Dinlərin, mədəniyyətlərin və sivilizasiyaların bir araya gəldiyi məkan
Mədəniyyət

Dinlərin, mədəniyyətlərin və sivilizasiyaların bir araya gəldiyi məkan

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın Şərqlə Qərb arasında mədəniyyətlərarası körpü olduğunu təsdiq etdi

Qafqazın qüdrətli ölkəsi, dünyada söz sahibi olan Azərbaycan hər il onlarca beynəlxalq konfransa, sərgiyə, festivala, eləcə də irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Vətənimizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlər siyasi, iqtisadi, humanitar, mədəni və idman sahələrini əhatə edir.

Yəni hər bir istiqamət üzrə Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm bir mərkəzdir. Bu baxımdan, 2016-cı ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin xüsusi əhəmiyyəti oldu.

Dünyada sivilizasiyalararası münasibətlərin çox mürəkkəb və ziddiyyətli olduğu bir dövrdə qarşılıqlı faydalı əməkdaşlığa xidmət etmək şərəf işidir. Cənubi Qafqazda Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış gərgin vəziyyətin fonunda Azərbaycanın sülh, barış, sabitlik və mədəniyyətlərarası dialoqu təşviq edən nüfuzlu tədbiri yüksək səviyyədə təşkil etməsi böyük hadisə idi.

Rəsmi İrəvanın Forumu pozmağa çalışmasına baxmayaraq, dünyanın 147 ölkəsindən yüksək səviyyəli qonaqlar toplantıya qatıldı. Tədbirdə alınan qərarlar böyük önəm daşıyırdı. BMT səviyyəsində Forumun Bakıda keçirilməsi ilə növbəti dəfə Azərbaycan regional və qlobal miqyasda əməkdaşlığa ciddi töhfəsini vermiş oldu.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyildi.  Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanılmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə  yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

BMT Baş Məclisinin VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar 2014-cü il sentyabrın 26-da qəbul edilib. 2015-ci ildə Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu sayda qonaq qatılıb. Onların arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan,  Malta Prezidenti Mari-Luiz Koleyro Pekan da var idi.

Forumda çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi: “Bakıda Sivilizasiyalar Alyansının və onun dəyərlərini daha da inkişaf etdirməklə qətiyyətli olduğumuzu açıq-aşkar ifadə edəcəyimizi düşünürəm. Mədəniyyətlərarası dialoq təşəbbüsünün güclü şəkildə fəaliyyətini davam etdirməsi üçün lazımi siyasi və maddi dəstəyin davam etdiriləcəyini hamımız birlikdə bəyan etməliyik. Bu şərəfli mövqe yalnız bəşəriyyətin bizdən gözlədiyi deyil, eyni zamanda, gələcək nəsillər qarşısında vəzifə borcumuzdur”.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malikdir. Çünki tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq  alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxışında demişdir: “Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb”.

Dövlət başçısının söylədiyi kimi, bu gün həqiqətən də Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qurumların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.

Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz 30 ildir ki, müstəqil dövlətdir. Eyni zamanda, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir.

Qeyd edək ki, Birləşmiş  Millətlər Təşkilatında təsis edilən Sivilizasiyalar Alyansı (SA) 15 il öncə yaranıb. Təşəbbüskarlar isə İspaniya və Türkiyə olub. Bu, dünyada müxtəlif sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında müşahidə edilən ziddiyyətləri aradan qaldırmaq zərurətindən meydana gəlib. Sivilizasiyalar Alyansının əsas məqsədlərindən biri islam və xristian cəmiyyətləri arasında sağlam münasibətləri qorumaqdır. Doğrudur, Türkiyə və İspaniyanın bu təklifinə əvvəlcə bir sıra dairələr müxtəlif maneələr yaratmağa çalışdılar. Lakin artıq Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Bu tədbir isə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın paytaxtında baş tutdu.

Vurğulamaq lazımdır ki, BMT Sivilizasiyalar Alyansının layihə fəaliyyətinin təsiri yalnız təlimdə iştirak etmiş şəxslərin sayı, imkanların yaradılması, mədəniyyətlərarası mübadilə və təhsil proqramları ilə ölçülə bilməz. Onun real bəhrəsini gənc vətəndaş cəmiyyəti liderlərinin fəaliyyətini, icmalarda, eləcə də regional və milli səviyyələrdə həyata keçirilən proqramların nəticələrini hiss etməklə ölçmək olar. Bu tədbirlərlə BMT-nin Sivilizasiyalar Alyansının proqramları tolerantlıq, anlaşma və qarşılıqlı hörmət kimi müsbət mesajlar almış yüz minlərlə insana, o cümlədən gənclərə müsbət təsir göstərir.

Bu, həmçinin davamlı inkişaf üzrə 2030-cu il  gündəliyinin əsas məqsədidir. Bu gündəlik bütün insanlar, xüsusilə irqçilik, diskriminasiya, ksenofobiya və zorakılığın digər formaları üzündən uzun müddət təcrid olunmuş insanlar üçündür. Ən əsası isə Sivilizasiyalar Alyansı heç kimin unudulmamasına və qlobal planı reallaşdırmağa kömək edir.

Alyansda həmçinin terrorizmə qarşı mübarizədə səyləri daha da artırmağın vacibliyi vurğulanıb. Bildirilib ki, terrorizm heç bir vəchlə İslamla əlaqələndirilməməlidir. Çünki terrorizmin qurbanlarının əksəriyyəti elə müsəlmanlardır. Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, heç bir ölkə bu bəlaya qarşı təkbaşına mübarizə apara bilməz. Bu, BMT-nin müvafiq sənədlərində də əksini tapıb. Milli mədəniyyətlər də hər zaman BMT-nin sülh və təhlükəsizlik sahəsində gördüyü işlərdə və göstərdiyi səylərdə mühüm yer tutur. Təbii ki, mədəni meyarlar heç bir halda inkar edilə bilməz. Çünki mövcud münaqişələrə istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoq yolu ilə son qoyula bilər. Beləliklə də, mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin qarşısının alınmasının preventiv, - yəni, qabaqlayıcı tədbirlərinə doğru gedilməlidir.

Tədbirdə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo çıxış edərək demişdir: “Əsrlər boyu Bakı karvansarayları Roma və ya İstanbuldan başlayan Asiyanın hüdudlarına gedən Böyük İpək Yolunun səyahətçilərini qəbul edib. Bazar və küçələrdə həmin vaxt tacirlər ipək və ədviyyatlarla mübadilə etmiş, müxtəlif ölkələr barədə xəbərlərlə bölüşmüş və Şərqin, eləcə də Qərbin dahiləri barədə ətraflı məlumatlar vermişlər. İpək Yolu bir növ həmin vaxtın interneti idi və Bakı isə onun bir hissəsi, ən mühüm qovşaqlarından biri idi. Bu baxımdan xoş təsadüfdür ki, Bakı bu gün Sivilizasiyalar Alyansının Forumunu qəbul edir.

Bu gün biz Bakıda ona görə toplaşmışıq ki, yeni qlobal İpək Yolundayıq. Sivilizasiyalar Alyansı elə bir məkandır ki, dünyanın müxtəlif yerlərindən səyahətçilər və onların karvanları məhz buradan keçir. Bu baxımdan bu tədbir hamını bir araya gətirir. Bütün bu mübadilələr və əlaqələr bizim müxtəlif çağırışlara qarşı cavab tədbirlərinin görülməsinə, çoxtərəfli münasibətlər sisteminin qurulmasına xidmət edə bilər”.

Bütün zamanlarda sülhün tərəfdarı olan Azərbaycan bu yolda öz töhfələrini verir, dünya dövlətlərini birgə əməkdaşlığa səsləyir...

Nurəngiz ADİLQIZI,

“Respublika”.