Moldovanın paytaxtı Kişineuda beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşdə heç bir nəticə əldə olunmasa da, bu görüş dialoq mühitinin davamlılığı və Azərbaycanın yeni reallıqları baxımından müsbət qiymətləndirilməlidir. Görüş zamanı prosesin ənənəvi üçtərəfli formatda davam etdirilməsi, danışıqların növbəti raundunun iyulun 21-də Brüsseldə təşkil olunması barədə razılıq əldə olunub.
"Beştərəfli görüşdən də aydın olur ki, danışıqlar nəticəsində sülh müqaviləsinin imzalanması çətindir. Çünki burada təəssüf ki, danışıqlar aparan tərəf Azərbaycan və Ermənistan deyil. İstər ikili, istərsə də beşli olmasından asılı olmayaraq, masada danışıqları Azərbaycan və Ermənistanın havadarları, himayədarları aparır.
Vasitəçilərin öz aralarındakı soyuq münasibətləri və bir-birinə güzəştə getməmək prinsipi çox zaman sülh danışıqlarına əngəl törədir. Sirr deyil ki, Qərb Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində əsas söz sahibi olmaq və Rusiyanı bu proseslərdən kənarda saxlamaq istəyir". Bu fikri politoloq Volkan Aydemir Kişineuda beştərəfli formatda keçirilən görüşü şərh edərkən deyib: "Mənə görə, müzakirələr Ermənistanla Azərbaycan arasında aparılmır. Danışıqlar ərazi bütünlüyünü müdafiə edən, beynəlxalq hüquq çərçivəsində sözünü deyən, fikirlərindən geri çəkilməyən, qətiyyət nümayiş etdirən Azərbaycanla davamlı olaraq bir-birindən mənfəət güdən, çıxarlarını düşünən ölkələr arasında gedir. Onların mənfəətlərinin üst-üstə düşməməsinə, heç bir tərəfin zərər görməməsinə, prosesi 28 illik işğal dövründə olduğu kimi daimi gərginlikdən faydalanan bir sistemə gətirməyə çalışmaları sülh danışıqlarına əngəl törədir. Müzakirələr digər dövlətlərin maraqlarının toqquşmadığı zaman uğurlu olacaq".
V.Aydemir qeyd edib ki, Fransanın masada olması razılaşmaya əngəl olan əsas səbəblərdən biridir: "Fransa bu məsələ ilə bağlı maraqlı tərəfdir. Paris 1988-ci ildən bəri Ermənistanın tərəfindədir. Bu görüşlərin sayı çox olacaq, Azərbaycanın da səbrinin sonu var". Politoloq bildirib ki, Bakı suverenliyinə təhdid olan separatizmə qarşı praktiki addımlar ata bilər: "Sərhəddəki toqquşmalar, davamlı təxribatlar, Qarabağda ermənilərin hərbi varlığının sona çatmaması Azərbaycanı beynəlxalq hüquq və normalar çərçivəsində antiterror əməliyyatlarına başlamağa vadar edə bilər. Bu baxımdan, Azərbaycan separatçılara qarşı hərbi əməliyyatlar apara bilər ki, bu da onun beynəlxalq hüquq çərçivəsində haqqıdır. Ermənistanın və havadarlarının müzakirə və danışıqlarla söz anlayacaqlarını, üçtərəfli Bəyanatı yerinə yetirəcəklərini düşünmürəm. Onların başına "Dəmir yumruq" dəymədikcə, sülh müqaviləsinin imzalanması da mümkün deyil. Əgər Ermənistanla Azərbaycan arasında sülh, daha sonra Ermənistanla Türkiyə arasında normallaşma ilə bağlı saziş imzalansa, o zaman bölgədə Türkiyənin nüfuzu kəskin şəkildə güclənəcək. Türkiyənin Cənubi Qafqazda əsas söz sahibi olmasını isə Avropa və xristian aləmi istəmir. Mənə görə, bu görüşlərdə Azərbaycanla hərbi-siyasi müttəfiqlik qurmuş Türkiyə balanslaşdırıcı güc olaraq iştirak etməlidir.
Moskva görüşünün fiaskoya uğraması üçün hər şey edən Paşinyan bu səbəbdən Kişineu görüşünə böyük ümid edirdi. Erməni baş nazir bir müddət əvvəl "1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm" demişdi. Sonra isə yenə fikrini dəyişərək deyib ki, "İrəvan və Bakı arasında razılaşdırılmış və imzalanmağa hazır sülh müqaviləsi yoxdur. Paşinyan Makronun dəstəyinə arxayın olaraq, Kişineuda sülhdən uzaq tələblər səsləndirib. Bu tələblər sırasında Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin toxunulmazlığına təminat və Azərbaycan Ordusunun sərhəd xəttindən geri çəkilməsi də vardı. O cümlədən Paşinyanın Qarabağdakı erməni əhalisinin "hüquq və təhlükəsizliyi" və Bakı-Xankəndi danışıqlarının "beynəlxalq çərçivədə aparılmasını" razılaşdırmaq istəyi də olub. Bu kimi absurd təkliflər Vaşinqtondakı bir neçə raundda baş tutan görüşlərdə də səsləndirilmişdi. Amma Azərbaycan tərəfi bunları rədd edir və edəcək də'', - deyə Volkan Aydemir vurğulayıb.
Qeyd edək ki Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Aİ liderlərinin daha bir beştərəfli görüşünün bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü "Avropa Siyasi Birliyi" sammiti çərçivəsində baş tutacağı planlaşdırılır. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat verib.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.