“Demokratiyanın beşiyi
Digər xəbərlər

“Demokratiyanın beşiyi" sayılan Fransanın əsl siması

Dünyaya demokratiya dərsi keçməyə çalışan qərb ölkələrində çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi hallar hökm sürür. Xüsusilə də vətəndaşlara qarşı ayrı-seçkilik, hüquq pozuntuları "demokratiya", "insan hüquqlarının qorunması" adı altında pərdələnir.

Son olaraq Fransada baş verənlər qoca qitədəki demokratiya anlayışının əsl mahiyyətini ifşa etdi. Fransız polisi ötən ilin noyabrında ölkədə baş verən etiraz aksiyalarını xüsusi amansızlıqla yatırmağa çalışdı. Bu isə təəccüb doğurmadı. Çünki son bir neçə il ərzində keçirilən nümayişlərdə, həmçinin "sarı jiletlilər" aksiyasında da belə mənzərənin şahidi olmuşduq.

Toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışların unudulduğu Parisdə indi də insan oğurluğu aktuallaşıb. Belə ki, əlcəzairli siyasi fəal Amira Buravi fransız diplomatların dəstəyi ilə ölkədən qeyri-qanuni yollarla oğurlanaraq Parisə aparılıb. Əlcəzairin Rəyasət Heyəti yazılı açıqlamasında yaşanılanlara aydınlıq gətirib. Bəyanatda bildirilib ki, məhkəmə qərarı ilə ölkədən çıxması qadağan olunan Buravi Fransa diplomatları, konsulluq və təhlükəsizlik işçilərinin köməyi ilə gizli və qeyri-qanuni əməliyyatla ölkədən qaçırılıb. Kifayət qədər rezonans doğuran hadisədə Makron hökumətinin iştirakı birbaşa olaraq Əlcəzairin suverenliyinin pozulmasıdır. Amma söhbət Yelisey sarayından gedəndə, heç nə təəccüblü qəbul edilməməlidir. Çünki bu, o Fransadır ki, tarixə müstəmləkə ölkəsi kimi düşüb və əsrlər boyu ərazilər zəbt etməklə məşğul olub. İşğallar zamanı da ən böyük insan qırğınları elə Afrika qitəsində baş verib. Çox da uzaq olmayan tarixdə, İkinci Dünya savaşından sonra Əlcəzairdə baş verən müstəqillik hərəkatı zamanı bütün dünyanın gözü qarşısında Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirib. Parisin ilk nüvə silahı da məhz bu ölkədə sınaqdan keçirilib. İndiki məqamda Makron Administrasiyasının yenidən Əlcəzairin daxili işlərinə qarışması, müxalif şəxsləri qızışdırması Fransanın neomüstəmləkəçilik səyləri kimi başa düşülməlidir.

Görünür, Fransa bütün mənfi dəyərləri dövlətçilik ənənəsi halına gətirdiyindən indi vərdişlərini tərgidə bilmir. Amira Buravinin məsələsi fonunda bunun bir daha şahidi olduq. Hadisənin detallarını incələyəndə isə o da məlum olur ki, Yelisey sarayı təkcə müstəmləkəçiliyi deyil, din düşmənliyini də təbliğ edir. Belə ki, Buravi 2021-ci ilin mayında peyğəmbəri təhqir etmək və ələ salmaq ittihamı ilə 2 il həbs cəzasına məhkum edilib. Quranın yandırıldığı, başı bağlı şəxslərin təzyiqlərə məruz qaldığı ölkənin belə bir radikal din əleydarına qucaq açması heç də təsadüfi görünmür.

Bu məqamda belə bir sual ortaya çıxır: "bəs ədalətli siyasi sistemə malik olduğunu bildirən, dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa nəyə görə bu dərslərdən özü yararlanmır?". Cavab təbii ki, Yelisey sarayının ikiüzlü siyasətidir. O siyasəti ki, Makron Administrasiyası Cənubi Qafqazda, Afrikada və elə Avropanın özündə də tətbiq etməyə çalışır. Lakin atdığı addımlar onu deməyə əsas verir ki, bu ölkənin demokratik tövsiyələr verməyə heç bir mənəvi haqqı yoxdur.

Jalə QASIMZADƏ,

"Respublika".