Dəyanətli igid el oğlu
Region

Dəyanətli igid el oğlu

Xalqımızın taleyinə qızıl hərflərlə yazılan, 44 gün ərzində qazanılan tarixi zəfərimizdə  dağlar diyarı Lerik  rayonunun torpaq sədaqətli,  Vətən məhəbbətli, qaya dəyanətli, igid oğlu  miçman Elvin Səfərovun  adı da qəhrəmanlar sırasında  çəkilir.  Elvin Vətən yolunda canından keçəndə  31 yaşında idi. Həyat yolu qısa oldu. Amma nəsillərə nümunə ola biləcək əsl qəhrəman ömrü yaşadı.

Elvin  Ramiz oğlu Səfərov Lerik rayonunun Soru kəndində dünyaya göz açıb. Onun sevdalandığı ali məqsəd  yaxşı işlər görməklə  xalqına gərəkli bir  ömür yaşamaq olur. Elə bu istəklə  təmiz, ulu duyğularla yaşayır, qoyduğu əməllərlə  insanların  gözündə tez də ucalır. 2008-ci ildə  həqiqi  hərbi xidmətə yola düşəndə bütün istəyini Vətənlə, torpaqla bağlayır. Daxili Qoşunların Xüsusi Təyinatlıların dəstəsində xidmət edir. Sağlam əqidəsi, doğma Azərbaycanına sədaqəti ilə  fərqlənir.

Elvin əsgərlikdən sonra  el-obanın tərəqqisinə, insanların xeyrinə yönələn işlərin qulpundan  yapışır. Əqidəli, saf insan olduğuna görə əl qoyduğu iş  gözəl alınır, əməlləri ona  hörmət, nüfuz qazandırır. Amma vətən torpağının  xilası  həmişə onu  düşündürür. Bunun üçün həyatını   hərbiyə bağlayıb  döyüş meydanında  düşmənlə qisas gününü gözləyir. 2014-cü ildə Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin “Su Altı Hücum” Xüsusi  Təyinatlı  Dəstəsinə yazılır. Burada  miçman rütbəsində xidmətə başlayır. Daim nümunəvi xidməti ilə seçilir. Təlimlərdə əla  döyüşçü keyfiyyətləri  göstərir. Hər an Vətən yolunda canından keçməyə hazır olan Elvin hərbin sirlərinə mükəmməl yiyələnir. Doğma torpaq naminə döyüşən cəbhədə  erməni dığalarına qalib gəlmək üçün özünü  şərəfli  döyüşə hazırlayır.  O, Türkiyədə, Belarusda  Xüsusi Təyinatlıların  yarışlarında iştirak edir. MDB ölkələri üzrə keçirilən   Xüsusi Təyinatlıların yarışında snayper  üzrə birinci yerin sahibi olur.  Dəfələrlə ölkəmizi Yunanıstanda keçirilən yarışlarda təmsil etməklə həmişə yüksək nəticələr qazanır. 

Dağlar oğlu Aprel döyüşlərində  mərdliklə vuruşur, böyük igidlik göstərir. Əsl qisas gününü isə   səbirsizliklə gözləyir. Odur ki,  sentyabrın 27-də  Vətən müharibəsi başlayanda birinci əlinə  silah alıb  düşmən üzərinə yeriyən qeyrətli  oğlanların sırasına qoşulur. Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı, Hadrut   uğrunda gedən döyüşlərin iştirakçısı olur. Belə ki, ağır müharibə meydanlarında  çoxlu sayda erməni dığasını məhv edir,  onların xeyli hərbi sursatını ələ keçirdir.   Həm də çətin məqamlarda  yaralı döyüş yoldaşlarına  dayaq durur. 

31 oktyabr qorxmaz, cəsur,  igid Vətən oğlunun taleyinə də son döyüş olur. Adəti üzrə  yenə də   ölümün gözünə dik baxa-baxa döyüş meydanına atılır. Vurduğu sarsıdıcı zərbələr erməni dığalarını rüsvayçı  məğlubiyyətlə üz-üzə qoyur. Buna baxmayaraq sinəsinə dəyən  güllə Vətən eşqi ilə döyünən ürəyini əbədi dayandırır.   Onun şəhidliyi  Qarabağın azadlığı ilə nəticələnir. Məhz Elvinin həyatda birinci arzusu  bu idi... 

Elvin   Səfərov  ölümündən sonra Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə  göstərdiyi igidliyə görə, “Vətən uğrunda” medallara, “Qarabağ” ordeninə  layiq görülür. Bunlardan əvvəl  üçüncü  dərəcəli “Qüsursuz  xidmətə görə” və “Azərbaycan Ordusunun 100 illiyi”  yubiley  medallarını da almışdı.

 Zəfər ORUCOĞLU.