Dilşod Saidjanov: Azərbaycan regionda və dünyada öz sözü və nüfuzu olan ölkədir
MÜSAHİBƏLƏR

Dilşod Saidjanov: Azərbaycan regionda və dünyada öz sözü və nüfuzu olan ölkədir

Azərbaycanda ilk dəfə oluram. İlk baxışdan Bakının inkişaf etmiş şəhər olduğu nəzərə çarpır. Hər şey gözəldir və insanın zövqünü oxşayır. Azərbaycan regionda və dünyada öz sözü və nüfuzu olan ölkədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada keçiriləcək Beynəlxalq Media Forumunun iştirakçısı, Özbəkistanın PA İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjanov deyib.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən məmnunluğunu bildirən özbəkistanlı qonaq vurğulayıb ki, ölkələr bir-biri ilə dinc və yanaşı yaşamaq, digər ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə borcludurlar.

"İnanırıq ki, tezliklə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyatı bərpa edəcək və orada da hər şey gözəl olacaq, göz oxşayacaq.

Şuşada Beynəlxalq Media Forumunun keçirilməsi rəmzi məna daşıyır. Şuşa Forumu bir-birimizi daha yaxından tanımağa, əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək".

Azərbaycan media nümayəndələrini təbrik edən D.Saidjanov forumun işinə uğurlar arzulayıb.

AZƏRTAC