Daşkənddə Azərbaycan, Türkiyə, Özbəkistan nazirlərinin ilk üçtərəfli görüşü keçirilib
SİYASƏT

Daşkənddə Azərbaycan, Türkiyə, Özbəkistan nazirlərinin ilk üçtərəfli görüşü keçirilib

Görüşdə üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən Daşkənd Bəyannaməsi imzalanıb

Avqustun 2-də Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasından xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər gündəlikdə duran mövzular üzrə çıxış ediblər.

Görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin energetika sahəsində, xüsusilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd olunub.

Görüş nəticəsində üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən Daşkənd Bəyannaməsi imzalanıb və xarici işlər nazirləri üçtərəfli görüşün nəticələrinə dair mətbuat açıqlamaları ilə çıxış ediblər.

Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq ortaq tarixə, birgə mədəniyyətə və dəyərlərə əsaslanır. Bu, həmçinin möhkəm ikitərəfli əlaqələr və ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə dayanır. Xarici işlər, iqtisadiyyat və nəqliyyat üzrə məsul nazirlərin iştirakı ilə əsası qoyulmuş yeni üçtərəfli format müvafiq sahələrdə birgə layihələrin işlənib hazırlanmasına və irəli aparılmasına kömək edəcəkdir. Bu, həm də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı fəaliyyəti gücləndirəcək.

AZƏRTAC