“Dinlər sülh uğrunda
Digər xəbərlər

“Dinlər sülh uğrunda" beynəlxalq təşkilatının sədrinə Azərbaycandakı tolerant mühit barədə məlumat verilib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə "Dinlər sülh uğrunda" Beynəlxalq Təşkilatının sədri xanım Azza Karamla qarşı tərəfin təklifi ilə videokonfrans formatında görüş keçirib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmimi şəraitdə keçən görüşdə xanım A.Karam şeyxülislam A.Paşazadəni dünya miqyasında nüfuzlu dini lider, beynəlxalq dinlərarası əməkdaşlıq müstəvisində böyük səyləri və təşəbbüsləri ilə tanınan dini-ictimai xadim kimi tanıdığını, onun fəaliyyətinə böyük dəyər verdiyini bildirib. Xanım A.Karam rəhbərlik etdiyi beynəlxalq təşkilatın belə bir şəxsiyyətə, onun təcrübəsinə və müdrikliyinə böyük ehtiyac duyduqlarını, bu məramla da Qafqaz Müsəlmanları İdarəsinin sədrini "Dinlər sülh uğrunda" beynəlxalq qurumunun Qəyyumlar Şurasına üzv qəbul etmək niyyətlərini ifadə edib. A.Karam bu yaxınlarda bununla bağlı müvafiq rəsmi məktubu şeyxülislam A.Paşazadəyə ünvanlayacaqlarını bildirməkdən şərəf duyduğunu deyib.

QMİ sədri A.Paşazadə bu təklifi səmimiyyətlə qarşılayıb, uzun onilliklər ərzində sülh və qarşılıqlı anlaşma yönündə fəaliyyəti ərzində qazandığı təcrübəyə verilən dəyəri yüksək qiymətləndirib. O bildirib ki, "Dinlər sülh uğrunda" təşkilatının üzvləri sırasında onunla uzun illər ərzində dinlərarası dialoq və əməkdaşlıq müstəvisində birgə, çiyin-çiyinə çalışan tanınmış din xadimləri var. Şeyxülislam bu sırada, xüsusilə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasında bərabər təmsil olunduğu həmkarlarından Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel və digər nüfuzlu şəxslərin adlarını qeyd edib. Bildirib ki, zəmanəmizdə sülh probleminin olduqca böyük önəm daşıdığı bir məqamda Uca Yaradana xoş gedən sülh amalı uğrunda dini liderlərlə birgə "Dinlər sülh uğrunda" kimi nüfuzlu beynəlxalq müstəvidə əməkdaşlığı önəmli hal kimi dəyərləndirir.

Azərbaycanda multikulturalizmin dövlət siyasəti olduğu, dövlət rəhbərliyinin dinlərarası dialoq və əməkdaşlıq yönündə qlobal təşəbbüslərlə çıxış etdiyi barədə ətraflı danışan şeyxülislam A.Paşazadə ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyəsi, Azərbaycanın dünya dini liderlərinin sammitlərinə, dəyərli forumlara ev sahibliyi etməsindən danışıb. Xanım A.Karam öz növbəsində Bakıda 2019-cu ildə keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməsini xatırladaraq, Azərbaycan dövlətinin bu istiqamətdə avanqard rolunu yüksək qiymətləndirdi. Şeyxülislam A.Paşazadə Azərbaycanın erməni işğalından azad olunmuş Qarabağ torpaqlarında vandalizmə məruz qalmı dini-mənəvi abidələrin yenidənqurulması, bərpası, şəhər və kəndlərə yeni həyat verilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı, misilsiz quruculuq işləri barədə məlumat verib.

QMİ sədri A.Paşazadə bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə xanım A.Karama məlumat verərək Papa Fransisk həzrətləri ilə məhsuldar görüşü, Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinin və dinlərarası dialoq müstəvisində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu və yaxın gələcəkdə birgə forumların keçirilməsi niyyətlərini ifadə edib. Xanım A.Karam QMİ sədrinin dünyanın nüfuzlu dini mərkəzləri ilə yüksək səviyyəli əlaqələri barədə məlumatlı olduğunu, Şeyxülislamın Roma Papası Fransisk ilə görüşünü diqqətlə izlədiklərini və təqdir etdiklərini bildirib. Bu əsnada, A.Karam Qafqaz Müsəlmanları İdarəsinin Rus Pravoslav Kilsəsilə dinlərarası müstəvidə əməkdaşlıq münasibətləri ilə maraqlanıb.

Daha sonra dünyada son dövrlər baş verən qlobal əhəmiyyətli hadisələr, xüsusilə Ukraynadakı vəziyyət, münaqişənin sülh yolu ilə həlli perspektivləri, bu işdə din xadimlərinin potensialından istifadə, habelə dinlərarası əməkdaşlıq və dialoq sahəsində mühüm istiqamət və səylər barədə geniş fikir mübadiləsi aparılıb.

Şeyxülislam A.Paşazadə "Dinlər sülh uğrunda" təşkilatının rəhbəri xanım Azza Karamı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.

Qeyd edək ki, Misir əsilli amerikalı müsəlman xanım A.Karamın rəhbərlik etdiyi "Dinlər sülh uğrunda" ən böyük ümumdünya dinlərarası təşkilatlarından biridir. Beynəlxalq Katibliyi Nyu-Yorkda yerləşən təşkilat çoxkonfessiyalı beynəlxalq şəbəkə formatında qurulub. Dünyanın 92 ölkəsindən ən nüfuzlu din xadimlərinin üzv olduğu təşkilata 6 regional və müxtəlif ölkələrdə fəaliyyət göstərən 70-dən çox yerli Dinlərarası Şura daxildir. Katibliklə yanaşı, təşkilatın işinə dünyanın ən böyük dinlərini - Xristianlıq, İslam, Hinduizm və Buddizmi təmsil edən 4 moderator (koordinator) rəhbərlik edir. Təşkilatın dünyanın müxtəlif ölkələrində 90-dan çox filialı var. Şəbəkəyə həmçinin müxtəlif qadın birlikləri və dinlərarası gənclər şəbəkələri daxildir. "Dinlər sülh uğrunda" təşkilatı UNESCO-da, BMT-nin Uşaq hüquqları üzrə qurumu olan UNICEF-də və BMT-nin İqtisadi və Sosial Şurası - ECOSOC-da məsləhətçi statusuna malikdir.

AZƏRTAC