Daşları xınalı, buz bulaqlı Zabux
Region

Daşları xınalı, buz bulaqlı Zabux

İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin əks-hücum həmlələri, yüksək döyüş taktikası, peşəkarlığı düşmən ölkənin hərbi qüvvələri arasında təşvişə səbəb oldu. Mənəvi-psixoloji və hərbi üstünlüyümüz otuz il ərzində lovğalanan, erməni ordusunun "gücü"nü göylərə qaldıran dünya erməni lobbisinin, diasporunun, baş nazirinin, bir sözlə, xəstə erməni cəmiyyətinin sərsəm xəyallarını darmadağın etdi.

Şanlı qələbədən iki il vaxt keçsə də, Azərbaycanın möhtəşəm Zəfərini bəzi dövlətlər hələ də həzm edə bilmirlər. Belə bir məsəl var, sirkə nə nədər tünd olsa, öz qabını çatladar. Sağdan, soldan həyasız bəyanatlar verən, haqsız qətnamələr qəbul edən Fransanın ikiüzlü mövqeyi sadə insanların, otuz ilə yaxın erməni işğalından əziyyət çəkən, hazırda doğma yurd yerlərinin azad olunmasının sevincini yaşayan laçınlıların haqlı narazılığına səbəb olur.

İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Prezident İlham Əliyev sentyabrın 20-də "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb. Məlum olduğu kimi, ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edərkən evləri yandırıb, infrastrukturu dağıdıb, əraziləri minalamaqla öz çirkin sifətlərini bir daha nümayiş etdirdilər.

Gözəl təbiəti, əlverişli mövqeyi, tarixi kökləri ilə tanınan Zabux kəndi iki çayın - Həkəri və Zabux çaylarının qovuşuğunda yerləşir, bəzən onu iki çayın arası da adlandırırlar. Zabux XIX əsrin əvvəllərində Şuşa-Gorus yolunun döngəsində poçt məntəqəsi olub, Naxçıvan-Gorus avtomobil yolu bu kəndin içindən keçib. Doğma sakinlərinin də söylədikləri kimi, Zabux kəndinin özünəməxsus gözəlliyi olub. Kəndi sivri qılınc kimi iki yerə ayıran və sürətlə axan Zabux çayı, böyük çinar ağacı, su dəyirmanı zabuxluların yaddaşında dərin iz buraxıb. Kəndin ərazisi çox böyük olmasa da, burada yüzdən çox ev olub. İşğal illərində ermənilər bu kənddə də qeyri-qanuni məskunlaşma həyata keçiriblər. Üçtərəfli Bəyanata görə Zabuxu tərk edən ermənilər kəndi xarabalığa çeviriblər. Hər tərəfdə dağıdılmış evlər, kəsilmiş ağac kötükləri, kol-kos basmış yollar, cığırlar erməni vəhşiliyindən xəbər verir.

Həmsöhbətim, kənd sakini Kamil İsmayılov erməni işğalı nəticəsində Zabuxdakı evindən 43 yaşında didərgin düşüb. İndi ömrünün ahıl çağında, 74 yaşında doğma yurd yerinə geri qayıdıb. Hər sözü, hər kəlməsi bu yerlərlə bağlıdır. Deyir ki, bircə gün də olsun, Zabux yadımdan çıxmayıb, axı necə çıxa bilər ki, köküm, şəcərəm, tarixim bu kənddədir. Kamil kişi danışır ki, Zabuxa çatanda elə bil yenidən doğuldum, dinə-imana gəldim, torpağa diz çöküb, azı yüz dəfə şükür etdim. Əllərimin zəhməti, ürəyimin təpəri ilə tikdiyim evi ermənilər dağıdıblar, uçuq divarlara əlimi, üzümü sürtdüm, otuz il bundan əvvəl öz əllərimlə divara hördüyüm daşları oxşadım. Baxdım ki, evimin sınıq-sökük pəncərəsində quşlar yuva qurub. Ali Baş Komandanımız İlham Əliyevə, ordumuza cansağlığı arzulayıram, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Birliyimiz daha da möhkəm olsun. Dövlətimiz yenə tikib-quracaq, Zabuxun qonaqlı-qaralı gözəl günləri yenidən başlayacaq. Köçkünlük həyatı bizə dözümlü olmağı öyrətdi. Amma əziyyətlə tikdiyin evin, doğmalarının məzarının düşmən əlində qalmasına dözmək çox çətindir.

Digər həmsöhbətim, Zabux sakini Əlif Aslanov gah kövrəlir, gah da inamla danışaraq deyir ki, kəndimizdən keçən yolun sağı da, solu da yaşayış evləri idi, 25 yaşında tikdiyim evdə 7 il yaşadım. 1992-ci ilin may ayında Ermənistanın hərbi təcavüzü nəticəsində 32 yaşımda kəndimizdən, evimdən didərgin düşdüm. Allaha çox şükür, 63 yaşında kəndə qayıtmağa möhlət verdi. Elə bil, hələ də yuxu görürəm, əllərimi evimin uçuq divarlarına sürtdüm, daşlar elə bil məni tanıdı, bilmirən neçə saat elə divara söykənib qalmışam. Evimi ikimərtəbəli tikdirdim, üst mərtəbə hələ hazır deyildi, qaçaqaç düşdü. Təndirxana, tövlə tamamilə dağıdılıb. Əlif kişi evindən ayrılanda böyük qızı 5 yaşında, kiçiyi isə 10 aylıq imiş. Danışır ki, beş yaşlı qızım həyətimizdə daşları isladıb əllərinə xına qoyur, sonra da sevinclə qışqırırdı ki, baxın, xınalı daşımız var. Həmin xınalı Zabux daşından qızıma apardım ki, əllərinə yenidən xına qoysun. Ermənilər təbiətimizə də çox ziyan vurublar. İndi biz onların basdırdığı minaların yerində uzunömürlü ağaclar əkəcəyik, dağıtdıqları evlərin əvəzinə əvvəlkindən də yaraşıqlı evlər tikəcəyik.

İşğaldan azad edilmiş Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Rayonda su elektrik stansiyasının işə salınması, müasir yol-nəqliyyat infrastrukturunun qurulması, tunellərin çəkilməsi ilə yanaşı, 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulub. Bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Laçın 2 nömrəli, Zabux kənd tam orta məktəblərinin bərpası və yenidən qurulması işləri sürətlə aparılır. Bütün bunlar onu göstərir ki, doğma sakinləri qısa zamanda Laçına, Zabuxa, Susa qayıdacaqlar, işıqlı və müasir evlərdə həyat yenidən davam edəcək.

Salman ALIOĞLU,

"Respublika".