Demokratik cəmiyyətdə prokurorluq orqanları mühüm dövlət təsisatıdır
Digər xəbərlər

Demokratik cəmiyyətdə prokurorluq orqanları mühüm dövlət təsisatıdır

“Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq-mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda dövlətin maraqları və qanunun aliliyi təmin edilsin”.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan prokurorluq orqanları bir əsrdən artıq olan dövr ərzində çox çətin, lakin şərəfli bir tarixi yol keçmişdir. Həmin illər ərzində prokurorluq həm böyük məhrumiyyətlər və problemlərlə üzləşmiş, eləcə də zamanın və dövrün tələbinə uyğun olaraq böyük islahatlar və yenilik dövrünə qədəm qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa, lakin tarixi əhəmiyyəti baxımından müstəsna və əlamətdar bir dövrü ərzində, Azərbaycanın digər hüquq- mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanları da yaranaraq təşəkkül tapmış və inkişaf etmişdir. Lakin əfsuslar olsun ki, həmin dövrün ziddiyyətli və mürəkkəb vəziyyəti, eləcə də xarici qüvvələrin işğalı nəticəsində müstəqillik itirildiyindən prokurorluq da öz müstəqil inkişaf mərhələsindən məhrum olmuşdur.

Sovet hakimiyyəti illərində Azərbaycan formal olaraq Respublika statusunda olsa da, heç bir müstəqillikdən söhbət gedə bilməzdi. Lakin buna baxmayaraq, hətta ən ağır 1930-1950-ci illərin repressiyası dövründə belə, Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını vicdanla yerinə yetirərək, öz xalqına xidmət etmişlər.

Azərbaycanın Sovet Hakimiyyəti illərində ən parlaq, zəngin və inkişaf mərhələsi ilə bağlı olan dövrü isə heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərimizin Azərbaycana ilk rəhbərlik etdiyi dövr respublika tarixinə siyasi, iqtisadi və mədəni yüksəliş və intibah dövrü kimi daxil olmaqla, xalqın milli mənlik şüurunun oyanışına, özünüdərk hisslərinin gücləndirilməsinə böyük stimul vermişdir. 14 iyul 1969-cu ildə respublika rəhbəri seçilən Heydər Əliyev özünün yüksək iş qabiliyyəti və dövlət idarəçilik keyfiyyətləri sayəsində o dövrdə hökm sürən sovet sosialist ideologiyasının bütün sədlərini aşmaqla, mövcud olan total qadağalara və süni maneələrə baxmayaraq, Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkmiş, vətəndaşlardakı qorxunu aradan qaldırmış və onları bütün sahələr üzrə böyük yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Heydər Əliyev kimi dahi bir şəxsiyyətin 13 il ərzində respublikaya rəhbərlik etdiyi dövrdə, Azərbaycan Sovet İttifaqının tərkibində olan digər müttəfiq respublikaların sırasında ən sürətlə inkişaf edən ölkə olmuş, həmin illərdə Azərbaycanda yüzlərlə yeni sənaye kompleksləri, məişət, mədəniyyət və təhsil obyektləri inşa edilmiş, avtomobil və dəmir yolları çəkilmiş, sosial infrastruktur yaradılmış, kənd təsərrüfatının inkişafına xüsusi önəm və diqqət yetirilmişdir. Məhz həmin dövrdə yaradılmış iqtisadi potensial gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və fəaliyyət göstərməsində mühüm rol oynamışdır. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə respublikamızın iqtisadi qüdrətinin artırılması ilə yanaşı, cəmiyyətdə mövcud olan neqativ və xoşagəlməz hallarla kəskin mübarizə, bütün növ cinayət təzahürlərinə, o cümlədən rüşvətxorluğa qarşı barışmaz mövqe ön plana çəkilməklə, hüquq-mühafizə, həmçinin prokurorluq orqanları sıralarından natəmiz, öz işinə vicdansız və laqeyd yanaşan insanlardan təmizlənmə proseslərinə də start verilmişdir. Heç şübhəsiz ki, həmin dövrlərdə Heydər Əliyev zəngin dünyagörüşü və uzaqgörənliyi ilə bu günün real mənzərəsini qiymətləndirməklə, mükəmməl şəkildə düşünülmüş və gələcəyə hesablanmış siyasət həyata keçirirdi.

Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə respublikamızın iqtisadi qüdrətinin artırılması ilə yanaşı, cəmiyyətdə mövcud olan neqativ və xoşagəlməz hallarla kəskin mübarizə, bütün növ cinayət təzahürlərinə, o cümlədən rüşvətxorluğa qarşı barışmaz mövqe ön plana çəkilməklə, hüquq-mühafizə, həmçinin prokurorluq orqanları sıralarından natəmiz, öz işinə vicdansız və laqeyd yanaşan insanlardan təmizlənmə proseslərinə də start verilmişdir.

Heydər Əliyev ikinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycanda hüquqi dövlətin formalaşması və bu əsasda onun mühüm beynəlxalq qurumlarda layiqincə təmsil olunması üçün əvəzsiz xidmətlər göstərmişdir. Ümummilli liderimizin bilavasitə rəhbərliyi altında yeni Konstitusiya layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilmişdir. Konstitusiyada əks olunan müddəalar ölkəmizin gələcək inkişafının mühüm istiqamətlərini müəyyənləşdirmiş, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət olmasını bəyan etmiş, insan hüquq və azadlıqlarının prioritetliyini ön plana çəkməklə ölkənin gələcək inkişaf modeli üçün hüquqi baza yaratmışdır.

Ümummilli liderimizin hüquqi dövlət quruculuğu sahəsində ən önəmli addımlarından biri də qanunun aliliyinin keşiyində dayanan hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar, verdiyi göstəriş və tövsiyələrdir. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında prokurorluq orqanlarında aparılan mühüm islahatların əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Məhz həmin illərdə prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə onun sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli sərəncamı ulu öndər Heydər Əliyevin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür. Ümummilli liderimizin: “Azərbaycan Respublikasının Prezidenti kimi mən prokurorluğa inanıram, güvənirəm və arxalanıram” fikrini isə bütün prokurorluq əməkdaşlarının əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirmək olar.

Prokurorluğun demokratik məzmunlu, sivil və mütərəqqi bir dövlət təsisatı kimi formalaşıb inkişaf etməsində ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi tarixi görüşünün mühüm əhəmiyyəti olmuşdur. “Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır” Bu sözləri də ümummilli lider həmin görüş zamanı söyləmişdir.

Bu tarixi görüşdən sonra prokurorluqda köklü islahatlar və struktur dəyişikliyi aparılaraq ümummilli liderin vermiş olduğu tövsiyə və tapşırıqlar əsasında Azərbaycan Prokurorluğunun fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi baza yaradılmış və bununla da prokurorluq artıq demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil, çevik və işlək dövlət təsisatına çevrilmişdir. Bununla yanaşı, prokurorluq orqanlarının sıralarının saflaşdırılaraq mövcud çatışmazlıqların aradan qaldırılması, ancaq test üsulu ilə prokurorluğa qulluğa qəbulu həyata keçirməklə gənc, perspektivli, zamanın tələbi ilə uzlaşan, yeni düşüncə tərzinə malik və müasir tələblər səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması və dövlətçilik maraqlarına daim xidmət edən təkmil nəzarət mexanizminin yaradılması istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur.

Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti vardır. Möhtərəm Prezidentimizin verdiyi müvafiq tapşırıqlara əsasən bu gün prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilməklə müasir dövrlə ayaqlaşmaq iqtidarında olan önəmli bir fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir. 2021-ci ilin 8 fevral tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Baş Prokurorluğun dünya standartları səviyyəsində inşa edilmiş yeni inzibati binasının açılış mərasimində də iştirak etmişdir. Bütün bu göstərilənlər ona imkan vermişdir ki, prokurorluq digər hüquq-mühafizə orqanları ilə birlikdə son illər ərzində respublikamızda ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı qətiyyətli mübarizə sahəsində mühüm tədbirlər həyata keçirmiş və bundan sonra da bu istiqamətdə zəruri və genişmiqyaslı fəaliyyətini davam etdirir.

Qürur hissə ilə vurğulamaq lazımdır ki, bu gün də ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın prokurorluq orqanlarına qayğısı və diqqəti davam etməkdədir. Belə ki, 1 may 2020-ci il tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevi videoformatda qəbul edərkən prokurorluq orqanları qarşısında yeni və mühüm vəzifələr qoymuş, onların həyata keçirilməsi istiqamətində proqram xarakterli tövsiyələr vermişdir. Cənab Prezident öz çıxışında qeyd etmişdir ki, “qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir”. Heç şübhəsiz ki, bu fikirlər prokurorluq orqanlarının gələcək fəaliyyətində müstəsna əhəmiyyət kəsb etməklə hər bir əməkdaşın gündəlik xidməti işində əsas meyar olmalıdır.

Azərbaycanın çoxəsrlik və zəngin tarixinə qızıl hərflərlə yazılmış, keçən ilin 27 sentyabrından başlanan və 10 noyabr Ermənistanın tam kapitulyasiyası ilə başa çatan 44 günlük Vətən müharibəsi bir daha xalqımızın “dəmir yumruq” formasında birləşərək düşmənin 30 ildən artıq işğal altında saxladığı torpaqları azad etməsi əzmini bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti sayəsində qanı və canı bahasına Azərbaycanın qədim Qarabağ torpağında tarixi ədaləti bərpa etdi. Həmin günlər ərzində prokurorluq əməkdaşları da əzmlə bu böyük Qələbinin yaxınlaşması üçün fədakar fəaliyyət göstərdilər. Prokurorluq əməkdaşları ön cəbhədə düşmənlə üz-üzə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdi, bir prokurorluq əməkdaşı şəhidlik zirvəsinə ucaldı, digər prokurorluq əməkdaşları isə mənfur düşmən tərəfindən Gəncə, Tərtər, Bərdə və digər şəhər və rayonlarımıza dinc sakinlərə qarşı xaincəsinə edilən mərmi və raket hücumları zamanı, öz həyatlarını risk altına atmaqla, müvafiq ilkin istintaq hərəkətlərinin yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etdilər. Həmin hadisələr zamanı bir prokurorluq əməkdaşı ağır yaralandı. Bu müqəddəs Vətən müharibəsi zamanı prokurorluq əməkdaşları bir daha öz dövlətinə və xalqına olan sədaqətlərini nümayiş etdirdilər. Möhtərəm Prezidentimizin 30 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında bir qrup prokurorluq əməkdaşı dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər.

Rəşadətli Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti sayəsində qanı və canı bahasına Azərbaycanın qədim Qarabağ torpağında tarixi ədaləti bərpa etdi. Həmin günlər ərzində prokurorluq əməkdaşları da əzmlə bu böyük Qələbinin yaxınlaşması üçün fədakar fəaliyyət göstərdilər.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşayiət olunan müdrik və səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaratmışdır. Bu baxımdan demokratik cəmiyyətdə xüsusi rolu olan və mühüm dövlət təsisatı funksiyasını daşıyan prokurorluq orqanlarının da üzərinə mühüm vəzifələr düşür.

Azərbaycan Prokurorluq orqanlarının əməkdaşları bu mühüm dövlət təsisatına ən ali dövlət səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk edir və işlərini həmin müasir tələblər səviyyəsində qurmaq, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı və inamı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almaqla öz fəaliyyətlərini bu istiqamətdə davam etdirirlər.

Öz peşə bayramını böyük ruh yüksəkliyi ilə qarşılayan prokurorluq orqanlarının bütün əməkdaşları bundan sonra da ölkəmizdəki mütərəqqi islahatların reallaşdırılması istiqamətində öz xidmətlərini əsirgəməyəcək, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı kəskin, barışmaz mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəklər.

Həsən HƏNİFƏYEV,

Nəsimi rayon prokuroru,

baş ədliyyə müşaviri.