Dəmir yumruq: yenilməz, peşəkar və müzəffər Ordumuz
Siyasət

Dəmir yumruq: yenilməz, peşəkar və müzəffər Ordumuz

Qalib Azərbaycan Silahlı Qüvvələri dövlət başçımızın rəhbərliyi ilə daim modernləşir, daha da güclənir

Dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atılıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizdə ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Müzəffər ordumuzun davamlı şəkildə möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamızın iqtisadi gücündən maksimum faydalanaraq ordumuz Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edilib, davamlı modernləşdirilmə prosesi həyata keçirilən Azərbaycanın Silahlı Qüvvələri peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrilib.

Müasir ordu quruculuğu prosesində Prezident İlham Əliyevin həyata keçirdiyi hər bir islahat, tətbiq etdiyi yenilik son dərəcə səmərəli olub. Bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış edib. Dövlətimizin başçısının ordu quruculuğu istiqamətində atdığı addımlar sırasında Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında mənəvi baxımdan sağlam ab-havanın yaradılması, yüksək mübarizə əzminin və əhvali-ruhiyyənin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edib. 

Ali Baş Komandan kimi Silahlı Qüvvələrdə formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi bunun bariz nümunəsidir. 2020-ci il dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Ali Baş Komandan Azərbaycan xalqına müraciət edərkən deyirdi ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır bilirik. Həyat göstərdi ki, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq kimi birləşib düşmənin başını əzdik. Ali Baş Komandan müharibə dövründə deyirdi ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, başını əzdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı öz çıxışında bildirmişdir ki, birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Kəlbəcərdə növbəti komando qüvvələrinin hərbi hissəsinin açılması belə deməyə əsas verir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri digər silahlı birləşmələrlə bərabər, ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün böyük imkanlara malikdir.

"Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib", - deyən Prezident İlham Əliyev bildirib ki, Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq. Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib. Türkiyə və Azərbaycan qardaş, dünya miqyasında bir-birinə ən yaxın olan müttəfiq ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrini də qeyd etmək lazımdır. Azərbaycan Ordusunun arsenalında ən müasir silahlar - PUA-lar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar yer alıb. Azərbaycan Ordusu 44 günlük müharibə ərzində "Harop" zərbə pilotsuz aparatlarından, İsraillə birgə Azərbaycanda istehsal olunan "Zərbə" dronlarından və digər PUA-lardan, o cümlədən Türkiyə istehsalı olan "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Azərbaycan Ordusunun arsenalında yer alan, düşmənin texnikası və canlı qüvvəsini darmadağın edən "Bayraktar TB2", "HAROP", "İtiqovan", "Zərbə", "Orbiter" PUA-ları real döyüş şəraitində özünü doğrultmuş yüksək texnologiyaya malik müasir silahlardır. Azərbaycanın hərbi təyinatlı məhsulları ən nüfuzlu silah sərgilərində nümayiş etdirilir. Burada əsas yeri respublikada istehsal olunmuş snayper tüfəngləri tutur. Azərbaycan öz ordusunu yerli istehsal olan silahlarla təchiz etmək üçün tədbirlər görür. Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu və peşəkarlığı mühüm amillərdəndir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə-gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 7-də Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş "N" saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. Şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələrilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var. Şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası istifadəyə verilib. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, yeməkxana və idman zalı, mənzillərdə yaradılmış şəraitlə də tanış olub.

"Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsaslı təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir". Bu fikirləri ötən ilin dekabrında Hadrut qəsəbəsində hərbi hissənin açılışında cənab İlham Əliyev demişdir. Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində lazımi addımlar atılır. Döyüş hazırlığı planına uyğun olaraq hərbi hissələrin qərargah zabitlərinin iştirakı ilə kompüter dəstəkli komanda-qərargah təlimləri keçirilir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, təlimlərdə bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılır, qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilir. Vətən müharibəsi, "Qisas" əməliyyatı, eləcə də Azərbaycan Ordusunun həyata keçirdiyi digər uğurlu əməliyyatlar zamanı qazanılan təcrübədən təlimlərdə geniş istifadə olunur. Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə yanaşı, onların çevik qərar qəbuletmə bacarıqlarını, eləcə də döyüşü idarəetmə qabiliyyətini artırmaqdan ibarətdir.

Dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir. Döyüş hazırlığının artırılması və düşmən üzərində daim hərbi üstünlüyün qorunub saxlanılması məqsədilə ordumuzun arsenalına inkişaf etmiş ölkələrin hərbi sənayesinin istehsalı olan yüksək dəqiqliyə malik, müasir və keyfiyyətli silah və döyüş texnikası və digər hərbi təyinatlı məhsullar daxil edilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan hərbi islahatların digər istiqaməti şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasını təmin edən hərbi infrastrukturun təkmilləşdirilməsi və yenilənməsidir. Bu sahədə Azərbaycan Ordusu dünyada ən yaxşı göstəricilərdən birinə malikdir.

Mustafa KAMAL,

"Respublika".