DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib
Digər xəbərlər

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

Fevralın 25-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə il ərzində keçiriləcək imtahanların qrafiki, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması, "Abituriyent" jurnalının 1 saylı buraxılışının nəşri, eləcə də DİM tərəfindən həyata keçirilən layihələrlə əlaqədar mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri 2022-ci il ərzində imtahanların tarixlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırıldığını və hər hansı gözlənilməz dəyişiklik olmazsa, imtahanların təqdim olunan qrafik əsasında keçiriləcəyini bildirib.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan mayın 21-də, II qrup üzrə mayın 22-də, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi iyunun 4-də, yerdə qalan hissəsi isə iyunun 5-də imtahan verəcək. İyunun 5-də IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə iyulun 6-da, II qrup üzrə iyulun 7-də, I qrup üzrə iyulun 20-21-də, IV qrup üzrə isə iyulun 21-də keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.

M.Abbaszadə daha öncə ictimaiyyətə elan edilən və III ixtisas qrupunda TC və DT altqruplarının yaradılmasını nəzərdə tutan dəyişikliklərin Nazirlər Kabineti tərəfindən təsdiq edildiyi barədə də məlumat verib. O bildirib ki, TC altqrupuna daxil edilən "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcək. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdirlər.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq. Bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Magistraturaya qəbul imtahanı üzrə də bakalavrlara ikinci dəfə imtahan vermək imkanı yaradılacaq. Növbəti imtahanın mayın 29-u keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzinin "YAŞAT" Fondu ilə birgə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə keçirilən silsilə tədbirləri barədə danışan M.Abbaszadə qeyd edib ki, indiyə qədər bu görüşlər Bakı, Bərdə, Naxçıvan, Gəncə, Tovuz, Şirvan, Biləsuvar, Göyçay, Şəki və Xaçmaz şəhərlərində təşkil edilib. Bu tədbirlərə ətraf rayonlarda məskunlaşanlar da cəlb olunur və ümumilikdə 500-dən çox şagird qatılıb. Tədbir iştirakçılarına DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (2 mindən çox) və otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar (27 min manat dəyərində) hədiyyə edilib. Görüşlər yenə də davam etdiriləcək. Bundan əlavə, iştirakçılara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək məqsədi ilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytının imkanları barədə də məlumat verilir. Yeri gəlmişkən, mən bütün abituriyentlərə, müəllim və valideynlərə e-psixoloq.az saytından istifadə eləməyi məsləhət görürəm. Saytda psixoloji maarifləndirmə məqsədilə psixoloji testlər, maarifləndirici materiallar, o cümlədən məqalələr və videoçarxlar, peşələrin təsviri, hər bir peşə üçün zəruri psixoloji xüsusiyyətlər, onlayn söhbət pəncərəsi xidmətlər təklif olunur.

Sayt çərçivəsində abituriyentlər, şagird və tələbələr, valideynlər və peşə həyatına başlamış şəxslər üçün fərdi inkişaf, imtahan öncəsi dəstək, məktəbdaxili münasibətlər, peşə seçimi, ailədaxili münasibətlər, peşəkar inkişaf və s. mövzularda material və məsləhətlər təqdim edilir.

Mərkəz tərəfindən, həmçinin açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə bu ildən etibarən "Açıq qapı" günlərinin keçirilməsinə başlanılıb. İlk "Açıq qapı" günü elə Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə keçirilib. Daha sonra bakalavr və magistr səviyyələri üzrə keçirilmiş sınaq imtahanlarında yüksək bal toplayan bir qrup iştirakçılarla görüşlər olub və martın 2-də və 4-də növbəti görüşlərin keçirilməsi nəzərdə tutulub. Hazırda Təhsil Nazirliyi ilə də birgə məsləhətləşmələr aparılır və müəyyən məktəblərin şagirdləri ilə də görüşlər keçiriləcək.

AZƏRTAC