Dar gündə də, xoş gündə də bir yerdəyik
Türk dünyası

Dar gündə də, xoş gündə də bir yerdəyik

Türkiyə

30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalq Azərbaycanın qələbəsi üçün müxtəlif sferalarda böyük əzmkarlıq göstərdilər. İqtidar və müxalifət partiyalarını təmsil etməsindən asılı olmayaraq, bütün siyasi qüvvələr də Azərbaycanın yanında oldular. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qələbə qazanmağımıza çox böyük təsir göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu. Birliyimiz düşmənlərimizə gözdağı verdi. Dövlət başçılarımız arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək zirvəsi idi.

Azərbaycan-Türkiyə tarixi qardaş xalqlar, qardaş dövlətlərdir. Bu tarixə nəzər salanda görürük ki, hər iki dövlət ən çətin, ən məşəqqətli gündə belə bir-birilərinin yanında olub, dəstək nümayiş etdiriblər.

Məlum olduğu kimi, 2021-ci ilin yay aylarında Türkiyədə geniş meşə yanğınları baş vermiş və xeyli fəsadlara səbəb olmuşdu. Azərbaycan xalqının üzüntüsünə səbəb olan həmin çətin anlarda dövlətimiz maddi və mənəvi dəstəyi ilə Türkiyənin yanında olmuş, son ana qədər yardımını əsirgəməmişdi. Həmçinin ölkəmiz ötən ilin yay aylarında Türkiyənin Muğla bölgəsində baş verən meşə yanğınları zamanı yaşanan fəlakətin qarşısını almaq üçün qardaş ölkəyə yardım etmişdi.

Azərbaycanın qardaş Türkiyəyə dayaq durması təkcə bu günümüzdə yox, dünənimizdə də yaşanıb. 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaş xalqa ilk yardım əlini uzadan da məhz Azərbaycan dövləti olub. Abdullah Gül Türkiyədə Prezident olduğu dövrdə baş verən meşə yanğınları zamanı yaşanan bir məqam isə indi də dillərdən düşmür və xalqlarımız arasındakı qardaşlığın hansı yüksək səviyyədə olduğunu bir daha gözlər önünə gətirir. Həmin dövrdə meşə yanğınlarının söndürülməsi üçün bir çox ölkələrin yardım təklifini geri çevirən Abdullah Gülə "bəs nə üçün Azərbaycanın dəstəyinə yox deməmisiniz", - deyə sual ünvanlanmışdı. Cavab isə çox maraqlı və bizim üçün də bir o qədər qürurverici olmuşdu. Prezident söyləmişdi ki, axı heç Azərbaycan bizdən icazə istəməyib və artıq onların yanğını söndürmək üçün göndərdikləri təyyarələr Türkiyə səmalarındadır və yerə enmək üçün bizdən izin istəyirlər. Bəli, bütün bu qürurverici nümunələr bir qardaşın digər qardaşının harayına yetməsinin minlərlə nümunəsindən, sadəcə, bəziləridir...

Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Bu fikirləri açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib. General ifadə edib ki, hazırda hava şəraitinin soyuq olması, zəlzələnin vurduğu zərərin miqyasının genişliyi də nəzərə alınarsa itki sayı çoxdur. Bir çox dövlətlərdən, xüsusən də ilk yardım və mənəvi dəstəyin Azərbaycandan olduğunu qeyd edən Yücel Karauz bildirib ki, "Azərbaycan xalqı Türkiyə xalqının acısını özünkü kimi hiss edib, dəstək oldu. Zəlzələ baş verəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev Prezident Ərdoğan ilə telefon əlaqəsi yaradaraq lazım olan hər yardım və dəstəyin ediləcəyini ifadə edib. Mən təbii fəlakətdən sonra dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Bu fəlakətdə yaralananlara isə tez bir zamanda sağalmaqlarına qovuşmalarını arzu edirəm".

Onu da qeyd edək ki, Türkiyəyə gələn Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Belə ki, Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəklində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntıları altında qalmış insanların axtarış-xilasetmə işlərini həyata keçirirlər. Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar. Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında kömək edirlər. Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından onlarla sağ insan, 50-dən çox meyit çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə Türkiyəyə ezam olunan hərbi tibb personal da hazırda Kahramanmaraş ərazisindədir. Müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlərimiz zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı, nazirliyin 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, çarpayılar, böyük gücə malik generatorlar, geyim dəstləri, masalar, oturacaqlar və digər ləvazimatlar daxildir.

Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dayaq, dəstək, qardaş ola. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün çətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən birlikdə gəlirik. Necə ki, bu barədə Prezident İlham Əliyev deyib: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi".

Esmira Yazkan,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.