DİNAMİK İNKİŞAFI TƏMİN EDƏN LİDER, XALQIMIZA ZƏFƏR QAZANDIRAN QÜDRƏTLİ SƏRKƏRDƏ
Siyasət

DİNAMİK İNKİŞAFI TƏMİN EDƏN LİDER, XALQIMIZA ZƏFƏR QAZANDIRAN QÜDRƏTLİ SƏRKƏRDƏ

Ulu öndər Heydər Əliyev on səkkiz il bundan əvvəl, prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus uzaqgörənliklə deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Şərəfli həyat və fəaliyyəti ilə Azərbaycan tarixində əbədi iz qoyan müdrik siyasətçinin, görkəmli dövlət xadiminin, əziz və sevimli rəhbərin inamının xalqın inam və etibarı ilə üst-üstə düşməsi bu gün yaşadığımız qələbə sevincinin mənbəyi, istinadgahı oldu. Nüfuzlu təhlilçilərin fikrincə, dövlət başçısı kimi İlham Əliyevin fəaliyyəti uğurlu siyasi varisliyin ən parlaq nümunəsidir.

Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etmək - ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi.

Müstəqil dövlətimizə rəhbərlik etdiyi on il ərzində yorulmadan, əzmkarlıqla çalışsa da, xalqımızın dahi oğlunun bu arzunu gerçəkləşdirməsinə ömür vəfa etmədi. Amma onun axıra çatdıra bilmədiyi taleyüklü məsələlərin ən önəmlisini - Qarabağ məsələsini siyasi varisi İlham Əliyev öz hərbi-siyasi, diplomatik məharəti və qətiyyəti ilə həll etdi, işğalçı qüvvələri torpaqlarımızdan qovaraq, ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu. Ulu öndərin dahiyanə söylədiyi kimi, mətin və mübariz xalqımızın dəstəyi ilə Prezident İlham Əliyev nəinki onun başladığı bütün işləri uğurla başa çatdırdı, üstəlik, özü ölkəmizi yeni inkişaf mərhələsinə çıxardı, bölgənin lideri səviyyəsinə qaldırdı və müasir dünyanın qalib dövlətinə çevirdi. Tarixən qısa müddətdə Azərbaycanın bütün sahələrdə dinamik inkişafının təmin edilməsi cənab İlham Əliyevin liderlik keyfiyyətləri ilə birbaşa bağlıdır.

Ümumən, lideri səciyyələndirən keyfiyyətlər barədə müxtəlif fikirlər mövcuddur. Bu, ilk növbədə, insanları qarşıya qoyulan məqsəd və vəzifələrin uğurla yerinə yetirilməsinə səfərbər etmək bacarıq və qabiliyyətlərini özündə birləşdirən mənəvi-psixoloji keyfiyyətlərin məcmusudur. Müasir nəzəri təlimlərə görə, əsl liderlər mövcud sosial-siyasi, iqtisadi və geosiyasi vəziyyəti ciddi surətdə dəyişməyə qadir olan şəxsiyyətlərdir. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri özünü müstəqil dövlətimizin uğur və nailiyyətlərində, xüsusən də, keçmiş Qarabağ münaqişəsinin həllinə münasibətdə aydın şəkildə göstərdi. Hələ 44 günlük Vətən müharibəsinin başlanmasından iki ay əvvəl dövlətimizin başçısının söylədiyi bir fikri xatırlayaq: "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik". Sonralar, "Dəmir yumruq" əks-hücum əməliyyatının aparıldığı günlərdə də xalqa müraciətlərində bu fikri təkrarlayan Prezident İlham Əliyev onun üçün Qarabağın azadlığından, ölkəmizin ərazi bütövlüyünün bərpasından daha ümdə vəzifənin heç vaxt olmadığını bildirirdi. Dövlətimizin başçısı qüdrətli lider kimi xalqı və ölkəni bu vəzifənin yerinə yetirilməsinə səfərbər edərək, iqtisadiyyatı, ordunu və beynəlxalq mövqelərimizi gücləndirərək torpaqlarımızı işğaldan qurtardı.

Azərbaycanın dinamik iqtisadi inkişafının təmin edilməsi erməni faşizmi üzərində qələbənin çox mühüm amilidir. Məhz bu sahədə nailiyyətlər ölkəmizdə müasir ordu quruculuğunun uğurla həyata keçirilməsinə, işğalçı Ermənistan üzərində tam və əzici hərbi üstünlüyün əldə olunmasına imkan yaratdı. Təkcə bir faktı yada salaq: ötən il ölkəmiz hərbi məqsədlərə işğalçı dövlətdən 3 dəfə çox vəsait ayırmışdı. Təbii ki, hərbi xərclər heç də ölkənin sosial xərclərinə qənaətdən qaynaqlanmırdı. Yenə müqayisə üçün qeyd edək ki, ötən il Azərbaycanın dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin həcmi Ermənistanın eyni sahəyə ayırdığı vəsaitdən altı dəfə çox olub. Rəqəmləri bir kənara qoyub, bir vətəndaş kimi deyə bilərik ki, 44 günlük müharibənin ölkəmizin sosial həyatında heç bir mənfi təsirini görmədik. Koronavirus pandemiyası ilə əlaqədar müəyyən sanitar-epidemioloji tədbirləri və məhdudiyyətləri nəzərə almasaq, həmin dövrdə əhalinin güzəranında və yaşayış tərzində hər hansı mənfi təzahür qeydə alınmadı, hətta xalqın orduya güclü mənəvi dəstəyi ilə yanaşı, maddi yardım göstərdiyinin şahidi olduq.

Ümumiyyətlə, Vətən müharibəsi ölkəmizdə xalq-ordu, xalq-hakimiyyət birliyinin yetkinliyini və sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu möhtəşəm sosial nailiyyət də məhz Prezident İlham Əliyevin lider kimi birləşdiricilik missiyasını uğurla yerinə yetirməsinin nəticəsidir. Xalqın sevgisi, məhəbbəti ilə yanaşı, həm də böyük fədakarlığı dövlətimizin başçısına misilsiz mənəvi güc və qüvvət verir. Bu yaxınlarda Füzuli rayonu ictimaiyyəti ilə görüşdə Prezident İlham Əliyev erməni faşizmi üzərində Qələbəni şərtləndirən amillərdən bəhs edərkən deyib: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir". Bu sözlərdə torpaqlarımızın azadlığı uğrunda şəhidliyi hər an qəbul etməyə hazır olan qəhrəmanları yetişdirən əziz xalqımıza, həmçinin qanı-canı bahasına Qələbəni təmin edən rəşadətli hərbçilərimizə Ali Baş Komandanın sonsuz ehtiramı öz aydın ifadəsini tapıb. Erməni faşizmi üzərində möhtəşəm Zəfər Prezident İlham Əliyevə xalq məhəbbətinin miqyasını da hədsiz dərəcədə genişləndirib. Bu gün siyasi mövqeyindən, iqtidara münasibətindən asılı olmayaraq, hər kəs dövlətimizin başçısının xalqımız qarşısındakı xidmətlərini yüksək dəyərləndirir.

Ölkə rəhbərinin rəsmi internet səhifəsində yerləşdirilən çoxsaylı müraciət və məktublarda xalq məhəbbətindən, sadə insanların səmimi duyğularından qaynaqlanan minnətdarlıq əks olunur. Məsələn, Füzuli rayonunun bir qrup sakini yazır: "Yürütdüyünüz uzaqgörən siyasətinizə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya, böyük Zəfər qazanaraq Azərbaycana bütövlük, xalqımıza xoşbəxtlik bəxş etdiyinizə görə Sizə minnətdarlıq bildiririk. Sizin rəhbərliyinizlə Qarabağ azaddır". Qubadlı rayonunun bir qrup sakini isə yazır: "Siz bizi ən böyük arzumuza çatdırdınız. İşğaldan azad olunmuş rayonlarda dediyiniz sözlər, orada yenidənqurma işlərinə verdiyiniz töhfələr, biz keçmiş məcburi köçkünlərin tez bir müddətdə dədə-baba torpaqlarımıza dönüb yaşayacağımıza inamımızı daha da möhkəmləndirir". Kəlbəcərdən olan Milli Qəhrəman bacısı Tahirə Şükürovanın minnətdarlıq məktubu da təsirlidir: "Möhtərəm Prezidentimiz, Azərbaycan tarixinin ən şərəfli anlarını bizə yaşatdığınız üçün Sizə minnətdaram. İnanıram ki, minlərlə mənim kimi şəhid ana-bacıları illərlə həm şəhidlərinin qisasının alınmasını, həm də torpaqlarına dönəcəkləri günü gözləyiblər. Doğma torpağa ayaq basdığım anlar yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyil. Kəlbəcər də, Laçın da, Ağdam da bir şəhid vermədən, məhz Sizin "Dəmir yumruğunuz" və imzanız hesabına azad olundu... Mən 44 günlük müharibə dövründə öz-özümə deyirdim ki, kaş ulu öndərimiz Heydər Əliyev inamla etibar etdiyi dövlətimizi inkişaf etdirən, iqtisadiyyatı və Ordunu gücləndirən, torpaqları düşmən tapdağından azad edən, sözü ilə imzası bir olan oğlu, qüdrətli sərkərdə İlham Əliyevin şücaətini görərdi...". Prezident İlham Əliyevin ünvanına hər gün gələn və onun rəsmi internet səhifəsində yerləşdirilən minnətdarlıq məktublarına xalqın öz sevimli, müdrik liderinə inam, etibar və sevgisinin nə qədər dərin və hüdudsuz olduğunu görmək mümkündür.

Qarabağ məsələsində Prezident İlham Əliyevin mübariz liderlik keyfiyyəti onun qətiyyətli mövqeyi ilə ifadə olunaraq, Ermənistanın işğalçı qüvvələrinin təxribatlarına qarşı əks-hücum əməliyyatının başlanmasını və Vətən müharibəsi adı alaraq parlaq Qələbə ilə yekunlaşmasını şərtləndirdiyi kimi, postmüharibə dövrünün reallıqlarının hamı - dostlarımız və düşmənlərimiz tərəfindən qəbul edilməsi üçün də möhkəm təminatdır.

Bu il sentyabrın 28-də Fransanın "France-24" televiziya kanalına verdiyi müsahibədə ermənilərin və onların havadarlarının artıq keçmişdə qalan Qarabağ məsələsi ilə bağlı iddialarına növbəti dəfə cavab verən dövlətimizin başçısı özünün və ümumən xalqımızın qətiyyətli mövqeyini bir daha açıqlayıb. Ölkəmizin rəhbəri məsələnin həll edilmədiyini deyən ölkələrə öz ərazilərində erməniləri yerləşdirmək və ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünməyi tövsiyə edib. Azərbaycan Prezidenti deyib: "Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. "Dağlıq Qarabağ" dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var". Dövlətimizin başçısı bir daha bəyan edib ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Son məlumatlara görə isə onların sayı hazırda 25 min nəfərdən çox deyildir. Xalqımıza qarşı düşmənçilikdən əl çəkə biləcək hər bir erməniyə Azərbaycan torpaqlarında yaşayaraq, dövlətimizin imkanlarından yararlanmaq, dinc və təminatlı həyat yaşamaq fürsəti verilir. Ölkəmizin böyük, insanpərvər və qüdrətli liderinin mövqeyi belədir.

İşğaldan azad edilmiş ərazilərdə gedən bərpa-dirçəliş prosesi Prezident İlham Əliyevin yaradıcı şəxsiyyət, qurucu lider olduğunu bir daha bütün dünyaya göstərir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da ölkəmizə səfəri zamanı həmin ərazilərin qısa müddət ərzində necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördüyünü bildirərək, bunun hər igidin, hər siyasətçinin işi olmadığını söyləyib. Bu gün Şərqi Zəngəzurda və Qarabağda həyata keçirilən tədbirlər uzun illərdir doğma yurdundan didərgin düşmüş həmvətənlərimizin qısa müddətə geri qayıtmasına şərait yaratmaq məqsədi daşıyır. Görüləcək işlər çoxdur: erməni vandalizminin nəticələrini aradan qaldırmaq, "vəhşi tayfa"nın viran qoyduğu yaşayış yerlərimizi, təbiətimizi bərpa edib dirçəltmək həm vaxt, həm də böyük vəsait tələb edir. Prezident İlham Əliyev bu məsələdə də özünə və xalqına güvənərək əsl liderlik nümunəsi göstərir: işğaldan azad edilmiş ərazilər dost və qardaş ölkələrin burada işləməsinə, sərmayə qoymasına açıq olsa da, Azərbaycanın qarşıya qoyulan məqsədlərə daxili gücü və imkanları hesabına çatmaq əzmi bütün dünyaya bəyan edilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycan tarixinə son iki yüz ildə ölkəsinin işğal altındakı ərazilərini azad edən yeganə dövlət başçısı kimi yazıldı. Dünyanın aparıcı dövlətlərinin, güc mərkəzlərinin təsir və təhdidlərinə baxmayaraq, xalqının gücünə, özünün qüdrətinə arxalanıb otuz illik problemi 44 günə həll etməyi və bu gün kimin həmin ərazilərin həqiqi sahibi olduğunu işdə sübuta yetirməyi bacaran lider kimi cənab İlham Əliyev ölkəmizi yeni-yeni zəfərlərə, qələbələrə doğru aparır. Nə xoşbəxtik ki, bu gün Azərbaycan güclü lider, güclü xalq, güclü dövlət vəhdətini rəmzləşdirən bir ölkədir!

Möhtərəm RƏCƏBOVA,

"Respublika".