Dənizkənarı Bulvarda “Xəzəri qoruyaq” adlı ekoloji aksiya keçirilir
Ekologiya

Dənizkənarı Bulvarda “Xəzəri qoruyaq” adlı ekoloji aksiya keçirilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verilib. Üç gün davam edəcək aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil olunub.

Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi Mətbuat xidməti verdiyi məlumatda bildirir ki, layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, cəmiyyətdə ekologiyaya diqqət mədəniyyətinin təbliğinə töhfə vermək, eləcə də son illər Xəzər dənizində suyun azalması probleminə diqqəti çəkməkdir.

Ekoloji aksiya zamanı Xəzər dənizində suyun səviyyəsinin azalması səbəbindən sahilboyu hissədə üzə çıxan 10 tona yaxın tullantının təmizlənərək  utilizasiya olunması nəzərdə tutulub.

“Xəzəri qoruyaq” ekoloji aksiyasına “İnnovasiya Könüllüləri Təşkilatı”nın könüllülər qrupu da qoşulub.

Əli SADIQOV,

“Respublika”.