Davamlı dövlət qayğısı
Sosial həyat

Davamlı dövlət qayğısı

Sosial müdafiənin gücləndirilməsinə, şəhid və qazi ailələrinə, bir sözlə, həyatın bütün sahələrinə hərtərəfli diqqət və qayğı on səkkiz il bundan əvvəl başlayıb.

Uzun illər ərzində Azərbaycanın köksündə yara kimi onu incidən keçmiş Dağlıq Qarabağ problemi həll olunub, Vətən müharibəsi şanlı qələbə ilə başa çatıb, süni yaradılmış münaqişə yoxdur, “arsax” da sabun köpüyü kimi havaya buxarlanıb, İkinci Qarabağ müharibəsində igidlərimiz 44 günə Ermənistanı ağır məğlubiyyətə uğradıb, əhalisi isə dilənçi kökünə düşüb.

 Məhz Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələri hər gün atəşə tutub. Dinc insanların evi dağılıb, həyatının ahəngi pozulub, uşaqlar və qocalar erməni hərbi cinayətinin qurbanına çevrilib. Həmin günlərdə düşmən tərəfindən atılan 20 minə yaxın raket Tərtər şəhərinə  düşüb. Təsəvvür etmək çətin deyil ki, həmin şəhərin sakinləri hansı terrorla üzləşiblər, necə faciə yaşayıblar, ölçüyəgəlməz ziyan çəkiblər. Dinc yaşayış məntəqələrini aramsız atəşə tutan Ermənistan havadarlarına arxalansa da, Azərbaycan xalqının iradəsini qıra bilmədi.

Dünya tarixinə nəzər salanda bir daha aydın olur ki, baş vermiş bütün müharibələrdən sonra heç bir qalib ölkə Azərbaycan kimi genişmiqyaslı tikinti-quruculuq işlərinə başlaya bilməyib. Qalib Azərbaycan haqqında əminliklə və iftixar hissi ilə demək olar ki, odlar yurdu dünya miqyasında bir ilkə imza atan nümunəvi ölkə sayıla bilər. Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövləti müharibədən zərərçəkənlərə, dağılmış evlərin bərpasına, sıradan çıxarılmış infrastrukturun yenidən qurulmasına, eyni zamanda, qazilərə, şəhid ailələrinə qayğı ilə yanaşı, Ermənistanın 30 ilə yaxın viran qoyduğu rayonların bərpası istiqamətində  miqyasına və həcminə görə çox nəhəng işlərə başlayıb.

Bu işlər ərazilərin minalardan təmizlənməsindən tutmuş, avtomobil yollarının çəkilməsi, elektrik, su təchizatının bərpa edilməsi, hava limanlarının tikilməsi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrini əhatə edən  çoxsahəli istiqamətlər üzrə aparılır. Müharibədən dərhal sonra başladılan böyük yol layihələrin sayı 10-a yaxındır. Bunlardan  Əhmədbəyli-Füzuli-Şuşa yolunun təməli bu ilin yanvarında qoyulub. Layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Tərtər şəhərindən Suqovuşana, Suqovuşandan Talış kəndinədək yol yenidən qurulub. Bundan başqa, Füzulidən Şuşaya və Göygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avtomobil yollarının tikintisi həyata keçirilir. Bərdə-Ağdam dəmir yolu xətti yenidən qurulur. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti xüsusilə böyükdür. Belə ki, bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynamaqla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bərdə-Ağdam, Füzuli-Hadrut və digər istiqamətlərdə yeni və müasir yollar çəkilir, körpülər tikilir, tunellər qazılır. Azad olunmuş ərazilərdəki ən mühüm yol layihəsi, sözsüz ki, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər” yoludur. Uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu”  Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Artıq Ağdam şəhərinin baş planı təsdiq olunub. May ayının 28-də Prezident İlham Əliyev yeni “ağıllı şəhər”in təməl daşını qoyub, burada ağac əkib. Ötən müddət ərzində Ağdamda infrastrukturun yaradılması üçün xeyli iş görülüb, yaşayış və ictimai binaların tikintisinə başlanılıb. Zəngilan rayonunun Ağalı kəndi ərazisində Azərbaycanda ilk dəfə “ağıllı kənd”in tikintisi sürətlə aparılır. Bir sözlə, işğaldan azad edilmiş bütün ərazilərdə tikinti- quruculuq işləri uğurla davam etdirilir. Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına Böyük və Ləyaqətli Qayıdışına hazırlıq görülür. Artıq bu yerlərə güllə və mərmi səsləri deyil, gülüş və sevinc səsləri hakim kəsilib və sözün əsl mənasında, Qarabağa firavan həyat qayıdır.

Uzun illər məcburi köçkün həyatı yaşayan Ağdam şəhər sakini Nubar Quliyeva həyəcanla, səbirsizliklə doğma şəhərinə qayıdacaq minlərlə insandan biridir.

-Uşaqlığım və gəncliyim ermənilər tərəfindən viran edilmiş Ağdamda keçib. Yurd həsrəti ilə yaşamışıq. Qalib Ali Baş Komandan İlham Əliyev bizə ikinci bir həyat bəxş edib, qürurumuzu və inamımızı bərpa edib. Övladlarımla, nəvələrimlə birlikdə Ağdama qayıdacağıq. Çünki kökümüz oradadır, əcdadlarımızın qəbirləri, ruhu o torpaqlardadır. İnanın ki, uzun illər məcburi köçkün həyatı yaşasaq da, dövlət həmişə yanımızda olub, qayğı ilə əhatə olunmuşuq. Otuz ilə yaxındır ki, 8 nəfər ailə üzvümlə yataqxanada yaşayırıq. Hər çətinliyə dözdük. Ona görə ki, inanırdıq ki, Prezidentimiz torpaqlarımızı işğalçılardan azad edəcək. Zənnimizdə yanılmadıq. Həmyerlilərimin çoxu təzə və müasir mənzillərə köçsələr də, Ağdamdan söz düşən kimi hamısı bildirir ki, doğma şəhərimizə qayıdacağıq, yenidən o yurd yerlərində həyat qaynayacaq.

Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam dövlət qayğısının ardıcıl və davamlı xarakter aldığını göstərir. Qeyd edək ki, bu günə qədər dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb, iri layihələr həyata keçirilib. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilib. Təkcə keçən il şəhid və əlil ailələrinə 1572 mənzil verilib. Dövlət başçısının tapşırığına əsasən bu il 3 minə yaxın mənzil veriləcək və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq.

Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. Bu günə qədər şəhid və əlil ailələrinə 7200 minik maşını verilib. Vətən müharibəsindən sonra 9 mindən çox insana sosial ödənişlər ödənilib. Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə insan öz əmlakını itirib. İndi minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib və öz sahiblərinə təhvil verilib. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. 

Birinci Qarabağ müharibəsi əlili Musa Hüseynov onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq edir. Deyir ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə müharibə iştirakçılarına tükənməz ruh verib. Vətən müharibəsində döyüş dostlarımla birlikdə hazır dayanaraq Ali Baş Komandanın əmrini gözləyirdik. Vətən müharibəsi bir daha göstərdi ki, İlham Əliyevlə  doğma xalqın birliyini heç kəs poza bilməz. Bu birlik qranit kimi möhkəmdir, onu sındırmağa heç kimin gücü çata bilməz. Birinci Qarabağ müharibəsinin veteranları, şəhid ailələri, əlillər uzun illərdir ki, dövlət qayğısını hər birimiz öz həyatımızda yaxından hiss edirik.

Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev deyib ki, biz bütün gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur.

  Salman ALIOĞLU,

   “Respublika”.