“Demokratiya” dərsi
Digər xəbərlər

“Demokratiya” dərsi

Son günlər müzakirə obyektinə çevrilən mövzulardan biri də Amerika Birləşmiş Ştatlarında keçirilən növbəti “Demokratiya sammitidir". Maraqlı məqam ondan ibarətdir ki, sammitin işi deyil, təşkili qızğın müzakirələrə səbəb olub. Belə ki, dünyaya demokratiya dərsi keçməyə çalışan Amerika keçirdiyi sammitdə ətrafına xeyli antidemokrat dövlətləri toplayıb. Fransa, Hindistan, Ermənistan kimi insan hüquq və azadlıqlarını kobudcasına pozan dövlətlərin sammitdə iştirakı xarici medianın sadəcə məsxərə obyektinə çevrilib.

Amerika Birləşmiş Ştatlarının keçirdiyi “Demokratiya sammiti" həmin ölkənin ikili standartlarının məhsuludur. ABŞ-ın demokratiya çağırışları və uğrunda mübarizəsi bu formadadır. Əslində, demokratiyanın beşiyi hesab edilən Amerika da tamam başqa mənzərə sərgilənir. Əgər dünyanın bu nəhəng dövləti demokratik baxımdan mərkəz rolunu oynasaydı, qoynunda milli mənsubiyyəti, kimliyi bəlli olmayan erməni bəsləməzdi. Və yaxud da cırtdan dövlətlər silsiləsinə aid olan, vəhşi hayların haqsız haqlarını müdafiə etməzdi. Son 200 illik bir dövrü əhatə edən erməni vandalizminə,  vəhşiliyinə göz yummazdı. Son 30 illik işğal dövrünü götürsək, bir dəfə də olsun Amerika kimi “demokratik” dövlətin Azərbaycanı müdafiə etməsinə rast gəlmərik. Amerika böyük bir bölgəmizin erməni vəhşiliyinə məruz qalmasına heç bir reaksiya vermədi. Dünyada demokratiya axtarışına çıxdığı halda Azərbaycan həqiqətlərinə göz yumdu. Ermənilərin törətdiyi Xocalı faciəsinə həyəcan təbili çalmadı. Bəs belə olan halda hansı meyarlara əsaslanaraq demokratiya dərsi keçməyə çalışır? Azərbaycan, Türkiyə kimi dövlətləri sammitə dəvət etmir. Əksinə, terrorçu Ermənistan, müstəmləkəçi Fransa, xain Hindistan kimi dövlətləri ətrafına yığıb dünyaya demokratiya çağırışı edir. Amerikanın bu addımı və sammit çərçivəsindəki fəaliyyəti məhəllə futbolunu xatırladır. Özünə yaxın, dost bildiyi “oyunçuları” başına yığıb “klass” göstərməyə çalışır. Demək ki, dövlətçilik və demokratiya sahəsində Baydenin büdrəməsi təmsil etdiyi ölkəsinə də yansıyıb. 

Builki sammit də ötənlərdən heç nəyi ilə fərqlənmədi: ikili standartlar, qərəzli mövqelər və  terroru təbliğ edən dövlətlərin yığıncağı. Belə olan halda demokratiya sammiti adı altında keçirilən tədbirin dünyaya yeni, müsbət nəsə verəcəyini gözləmək absurddur. Azərbaycan, Türkiyə, Çin və Macarıstan dəvət olunmur. Bu sammitə Ermənistanın çağırılması isə sadəcə Amerikanın demokratiya səviyyəsinin göstəricisidir. Cılız, bəsit və olduqca qərəzli. Bu, aydın şəkildə sezilir. Çünki Amerika Türkiyə kimi qüdrətli dövlətə olan ambisiyasını kənara qoya bilmir və Türkiyəyə dost, qardaş və müttəfiq olan Azərbaycana qarşı da qərəzli mövqe sərgiləyir. Nəzərə almaq lazımdır ki, hələ Rusiya-Ukrayna müharibəsinin ən qızğın vaxtlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun dövləti humanitar fəlakətin məsuliyyətini öz üzərinə götürərək belə demək mümkünsə, dünyanı aclıqdan qurtardı. Sual olunur, o vaxtlar Bayden nə işlə məşğul idi? Həmin ərəfədə Bayden öz köhnə adətinə sadiq qalaraq müharibə aparan dövlətləri silah-sursatla təmin edirdi. O zaman kimin əməli və yürütdüyü siyasət daha demokratikdir? Amerika bütün bunları anladığı halda, Türkiyəni, Azərbaycanı deyil, Mozambik, Tanzaniya, Mavritaniya və Zambiya kimi dövlətləri sammitə dəvət edir. Məsələnin kökünə varsaq görərik ki, Zambiya və adıçəkilən digər ölkələr demokratiyanın nə olduğunu hələ anlamağa çalışırlar. Təəssüf ki, Amerikanın anti-demokratiya dərsi sayəsində.

Hələ ötən illərdə də bu sammitə dəvət almayan Azərbaycanın iradını dövlət başçısı İlham Əliyev belə bildirmişdir: “Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə dəyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib? Yəni bu, açıq ayrıseçkilikdir”.

Ramidə YAQUBQIZI,

“Respublika”.