Xəbər verdiyimiz kimi, 60-a yaxın şəxs sərbəst şəkildə Laçın dövlət sərhəddindən keçərək ərazilərimizi tərk ediblər. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Artıq həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər. Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr, yaşasınlar.
Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “Respublika” ya verdiyi açıqlamada bildirib ki, Qarabağı 3 qrup erməni tərk edə bilər: “Birinci qrupa, Ermənistan ordusunun həbrçiləri daxildir. Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər. İkinci qrupa, Rusiya pasportu olan Qarabağ erməniləri aiddir. Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər. Üçüncü qrupa, Qarabağ ermənilərinin özləri aiddir. Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Bu ermənilər onu da anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indidən bölgəni tərk etməyə başlayıblar. Axtarışda olan caniləri çıxmaq şərtilə, bu 3 qrupa Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır. Bəli, köç başlayıb. Ancaq bu hələ ki, kütləvi şəkil almayıb. Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin.”
Nurlan ABDALOV,
“Respublika”.