Dayanıqlı iqtisadiyyatda İKT-nin rolu genişləndirilir
İQTİSADİYYAT

Dayanıqlı iqtisadiyyatda İKT-nin rolu genişləndirilir

Bununla gələcək illərdə də Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində öncül mövqelərini daha da möhkəmləndirəcək

Respublikamız da əksər ölkələr kimi, modern texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bunların əsasında yeni intellektual məhsul yaratmaq, eyni zamanda kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır. Ona görə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı atılan bütün uğurlu addımlar düzgün  və  düşünülmüş dövlət  siyasətinin məntiqi nəticəsidir.

Çox böyük tarixi proseslərlə zəngin olan XX əsrin sonlarından başlayaraq qloballaşan, müasirləşən dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkədə prioritet istiqamətlərdən birinə çevrildi. XXI əsr isə bu baxımdan keyfiyyətcə yeni bir eranın başlanğıcı hesab olunurdu. Qısa zamanda bu istiqamətdə baş verən inqilabi dəyişikliklər dünyamızın tezliklə  informasiya-kommunikasiya texnologiyaları  baxımından inkişaf etməsinə gətirib çıxardı və bu gün hər hansı bir ölkəni internet, yüksək texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Müasirləşən, inkişaf edən dünyamızın bir hissəsi sayılan Azərbaycanda da bu gün informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edilir, həyatımızın bütün sahələrində onun imkanlarından yararlanılır. Hər bir sahədə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsində də əldə edilən nailiyyətlər, uğurlar da özünü müstəqillik illərindən sonra daha qabarıq göstərməyə başlamışdı. Günümüzdə Azərbaycanda İKT sektoru öz inkişaf mərhələsini yaşayır.

Azərbaycan rabitəsi uzun tarixi yol keçib, amma  rabitənin, telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı isə Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət almışdı. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu.  Xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı.

Hələ 2012-ci ildə Azərbaycan hökuməti növbəti 10 il ərzində informasiya- kommunikasiya texnologiyaları (İKT) sahəsində layihələrin həyata keçirilməsinə 3,5 milyard dollar ayırmağı qarşıya məqsəd qoymuşdu. Daha çox investisiya özəl sektordan gözlənilirdi ki, bu sahənin  İKT-də rolunu genişləndirmək məqsədilə  xüsusi təkmilləşdirilmiş maddi, maliyyə və investisiya mühiti yaradılır. Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edir. Bunun üçün bir neçə perspektiv layihələr üzrə əməli iş görülür. Onların sırasında kosmik sənayenin inkişaf etdirilməsi, növbəti telekommunikasiya peyklərinin orbitə göndərilməsi, tarixi İpək Yolunun keçdiyi Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini birləşdirən “Trans-Avrasiya Super İnformasiya Magistralı”  layihələrinin adını çəkmək olar.

Prezident İlham Əliyev məhz İKT sahəsinin ölkənin hazırkı və perspektiv inkişafındakı rolunu və qeyri-neft sektorunun  gücləndirilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” sərəncam imzalamışdır.  “İKT ili” uğurlu nəticələrlə yadda qalmış və bütövlükdə ölkənin inkişafı baxımından mühüm dövr olmuşdur. Ölkə rəhbərinin 2013-cü il 29 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində cəmiyyətin İKT-dən istifadə imkanlarının genişləndirilməsi,  təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan sənayeyə qədər bir çox sahədə İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi və inkişafı istiqamətində mühüm tədbirlər görülmüşdür. “İKT ili”ndə müstəqil Azərbaycan dövləti ilk telekommunikasiya peykini orbitə qaldırmaqla tarixi uğurlarından birinə nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti adlandırmışdır. Dövlət başçısı demişdir: “Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük”. “Azərspace - 1” peyki Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında 50-dən artıq ölkəyə yüksəkkeyfiyyətli peyk xidmətlərini uğurla göstərir. Onun vasitəsilə 60-dan çox yerli və xarici teleradio kanallarının yayımı və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. Peykin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılmışdır və azərbaycanlı mütəxəssislər tərəfindən müvəffəqiyyətlə idarə olunur. “Azərspace-1” respublikada kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan vermişdir.  2016-cı ildə Yer səthinin monitorinqi peyki, 2017-ci ildə  ikinci  telekommunikasiya peyki  orbitə çıxarılmışdır. Bütün bunlar  isə  respublikamıza İKT sahəsində daha böyük infrastruktur layihələrini  gerçəkləşdirməyə möhkəm zəmin yaradır. Həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkanları artırır. Ölkəmizin məhdud sayı olan kosmik klubun üzvü olduğunu, kadr hazırlığının önəmli rol oynadığını, bu sahədə çalışan kadrların artıq bizim ümumi intellektual potensialımızı gücləndirdiklərini xüsusi qeyd edən möhtərəm Prezidentimiz  vurğulayır: “Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi”.

İKT sahəsində ölkəmiz təkcə region üçün deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Buna misal olaraq ölkəmizdə hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmişdir və ildən-ilə onun əhatə dairəsi və iştirakçılarının tərkibi genişlənir. “BakuTel-2013” sərgi və konfransının ölkəmizdə elan edilmiş “İKT ili” çərçivəsində keçirilməsi onun əhəmiyyətini daha da artırmışdır. Bu sərgi və konfransın gedişində dövlət başçısının iştirak etdiyi Dünya Azərbaycanlılarının I Virtual Konfransının, həmçinin Kibertəhlükəsizlik üzrə konfransın, Azərbaycan-ABŞ İKT Forumunun və digər mötəbər tədbirlərin keçirilməsi İKT üzrə beynəlxalq əlaqələrin genişlənməsinə və təşəbbüskarı olduğumuz layihələrin həyata keçirilməsinə yeni stimul vermişdir. Ölkəmizin “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır.

İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi də dövlətin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir. Artıq ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti  bu sahənin inkişafına olan diqqətin əyani göstəricisidir. “Elektron hökumət”in Elektron imza infrastrukturunun inkişafını və ondan geniş istifadənin təmin edilməsini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamı ilə Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldıqdan sonra İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malik  Azərbaycan hökuməti bu imkanlardan maksimum bəhrələnərək, qlobal inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi iqtisadi potensialının yüksək olması və dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına  önəm verilməsi, xüsusilə də informasiya və yüksək texnologiyalar sektorunun inkişafının prioritet hesab edilməsi bu sahənin dinamik inkişafı üçün zəmin yaradıb. Son 10 ildə İKT-nin tətbiqi  3,3 dəfəyə yaxın artıb.

Ötən ilin may ayında CISCO şirkətinin rəhbərləri ilə videokonfrans çərçivəsində keçirdiyi  görüşdə respublikamızın da əksər ölkələr kimi, modern texnologiyaları idxal etdiyini, demək olar ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə  bizim sıx əməkdaşlıq etdiyimizi bildirən möhtərəm Prezidentimiz İlham Əliyev CISCO şirkəti ilə artıq strateji tərəfdaşlıq əlaqələrinə yaxınlaşdığımızı  xüsusi qeyd edir: “Əlbəttə ki, onların təklif etdiyi intellektual məhsul bizim gələcək inkişafımıza çox lazımdır. Misal üçün, biz hazırda ağıllı şəhər - “Smart City” layihəsi üzərində işləyirik. Bu layihənin ilkin təzahürləri artıq görünməkdədir. Biz daha uzağa gedərək artıq “Smart Nation” - yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlamışıq. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək”.

Mustafa KAMAL,

“Respublika”.