Daha bir xəstəxanada əməkhaqqı kartları ilə bağlı növbəti maxinasiya ifşa olunub
Səhiyyə

Daha bir xəstəxanada əməkhaqqı kartları ilə bağlı növbəti maxinasiya ifşa olunub

23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın aprelin 13-dək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əməkhaqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Zinyət İsmayılovanın aprelin 13-dən indiyədək bu müəssisənin baş həkimi vəzifəsində işləyən Ceyhun Yusifovla birlikdə eyni cinayətkar üsul ilə həmin işçilərə məxsus cəmi 13 min 800 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdırararaq aralarında bölmələrinə əsaslı şübhələr müəyyən olunub.

İstintaq zamanı vurulmuş maddi ziyanın 112 min manatı dövlət büdcəsinə ödənilib.

Hazırda cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulmuş maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC