinə müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə cavab ala bilmədim” deməsi də onu göstərir ki, rəsmi İrəvanın kollektiv Qərbin çətiri altında eyforiyaya qapılaraq hətta üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri də unutduğunu göstərir.

Azərbaycan üçtərəfli Bəyanat üzrə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini sülh sazişinin imzalanması prosesindən ayırır və bununla da İrəvan hakimiyyətinə öz mövqeyinin konstruktivliyini isbat etməsi üçün sonuncu dəfə möhlət verir. Ermənistanın bu şansı necə dəyərləndirdiyinin göstəricisi isə təkcə Zəngəzur dəhlizinin açılması yox, həmçinin Azərbaycanın Xankəndi şəhərindən və həmin şəhərin çevrəsindəki ərazilərdən işğalçı qoşunlarının qalıqlarını tam demilitarizasiya etməsi olacaq. Ancaq bu proses də üçtərəfli Bəyanat çərçivəsində həllini gözləyən şərtlərdən olduğundan və Azərbaycan Qarabağdakı erməni vətəndaşlarının hüquqlarına öz konstitusiyası, qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən Praqada hər iki dövlət tərəfindən bir daha təsdiq olunan Almatı Deklarasiyası ilə təminat verdiyindən mümkün sülh müqaviləsində sözügedən etnik azlıqla bağlı hər hansı müddəa əks olunmayacaq.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətini 26 noyabr 1991-ci ildə rəsmən ləğv edib, Almatı Bəyannaməsi isə 21 dekabr 1991-ci ildə imzalanıb. Başqa sözlə, Praqa görüşündə Ermənistan həmin bəyanata 31 il sonra olsa da, “sadiqlik” ifadə etməklə, keçmiş DQMV-nin Azərbaycan tərəfindən ləğv olunması faktını, eyni zamanda, Azərbaycanın keçmiş DQMV də daxil olmaqla ərazi bütövlüyünü və mövcud sərhədlərini tanıdığını, SSRİ tərkibində yer almış xalqların öz müqəddəratını təyinetmə hüququndan Ermənistan Respublikasının elanı üçün artıq istifadə olunduğunu ifadə etmiş olur. Bundan savayı, Ermənistan həmin sənədə istinadla Azərbaycanın daxili işlərinə qarışmamağı, yəni Xankəndidəki hərbi xuntanın nümayəndələrini İrəvandakı rəsmi iqamətgahlarda qəbul etməməyi, separatizmə dəstək məqsədilə Xankəndiyə heyətlər göndərməməyi və Ermənistan xarici işlər nazirliyinin adət etdiyi şəkildə Qarabağla bağlı bəyanatlar verməməyi vəd edir.

Heç şübhəsiz, bütün bunlar Praqa müzakirələri yekununda Azərbaycan Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra daha bir parlaq diplomatik Zəfərin qazandığını söyləməyə tam əsas verir.

Emin QASIMOV,

“Respublika”.