DAŞKƏSƏNDƏ KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFI AGENTLİYİNİN TƏDBİRİ
Region

DAŞKƏSƏNDƏ KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFI AGENTLİYİNİN TƏDBİRİ

Daşkəsən Rayon İcra Hakimiyyətində dövlət-biznes tərəfdaşlığı formatında investisiya layihələrinin "Tik-idarə et-təhvil ver" modelinə uyğun nəzərdə tutulan işlərin xüsusiyyətlərinə dair keçirilən müzakirələrdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, RİH-in məsul işçiləri, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktoru Anar Salmanov, Mərkəzin layihələrin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri Hamlet İsmayılov, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev və Daşkəsən KOB dostu Muraz Məmmədov iştirak ediblər.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına uyğun təşkil olunmuş görüşün məqsədi, eyni zamanda Daşkəsən rayonunun biznes imkanları barədə məlumat vermək, icra olunan layihələrdə sahibkarların fəal iştirakını, DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etməkdir.

Daşkəsən RİH-in başçısı Əhəd Abıyev rayon iqtisadiyyatı barədə məlumat verərək bildirib ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun Azərbaycanda iqtisadi rayonların yenidən təşkili nəticəsində milli rəqabətqabiliyyətli məhsul ixracı artacaq, ölkəmizə investorların sərmayə qoyması çoxalacaq, məşğulluq imkanları güclənəcək, yeni iş yerləri açılacaq, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcəkdir. Yeni yaradılan Gəncə-Daşkəsən iqtisadi rayonu ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdəndir. Bu iqtisadi rayonun tərkibində olan Daşkəsən rayonu isə əsasən qara və əlvan metallurgiya sənayesi və kənd təsərrüfatı üzrə ixtisaslaşmışdır.

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyəti və DÖST modeli barədə məlumat verən Mərkəzin direktoru Anar Salmanov Daşkəsəndə həyata keçiriləcək irimiqyaslı layihələrdə onun mexanizminin tətbiqi imkanlarından geniş söz açıb, Mərkəzin Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv qəbul edilməsini diqqətə çatdırıb.

Görüşdə Daşkəsənin bir sıra sosial-iqtisadi məsələləri ətraflı müzakirə edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Zabit XƏLİLOV,

"Respublika".