Dəyişən dünya nizamı
Siyasət

Dəyişən dünya nizamı

Yeni qlobal trend və əməkdaşlıq formatlarının yaradılması zərurətə çevrilir

Respublikamız təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, günəş, torpaq, külək, su, biokütlə, təbii enerjiyaratma potensialı baxımından çox zəngindir. Bu isə ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ və bərpaolunan enerji mənbələrindən düzgün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır.

Alternativ energetikanın Azərbaycanda inkişaf perspektivlərini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1993-cü ildə deyirdi ki, respublikada günəş, külək və su energetikasının ehtiyatları böyükdür, amma bunların əsl inkişafı 30-40 ildən sonra baş verəcək və həmin vaxtdan alternativ energetika ölkənin yanacaq-enerji balansında mühüm rol oynayacaq. Respublikamızın bu istiqamətdə inkişaf edən ekoloji siyasəti, ekoloji konsepsiyanın yaranması, yeni ekoloji təfəkkürün formalaşması və onun həyata tətbiqi ulu öndərin rəhbərliyi dövründə həyata keçirilib və bu gün də dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətin mühüm tərkib hissəsi kimi uğurla inkişaf etdirilir.

Ümummilli lider hələ illər öncə demişdir: "...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...".

2010-cu ildən etibarən texnologiyanın sürətli inkişafı, neft qiymətlərinin yüksəlməsi, habelə ölkələrin yaşıl enerjiyə keçid strategiyaları bərpaolunan enerji mənbələrinə diqqəti artırdı. Bu çərçivədə, 2010-2019-cu illər ərzində bərpaolunan enerji sektoruna 3 trilyon dollar, 2019-cu ildə isə 302 milyard dollar həcmində investisiya qoyulub. Ümumilikdə isə 10 ildə alternativ enerji istehsalının tutumunda qlobal miqyasda iki dəfədən çox artım müşahidə edilib.

Bu gün dünyada bərpaolunan enerji mənbələrinə tələbat artır və Azərbaycan da bu istiqamətdə işlər görür. Xatırladaq ki, 2020-ci ilin dekabrında Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi" imzalanıb. 2021-ci ilin aprel ayında isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə də müqaviləyə imza atılıb.

Dövlət başçısının müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi nəzərdə tutulur. Dövlət başçısı bu ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara almışdı. Beləliklə, Azərbaycanın Energetika Nazirliyi və Yaponiyanın "TEPSCO" şirkəti arasında müqavilə də imzalanıb.

Hazırda "yaşıl iqtisadiyyat"a keçid bütün dünyada böyük aktuallıq daşıyan çağırışlardan biridir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpaolunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artacaq. Öz siyasətini dünya trendlərinə uyğun quran Azərbaycan da son illərdə bu istiqamətdə önəmli addımlar atıb.

XXI əsrdə qlobal dünyanın fokuslandığı əsas mövzulardan biri alternativ enerji təcrübəsinin məişət və iqtisadiyyatda daha geniş tətbiqi variantlarının tapılmasıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı irəli sürdüyü konsepsiyada 30 il ərzində xarabalığa çevrilmiş böyük bir coğrafiyada "yaşıl enerji" modelinə əsaslanan nəhəng quruculuq işləri nəzərdə tutulur. Beləliklə, bir neçə ildən sonra ölkəmiz on min kvadratkilometrlik ərazidə qurduğu "ağıllı kənd", "ağıllı şəhər" modelləri ilə də öz yeni imicinin ən başlıca ştrixlərini ifadə edəcək.

Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) "yaşıl" və elektron dəhlizə çevrilməsi ilə gələcəkdə bütün qonşu dövlətlərin birləşdirilməsi mümkün olacaq. "Yaşıl konsepsiya" əsas iqtisadi və texniki işlərdə günlük tələbatı alternativ enerji ilə qarşılamaqdadır. Konsepsiyanın növbəti on illərə çox böyük təsiri olacaq, çünki dünya dəyişir və konsepsiya on il ərzində böyük əhəmiyyət kəsb edəcək. Bakı limanının 2019-cu ildə ilk eko-port olması qonşu portların da bu istiqamətdə getməsinə zəmin yaratdı. Aktau limanı Xəzər hövzəsində ikinci liman oldu. Digər limanların da eko-port sertifikatı alması önəmlidir, çünki bu, Orta Dəhlizin gələcəkdə "yaşıl" dəhlizə çevrilməsinə imkan verəcək.

Bu gün "yaşıl şəhər"lərin yaradılması da aktualdır. Bu şəhərlər Kanada-Amerika konsaltinq şirkəti "Resonance" tərəfindən hazırlanan renkinqə əsasən müəyyənləşdirilir. 2020-ci ildə "Dünyanın ən yaşıl on şəhəri" renkinqində Avstriyanın paytaxtı Vyana şəhəri birinci yerə layiq görülüb. "Avropa İttifaqı Azərbaycanda da "yaşıl şəhər" layihəsini həyata keçirəcək". Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov açıqlamasında deyib. Onun sözlərinə görə, layihə Mingəçevir və Sumqayıtda icra edilə bilər. Qeyd edək ki, "yaşıl şəhər" Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" Proqramının növbəti işçi sənədində 2020-ci ildən sonrakı dövr üçün 5 prioritetdən biridir. 2022-ci ildə isə respublikanın ikinci şəhərinin ekoloji durumuna əhəmiyyətli dərəcədə müsbət təsir edəcək "Gəncə - yaşıl şəhər" layihəsinin təqdimatı olub. Hazırda bu istiqamətdə iş aparılır.

"Yavaş şəhər". Bu anlayış İtaliyada ortaya çıxıb. 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan bu beynəlxalq hərəkat yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək hərəkatda 236 üzv şəhər olub. Hərəkatın məqsədi həyatın ritmini yavaşıtmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Qardaş Türkiyənin 9 şəhəri yavaş şəhərlər siyahısına daxildir. Ümumiyyətlə, 2022-ci ilə qədər Türkiyədə 21 sakit şəhər formalaşıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında deyib: "...bildiyiniz kimi, bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək".

Bəli, dünyanın nizamının dəyişməsi fonunda yeni qlobal trendlər, əməkdaşlıq formatları yaradılır. Bütün bunlar ətraf mühitin, ekoloji tarazlığın qorunub saxlanmasına xidmət edir.

Zümrüd QURBANQIZI,

"Respublika".