Dəmir iradə əlçatmaz görünən arzuları həqiqətə çevirir
Digər xəbərlər

Dəmir iradə əlçatmaz görünən arzuları həqiqətə çevirir

Bu gün qeyd-şərtsiz demək olar ki, dünyanın gözü Azərbaycandadır. 44 günlük Zəfər qələbəsindən sonra ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, doğma Qarabağda bir-birindən maraqlı, həyat əhəmiyyətli infrastruktur layihələrinin icrasına start verilmişdir. Şuşa şəhəri lap yaxın gələcəkdə dünyanın ən gözəl turizm mərkəzlərindən birinə  çevriləcək.

Payızın ilk aylarında istifadəyə verilən Zəfər yolu Şuşaya səyahət etmək istəyənlərə ən gözəl hədiyyə olacaq. Qarabağa uzanan yollar tək bununla bitmir. Əsrarəngiz təbiəti olan gözəl diyarın müxtəlif istiqamətlərinə yollar çəkilir. Zəngilan rayonunun Ağalıkənd kəndində “Ağıllı kənd” layihəsinin icrası uğurla davam etdirilir, Ağdam şəhəri yenidən qurulur. Qarabağda təyyarə limanı tikilir, suvarma layihələri icra olunur. Qarabağa səpələnmiş minaları “qorxu-vahimə mənbəyi” hesab edən erməni vandalları müdrik, ağıllı siyasi gediş sayəsində Ağdam, Füzuli, Zəngilan rayonlarında minalanmış  ərazilərin xəritəsini özümüzə vermək məcburiyyətində qalırlar. Bütün bunlarla yanaşı, ordumuz sürətlə möhkəmlənir, müdafiə sənayemiz öz istehsal imkanlarını artırır. 

Dünyanı heyrətdə qoyan Azərbaycan həqiqətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasəti, dəmir iradəsi sayəsində mümkün olmuşdur. Bu gün reallıq bundan ibarətdir; “Dəmir iradə ən əlçatmaz görünən arzuları həqiqətə çevirmək gücündədir”. Arzular isə bitib-tükənmir. Bu günlərdə Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdi. Biz bütünlüklə bu mərasimdə cənab Prezidentin çıxışını sonsuz maraqla dinlədik.

Hər şeydən əvvəl onu deyim ki, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən qayğı və diqqət tək bu ailələrdə deyil, bütün xalq tərəfindən dərin minnətdarlıq hissi ilə  qarşılanır. Təkcə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb, uşaq bağçası da fəaliyyət göstərəcəkdir. Öz qanı, canı bahasına Böyük Qələbə qazanan Vətən oğullarına göstərilən diqqət, ehtiram onlara ana südü kimi halaldır.

Biz zaman-zaman “Zəngəzur” sözünə uzaq tarixin əlçatmaz bir məkanı kimi baxmışıq. Amma bu gün “Zəngəzur” sözü  dilimizdə Füzuli, Zəngilan, Kəlbəcər, digər rayonlar kimi daha tez-tez, özü də xüsusi məhəbbətlə işlədilir. Cənab Prezidentin çıxışında bu həqiqət xüsusilə qüdrətli səslənir; “Biz Qələbə qazanmışıq. Bu gün bizim gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq. Ermənistan-Azərbaycan sərhədini nəzərə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət  gedirsə, mən demişəm Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.

Nə qədər qürurvericidir. Bəli, Qarabağa “dağlıq” sözü mənfur xislətli ermənilər tərəfindən tarixin onlara işləyən dövrlərində yamaq vurulmuş, Azərbaycanın ərazisi daxilində “ikinci erməni dövləti” yaratmaq xülyası üçün gərəkli olmuşdur. Artıq gecdir. Dövlət başçımızın iyul ayının 7-də imzaladığı fərman əsasında  Qarabağ iqtisadi zonası yaradılmışdır. Bütün Qarbağa aid olan rayonlar bu zonada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. Bu isə Ermənistanda böyük hay-küylə qaşılanıb. Cənab Prezident göstərir ki, bu hay-küyə ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır.

On il bundan əvvəl cənab Prezidentin Zəngəzur, İrəvan, Göyçə barədə dediklərini yaxşı xatırlayırıq; “Biz bu yerlərə qayıdacağıq” demişdi. Bu gün dəmir iradə sahibi təkrar edir; “İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: “Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.

Cəmisi 8-9 ay bundan əvvəl Şuşanın, Kəlbəcərin, digər rayonların alınması bizə əlçatmaz görünürdü. Amma biz tarix boyu olduğu kimi, bu gün də Qarabağın əzəli sahibləriyik. Ali Baş Komandanın müzəffər sərkərdəlik qabiliyyəti, dəmir iradəsi, Şanlı Ordumuzun möhtəşəm döyüş qabiliyyəti sayəsində... Bu günümüzün reallığı göstərir ki, dəmir iradə əlçatmaz, ünyetməz arzuları həqiqətə çevirmək gücündədir.

Şahin HƏSƏNOV,

Hacıqabul rayon sakini, sahibkar.