Deportasiya və Vətən həsrəti
Digər xəbərlər

Deportasiya və Vətən həsrəti

Yeni reallıqda ən mühüm vəzifələrdən biri də Qərbi Azərbaycana qayıdışdır

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, Qərbi azərbaycanlılara məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 1813 və 1928-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək erməni daşnaklarının kütləvi surətdə qədim Oğuz yurduna - Qərbi Azərbaycan ərazilərinə köçürülməsi həyata keçirildi.

İrəvan, Vedibasar, Zəngəzur, Göyçə, Ağbaba və digər Qərbi Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılara qarşı amansız vəhşiliklər törətmiş, "böyük Ermənistan", "dənizdən-dənizə" xülyasını reallaşdırmağa çalışmışlar.

Erməni millətçiləri XX əsrin 50-ci illərinin əvvəllərindən etibarən Qərbi azərbaycanlılara qarşı mənəvi təcavüz kampaniyasına başlamışlar. Ermənilər sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda daşnak quldurlar tərəfindən azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq" məzlum erməni xalqının surətini yaradaraq əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, Qərbi azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdi.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilmişdir. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejiminin mövcud repressiya qaydaları geniş təbliğ edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində biganəliyi də az olmamışdır.

Qərbi azərbaycanlılara qarşı törədilmiş soyqırımı faciəsinə ancaq ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və bir qrup ziyalı ilə görüşüb.

Dövlətimizin başçısı qeyd olunan görüşdə tariximizin şanlı səhifələri ilə yanaşı, qara səhifələrinin də olduğunu nəzərə alaraq çağırış etdi ki, biz tariximizin qara səhifələrini unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilmişdir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır. İrəvan Ermənistana paytaxt kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır, mahalın Ermənistana verilməsi böyük ədalətsizlik, xalqımıza qarşı növbəti xəyanət və cinayət idi.

Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə demişdir: "Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayət idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdur. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdur".

Nəhayət, 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Heydər Əliyev 1987-ci ilin noyabrında istefa verdikdən iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar dədə-baba yurdları olan Qərbi Azərbaycandan deportasiya edildi.

XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində cəmi 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız erməni işğalından azad olundu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Ümumiyyətlə, Qərbi Azərbaycan ziyalıları ilə görüşdə dövlət başçısının söylədiyi nitqindəki hər bir fikrinin arxasında böyük bir proqram dayanır. Prezident İlham Əliyev illər boyu fəaliyyətində təkcə Qarabağ uğrunda mübarizə aparmayıb, ən mötəbər tədbirlərdə, ən mürəkkəb vəziyyətlərdə heç kimdən çəkinmədən bəyan edib ki, İrəvan, Zəngəzur, Vedi, Zəngibasar, Göyçə Azərbaycan torpaqlarıdır: "Necə ola bilər ki, biz 1991-1993-cü illərdə işğal olunmuş torpaqlarımızı erməni işğalından azad edək, ancaq ondan bir neçə il əvvəl tarix boyu Azərbaycanın dədə-baba yurdu olan Zəngəzur, Göyçə, İrəvan qaytarılmasın".

Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycana qayıdışdır. Qərbi Azərbaycana dönüş haqqımızdır.

Ceyhun MƏMMƏDOV,

"Azpetrol LTD" MMC-nin baş direktoru,

Yeni Azərbaycan Partiyasının üzvü.