DİNAMİK İNKİŞAFIN ÜNVANI: GÖZƏLLİKLƏR DİYARI LERİK
Region

DİNAMİK İNKİŞAFIN ÜNVANI: GÖZƏLLİKLƏR DİYARI LERİK

Ölkəmizin cənub-şərqində yerləşən, gözəllikləri göz oxşayan, ürəkləri riqqətə gətirən əzəmətli, əsrarəngiz diyar. Ulu keçmişi, gözəl təbiəti, zəhmətkeş, qədirbilən, uzunömürlü insanları ilə tanınan qədim yurd yerimiz Lerik.

Yaşı min illərlə ölçülsə də, rayon kimi 1930-cu il avqustun 8-də təşkil olunub. 1938-ci ilədək Zuvand rayonu adlanıb. Talış və Peştəsər dağ silsilələri Leriki dövrəyə alıb. Ən yüksək zirvələri  Gömürgöy (2492 metr) və Qızyurdudur (2433 metr).

Loğman təbiəti, möcüzəli havası, özünəməxsus gözəlliyi ilə bütün fəsillərdə diqqəti cəlb edir. Leriki təbiətin harmoniyası da adlandırırlar. Yer kürəsinin 11 iqlim qurşağından 9-u bu yerlərdən keçir. Payızı yağışlı-çiskinli, qışı qarlı-şaxtalı, yazı sərin, güllü-çiçəkli, yayı quraq, mülayim isti keçir.

Lerik Lənkəran iqtisadi rayonuna daxildir. Əhali ata-babadan əkinçilik və heyvandarlıqla məşğul olur. Sovet dönəmindən başlayaraq sənayenin ayrı-ayrı sahələri inkişaf etdirilir. Bu gün Lerik həm də turizm diyarı kimi tanınır. Rayonun iqtisadiyyatında turizmin xüsusi çəkisi ilbəil artır.

Həmsöhbətim Güləmirzə Ağayev ixtisasca iqtisadçı-maliyyəçidir. Uzun illər rayon maliyyə idarəsində məsul vəzifələrdə işləyib. Rayonun sosial-iqtisadi inkişafında fəal rolu olub. Son vaxtlar doğma rayonda aparılan işlərdən çox razılıqla, sevinclə söhbət açır:

-Lerik yeraltı və yerüstü sərvətlərilə zəngin olan diyardır. Rayonun inkişafı, tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Lerikin inkişafına xüsusi qayğı göstərib. Həmin qayğı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam və inkişaf etdirilir.

 İqtisadi yüksəliş üçün rayonda əlverişli şərait mövcuddur. Müəllifi Azərbaycan Prezidenti olan Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində rayonun sosial-iqtisadi mənzərəsi, Lerik şəhərinin, kəndlərin siması tamam dəyişib. Rayonun mövcud potensialından səmərəli istifadə olunması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşması və əhalinin rifah halının yüksəlməsi üçün geniş imkanlar yaradılıb.

Lerik yeniləşib, sürətlə müasirləşir. Rayonun tarixində ilk dəfə olaraq müxtəlif istiqamətlərdə yerləşən ucqar kəndlərə asfalt yollar, qaz, su xətləri çəkilib. Elektrik təsərrüfatı yenilənir. Əhalinin məşğulluq səviyyəsi getdikcə yüksəlir. Bir vaxtlar iş dalınca Bakıya və digər şəhərlərə köçmüş insanların doğma yurda qayıdışı başlanıb. Rayon İcra Hakimiyyəti rəhbərlərinin, icra aparatı işçilərinin vətəndaşlara həssas, qayğılı münasibəti məni bir ziyalı kimi sevindirir. İcra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevi tez-tez əhali arasında görmək olur.

Rayonda vətəndaş-məmur münasibətləri yeni müstəvidə qurulub. İnsanlarla icra hakimiyyəti arasında doğmalıq, səmimiyyət açıq-aydın nəzərə çarpır. Bəlkə də Lerikdə  şəhid ailələri, qazilər tərəfindən heç bir şikayət, narazılıq demək olar ki, yoxdur.

Rayon İcra Hakimiyyətinə hamı ümidlə gəlir, vətəndaşların müraciətlərinə həssaslıqla, diqqətlə baxılır. C.Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid ailələrinə baş çəkir, qazilərlə görüşür, onların çətinlikləri, qayğı və problemləri operativ qaydada həllini tapır. Son vaxtlar şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli iş görülüb. Şəhidlərin qəbirüstü abidələri düzəldilib, şəhidlərin şərəfinə abidələr, bulaq kompleksləri inşa olunub. Bu münasibətlə keçirilən mərasimlərdə şəhid valideynlərinin iştirakı təmin olunur, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş igidlərin  xatirəsi ehtiramla anılır.

Rayonda sahibkarlara qayğı, dəstək hiss olunur. İş adamları bizneslərini, fəaliyyət dairəsini genişləndirirlər. Sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyub. Bütün sahələrdə inkişaf nəzərə çarpır. Lerik şəhəri daxil olmaqla kəndlərdə abadlıq-quruculuq işləri geniş vüsət alır.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev söhbət zamanı bildirdi ki, “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyən dövlətimizin başçısının qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar onun daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin konkret əməli fəaliyyətə, praqmatizmə söykəndiyini əyani göstərir. İnsana diqqət və qayğı aparılan siyasətin əsas prinsipinə çevrilib.

Son 18 il ərzində regionların siması xeyli dəyişib, insanların həyat səviyyəsi durmadan yaxşılaşır. Bu gün ölkə vətəndaşı həyata yeni nəzərlərlə baxır, müstəqil Azərbaycanın davamlı uğurlar qazanacağına, işıqlı gələcəyinə inanır. Çünki hər bir vətəndaş möhtərəm Prezidentimizin iqtisadi siyasətinin nəticələrini öz gündəlik həyatında görür.

İstər xarici siyasətdə, istərsə də daxili idarəetmədə Prezident xalqa, sadə vətəndaşlara arxalanır: “İlk növbədə insanlara böyük diqqətlə yanaşmaq lazımdır. Onlar bizə bu etimadı göstəriblər və biz də bu etimadı doğrultmalıyıq”-deyir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim xalqın yanındadır, məmurlara xalqla bir olmağı, xalqın dərd-sərinə şərik olmağı və buna əməli işləri ilə cavab verməyi tələb edir. 44 günlük Vətən müharibəsi xalqla iqtidar arasında möhkəm birliyi, dövlətimizin, ordumuzun gücünü, müstəqil Azərbaycanın cənubi Qafqazda lider ölkə olduğunu bütün dünyaya göstərdi. Xalqımız öz lideri, sevimli rəhbəri ilə haqlı olaraq fəxr edir, ona arxalanır və ətrafında sıx birləşib,- deyə Cəlil Baxşıyev söhbətini davam etdirir.

  Cənab Prezidentin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə əlaqədar rayon icra hakimiyyəti başçısının sərəncamı imzalanmış, Tədbirlər Planı təsdiq edilmişdir. Əhalini narahat edən və həyata keçirilməsi nəzərdə tutulan bütün işlər Tədbirlər Planında öz əksini tapıb.

Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə rayonda 1231, o cümlədən 333 daimi, 868 müvəqqəti, 2020-ci ildə isə 1722, o cümlədən 1144 daimi, 578-i müvəqqəti, 2021-ci ilin birinci yarısında 702, o cümlədən 594 daimi, 108-ü isə müvəqqəti iş yerləri yaradılıb. Ümumilikdə 2003-cü ildən indiyə kimi rayonda 16965 yeni iş yeri açılıb. Bunun 40 faizdən çoxu daimi iş yerləridir.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda 40-dan çox fərdi yaşayış evinin tikintisinə başlanılıb. Əksər evlərin tikintisində son tamamlanma işləri görülür. Bu yaxınlarda 15 yaşayış evi sakinlərin istifadəsinə verilib. Bu il daha 40 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub. Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində yaşayış evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün iki il ərzində 30-dan çox fərdi yaşayış evi tikilərək istifadəyə verilib.

Rayonun təhsil müəssisələrinin 80 faizdən çoxu yenidən inşa edilib və əsaslı təmir olunub. Son iki ildə 20 yeni məktəb binası tikilib. Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusu əsaslı təmir edilib, yataqxana, yeməkxana və idman korpusu inşa olunub. Möhtərəm Prezidentimizin sərəncamına uyğun olaraq Ordahal kəndində 20, Şonayçola kəndində 56 şagird yerlik modul tipli məktəblərin tikintisinə başlanılıb. Yeni tədris ocaqlarının sentyabr ayında şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Heydər Əliyev Fondunun dəstəyi ilə Piran kəndində 75 yerlik uşaq bağçası istifadəyə verilib.

Yay aylarında rayonun 33 yaşayış məntəqəsində içməli su problemi yaşanır. Bu sahədə də işlər görülür. Mastayıl-Lerik alternativ su xəttinin və Siyov kəndinə su çəkilişi başa çatdırılıb. Zövnə, Zəriküməco və Kələxan kəndlərində artezian quyuları qazılıb. Piran kəndinə 3,5 kilometr məsafədən su xətti çəkilir. Cəngəmiran və Züvüç kəndlərinə suyun verilməsi ilə bağlı tikinti işləri aparılır.

Buruq, Barzavu, Soru, Bradi, Siyov, Nuravud, Blaband, Tikəband, Pirasora, Kələxan, Qosmalian kəndlərində artezian quyularının qazılması nəzərdə tutulub.

Ölkə başçısının yüksək qayğısı sayəsində rayonun 53 yaşayış məntəqəsi qazlaşdırılıb. Son illər Peştətük, Vizəzəmin, Cəngənəvud, Bibiyanı, Sipyəreğon və Kıncıvo kəndlərinə qaz xətləri çəkilib. Kirəvud, Boykəndil, Gürdəsər, Laman, Şingədulan, Lərmərud, Şonayçola, Qələsər, Hoveri, Divağac kəndlərinin cari ildə qazlaşdırılması nəzərdə tutulub.

Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Əflatun İbrahimov bildirir ki, Lerik şəhərinin daxili küçələrinə isti asfalt döşənib, park və xiyabanların təmiri, küçələrin işıqlandırılması, suaxarların və istinad divarlarının bərpası həyata keçirilib.

Heydər Əliyev parkında bordürlər rənglənib, dağılmış asfalt örtüyü təmir edilib, yolayrıcı xətlər və piyada zolaqları yenilənib. Şəhərin park və xiyabanlarında bəzək ağacları, gül kolları əkilib, yeni yaşıllıqlar salınıb.

Lerik şəhərində avtomobil yollarının əsaslı təmirinə başlanılıb. Hazırda M. F. Axundov, Hacı Heydər, Cəlal Fərziyev, Qədir Nəzərov və Elmar Qarayev küçələrinə asfalt örtük çəkilir. Cəlil Baxşıyev aparılan işlərlə yerindəcə tanış olub, tikinti işlərinin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Abadlıq, tikinti, quruculuq işləri müasir tələblər səviyyəsində aparılır. Lerik şəhərində üçmərtəbəli, 950 yerlik şadlıq sarayı inşa edilir. “Relax”, “Doqquz qardaş” və digər  turizm istirahət mərkəzlərində yeni hotellər, istirahət meydançaları tikilir, yenidənqurma işləri aparılır. Yanacaq təminatı ilə bağlı problem də öz həllini tapıb. Piran kəndində sahibkar tərəfindən “SOCAR”a məxsus yanacaqdoldurma məntəqəsi tikilib. Lerik şəhərində ikimərtəbəli hotel, Günəşli kəndində hotel və restoran inşa edilərək istifadəyə verilib.

Monidigah və Çayrud kəndlərində sakinlərin təşəbbüsü və maliyyə dəstəyilə abadlıq, yenidənqurma işləri görülür. Monidigah kəndinin küçələrində 96 işıq dirəyi quraşdırılıb. Çayrud kəndindəki parkda tikinti işləri başa çatmaq üzrədir. Parkda İkinci Dünya müharibəsinin iştirakçılarının xatirə abidəsi yenidən qurulur, Vətən müharibəsi şəhidləri üçün abidə kompleksi inşa olunur.

“Azərişıq” ASC tərəfindən Çayrud kəndində 10/04 kv-luq elektrik dirəkləri yeniləri ilə əvəzlənir, xətlər sip kabelləşdirilir. Zəriküməco kəndində 35/10 kv-luq yarımstansiyanın tikintisi başa çatdırılıb. Siyov yarımstansiyasının tikintisində son tamamlanma işləri görülür. Noda, Nüvədi, Vizəzəmin, Əliabad inzibati ərazi dairələrini əhatə edən kəndləri qidalandıran, 96 kilometr uzunluğunda olan 10 kv-luq elektrik hava xətləri yenidən qurulur.

Son vaxtlar Lerikin sosial-iqtisadi və mədəni inkişafında kifayət qədər uğurlar, nailiyyətlər əldə olunub. Qədirbilən leriklilər bunlarla kifayətlənmir, ölkə Prezidentinin sabitlik, dinamik inkişaf və mütərəqqi islahatlar strategiyasını uğurla həyata keçirmək üçün qətiyyət, əzmkarlıq və işgüzarlıq nümayiş etdirirlər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.