DAŞKƏSƏN:  DƏMİR FİLİZİ YATAQLARININ İŞLƏNMƏSİNƏ DAİR İCTİMAİ MÜZAKİRƏ
Region

DAŞKƏSƏN:  DƏMİR FİLİZİ YATAQLARININ İŞLƏNMƏSİNƏ DAİR İCTİMAİ MÜZAKİRƏ

“Daşkəsən Dəmir Filiz” MMC, Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Daşkəsənin dəmir filizi yataqlarında üstaçma, dəmir filizinin hasilatı, nəqli və anbarlaşdırılması işlərində ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihəsinə əsasən, iş həcminin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə məsləhətləşmə görüşü təşkil edib.

Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “Daşkəsən Dəmir Filiz” MMC-nin məsul işçiləri, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Azərbaycan Texnologiya Universitetinin və Gəncə Dövlət Universitetinin elmi işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri  iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev  qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanmış 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, müzəffər ordumuz erməni təcavüzünə məruz qalmış ərazilərimizi işğaldan azad etmişdir. İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri aparılmaqdadır. Respublikamızın iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, yerli istehsalatın inkişafı, bunun üçün bütün mövcud resurslardan, o cümlədən Daşkəsəndəki filiz yataqlarından səmərəli istifadə edilməsi cənab Prezidentin diqqət mərkəzindədir. İyulun 22-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Daşkəsən rayonuna səfəri zamanı demişdir: “Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənməsi ilə bağlı konkret planlar var”. Bu baxımdan “AzerGold” QSC-nin Daşkəsən rayonunda da ölkə iqtisadiyyatına gəlir gətirməsi, o cümlədən Daşkəsən rayonu ərazisində mövcud olan dəmir filizi yataqlarının işlənməsi və istismarı üzrə iş proqramı çərçivəsində yataqlarda üstaçma və dəmir filizinin çıxarılması və nəqli işlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin layihəsinə əsasən məsləhətləşmə görüşünün keçirilməsi nəzərdə tutulmuşdur.

Onu qeyd etmək lazımdır ki,  Daşkəsən rayonu 8 avqust 1930-cu ildə Dəstəfur rayonu adı ilə yaradılıb. Daşkəsən Dağ-Mədən Filizsaflaşdırma Kombinatı 1954-cü ildən fəaliyyətə başlamış və onun bazasında da Daşkəsən şəhəri yaranmışdır.

Vaxtilə illik ilk istehsal gücü 1 milyon ton dəmir filizi olan həmin müəssisədə 2 min nəfərdən çox işçi çalışırdı. “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması, eyni zamanda cənab Prezidentin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, maddi-texniki bazasının müasirləşdirilməsi və ondan səmərəli istifadə edilməsi “AzerGold” QSC-yə həvalə edilərək eyni Sərəncamla da “Daşkəsən Filizsaflaşdırma“ ASC ləğv edilmişdir. Rayon icra hakimiyyəti başçısının çıxışından sonra yataqların işlənməsinin ilkin mərhələsi, filiz mədənləri ərazilərində ilkin vəziyyətə dair 2020-ci ilin oktyabr ayından etibarən aparılan ekoloji monitorinqlər barədə mütəxəssislər tərəfindən məlumat verilib. Qeyd olunub ki, istismarı aparılacaq filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işləri davam etdirilir. İstehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanunauyğun şəkildə idarə olunması, su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi və digər konkret tədbirlər sənəddə də öz əksini tapacaqdır.

Görüş iştirakçıları ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun işlənilməsinin və sənəddə öz əksini tapan tədbirlərin icrasının vacibliyini xüsusilə qeyd ediblər. Həmçinin ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb.

      Zabit XƏLİLOV,

         “Respublika”.