Davamlı inkişafa hədəflənən proqramlar
SİYASƏT

Davamlı inkişafa hədəflənən proqramlar

Xalqın inam və etimadına əsaslanan məqsədyönlü siyasət firavan gələcəyə təminat verir

Hazırda bütün dünyada tüğyan edən pandemiya şəraitində yaşadığımız ölkədə heç bir sosial layihə, o cümlədən infrastruktur layihələri təxirə salınmayıb. Hamısı nəzərdə tutulan vaxtda uğurla reallaşdırılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışı olur və bu, davamlı xarakter daşıyır. Belə ki, modul tipli xəstəxanalar, yeni yollar, xidmət mərkəzləri və s. istifadəyə verilib.

Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə uğurlu siyasət həyata keçirilir. Paytaxtda və  bölgələrdə yeni müəssisələrin fəaliyyətə başlaması işsizlik səviyyəsini daha da azaltmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərinin səmərəli tətbiqini də şərtləndirir. Bu gün, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların istifadəsinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir.

Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində də əhəmiyyətli rol oynayır. Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə ölkəmizdə yolların yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunur. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İnkişaf və tərəqqi dövründə inamla addımlayan respublikamızda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəricilərinin əməli ifadəsidir. İstər yeni sosial obyektlərin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi, istifadəyə verilməsi insanların sosial rifahının yüksəlişini təmin edir. Məktəblərin tikintisi və əsaslı təmiri Azərbaycanda həyata keçirilən sosial infrastruktur layihələri içərisində xüsusi yer tutur. Çünki, təhsil sahəsində keyfiyyət dəyişiklikləri üçün sistemli yanaşma var və maddi-texniki bazanın təkmilləşdirilməsi yenidənqurma işləri ilə paralel aparılır.

Baxmayaraq ki, ötən il bütün dünya dövlətləri üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımızın təqribən dörd faizdən bir qədər çox azaldığını bildirən möhtərəm Prezidentimiz qeyd edir ki, bu, yaxşı göstəricidir. “Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb”.  Görülən işlər bir daha sübut edir ki, hətta pandemiyanın dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərinə baxmayaraq, ölkəmizdə dayanıqlı inkişaf tempi davam edir. Regionlar, ölkənin ən ucqar bölgələri unudulmur. Abadlıq-quruculuq işləri, müasirləşmə, inkişaf prosesi bütün ölkəni əhatə edir. Prezident demək olar ki, hər həftə yeni obyektləri, ölkə əhəmiyyətli layihələri istifadəyə verir. Sürətli inkişaf həm paytaxtda, həm də bölgələrdə paralel hiss olunur. Maliyyə çətinlikləri, maddi problemlər dövlətin prioritetlərini arxa plana keçirə bilmir. Budur, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin sarsılmaz gücü və qüdrəti. Dövlət başçısının Şimal rayonlarına səfəri bu baxımdan olduqca mühüm əhəmiyyəti ilə diqqət çəkməklə yadda qalmışdır. Çünki, indiki çətin dönəmdə dövlət başçısının bölgələrin inkişafına xüsusi diqqət ayırması vətəndaşlarda öz liderinə inamı və güvəni daha da artıran əsas amillərdəndir. Bu səfərlər region əhalisinin rifahına yönələn mütərəqqi və planlı siyasətin növbəti göstəricisidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiya ilə mübarizənin davam etdiyi zamanda bölgələrdə yeni modul tipli xəstəxanaların yaradılması xüsusilə aktualdır. Prezident İlham Əliyevin Qobustanda, İsmayıllıda, Şəkidə və Qəbələdə ən müasir avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanaları istifadəyə verməsi dövlət başçısının bölgəyə səfərinin əhəmiyyətini daha da artırır. Göründüyü kimi, Prezident pandemiya ilə mübarizə sahəsinə lazım olan qədər vəsait ayırır. Dövlətin maliyyə imkanları vətəndaşlardan əsirgənmir. Çünki, İlham Əliyev ilk gündən insan həyatının hər şeydən üstün, qiymətli olduğunu bəyan edir. Koronavirus pandemiyası dünyada böyük iqtisadi tənəzzülə səbəb olub. Xarici iqtisadi şoklar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Amma Prezident İlham Əliyev iqtisadi geriləməni, maliyyə itkilərini gözə alaraq əsas diqqəti insanların sosial durumuna və sağlamlığına yönəldir. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən Prezident cənab İlham Əliyevin öz vətəndaşına verdiyi dəyərin, insan həyatına, sağlamlığına verilən qiymətin bariz nümunələridir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün fəaliyyəti boyu yalnız və yalnız Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi üçün çalışıb. Son illər aparılan bu siyasətin parlaq nəticələrini aydın şəkildə görürük. Dövlətin bütün maliyyə imkanları əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, nəhəng sosial paketlərin reallaşdırılmasına yönəldilib. İnsanların məşğulluğunun təmin edilməsi, onların öz şəxsi bizneslərini yaratması üçün də dövlət öz dəstəyini əsirgəmir. Bu yorulmaz fəaliyyətin, humanist siyasətin nəticəsidir ki, Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə sidq ürəklə inanır, güvənir, etibar edir. Odur ki, sarsılmaz xalq-iqtidar birliyi, vətəndaş həmrəyliyi ən yüksək zirvədədir. Azərbaycan dövlətinin gücünü və qüdrətini artıran əsas amil də elə budur.

Beynəlxalq qurumların da Azərbaycanda gedən işlərə verdikləri qiyməti də xüsusi qeyd etmək lazımdır. Bu barədə ölkə başçısı bildirib ki, Dünya Bankının “Doing Business” hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. “Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatının əsas parametrlərinə görə, Azərbaycanda əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. İslahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi - 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bax, bu, dünyanın aparıcı və deyə bilərəm ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir. Ölkə başçısı bildirir ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.

Bakı şəhərinin sürətlə inkişaf etməsi və meqapolisə çevrilməsi reallığında yeni metro xətlərinin yeddi vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulması isə yeniliklərin davamıdır. Bu özünəməxsusluqlarla metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocasən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi”-”8 Noyabr” istiqaməti şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulur. Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, dövlətimizin başçısının göstərişinə əsasən, Bakı Metropoliteninin yeni stansiyasına Zəfər Günü münasibətilə “8 Noyabr” adının verilməsi respublika ərazisində həyata keçirilən bütün layihələrə Qələbə və Həmrəylik ruhundan yanaşıldığını göstərir. İkinci Qarabağ müharibəsindəki Zəfərimizin tərənnümü olan bu stansiya sosial-iqtisadi, infrastruktur əhəmiyyəti ilə yanaşı, həm də mənəvi komponentləri özündə ehtiva edir. Çünki bir zamanlar metronun “20 Yanvar” stansiyasından “Azadlıq” stansiyasına gedən yolda tarixən yaşadığımız iztirabları, məşəqqətli günləri xatırlayırdıqsa, indi “8 Noyabr” stansiyasında bu keşməkeşli yolun xoşbəxt sonluğuna, “Dəmir yumruğun” gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəyik.

Mustafa KAMAL,

“Respublika”.