Dağlıq və dağətəyi bölgələrin təsərrüfat qayğıları
İQTİSADİYYAT

Dağlıq və dağətəyi bölgələrin təsərrüfat qayğıları

Mərkəzi Aran bölgələrində aparılan əkin sahələri, onların suvarılması, aqrotexniki qulluq barədə əvvəlki yazılarımızda dəfələrlə söhbət açmışıq. İndi isə dağlıq və dağətəyi bölgələrdəki təsərrüfat qayğılarını qələmə almaq istəyirik. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, belə bölgələrdən biri də İsmayıllıdır.

Burada təsərrüfat qayğıları ilə yanaşı, sel suları və çay daşqınları ilə mübarizə də diqqət mərkəzindədır. Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün bir sıra tədbirlər görülür. Hazırda isə rayon ərazisindən axan Sirsak çayda məcra təmizləmə işləri aparılır. Görülən işlərin məqsədi may ayında yağan yağışların fəsadlarının aradan qaldırılması ilə bağlıdır. Belə ki, güclü yağış nəticəsində gələn sel suları xeyli daş-çınqıl gətirərək çay məcrasını doldurub. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan Diyallı kəndi və əkin sahələri sel sularından mühafizə olunacaq. Bundan başqa, idarə İsmayıllı rayonunda suvarma mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Əhalinin suvarma və içməli suya olan tələbatını ödəmək üçün rayonda 5 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Hazırda onlardan biri ucqar kənd olan Vəngdə qazılır.

Rayonda İsmayıllı Suvarma Sistemləri tərəfindən balansda olan torpaq məcralı kanalların lildən təmizlənməsi prosesi də davam etdirilir. Buna qədər artıq beton üzlüklü kanalların təmizlənməsi yekunlaşıb. Torpaq məcralı kanallar isə 70 kilometr məsafədə təmizlənib. Bununla da suyun axını sürətlənib, suvarma suyu su istifadəçilərinə fasiləsiz olaraq çatdırılır.

Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda 9 min hektara yaxın suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması Aşıqbayramlı Su Anbarı, Yuxarı Şirvan kanalı, Göyçay çay, Axox çay, Cülyan çay, Talıstan çay, Əyriçay və Girdiman çayları vasitəsilə həyata keçirilir.

***

Şamaxı da dağlıq bölgədir. Buranın Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarında suvarılan ərazilərinin və əkin sahələrinin su təminatını həyata keçirir. Şamaxıda 6870 hektar, Qobustan rayonunda isə 1147 hektar suvarılan əkin sahəsi mövcuddur ki, bu sahələri suvarmaq üçün 138 kilometrlik artıq torpaq kanallardan istifadə edilir. İdarə tərəfindən hər il mütəmadi olaraq torpaq məcralı kanalların lildən təmizlənməsi, o cümlədən beton üzlüyə alınması prosesi davam edir. Kanalların betonlanması isə su itkisinin qarşısını almaqla yanaşı, suvarmanı da sürətləndirir. Görülən işlər Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən fermerlərin işini asanlaşdırır. Şamaxıda suvarmanı mütəşəkkil təmin etmək üçün əsasən su tutarlarından istifadə olunur. Yaradılan su tutarları suvarmada böyük rola malik olmaqla yanaşı, həm də ehtiyat rolunu oynayır. Yay aylarında, quraqlıq dövründə suvarma suyuna ehtiyac olduqda məhz su tutarlarından kanallara su ötürülməklə sahələrə su verilir.

Qeyd edək ki, Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının əkin dövriyyəsində olan 8400 hektardan artıq müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Onlardan 4380 hektarı taxıl, 3500 hektarı yem bitkiləri, 490 hektarı çoxillik əkinlər, 30 hektarı bostan-tərəvəz, 50 hektarı isə həyətyanı sahələrdir.

Yeri gəlmişkən qeyd edək ki, Qobustan rayonu hər il 30 min hektardan artıq sahədə taxıl əkir. Yuxarıda göstərilən 4380 hektar isə suvarıla bilən ərazilərdir ki, bu əkinlərdə məhsuldarlıq da yüksək olur. Qalan ərazilər dəmyə üsulu ilə əkilir ki, burada yüksək məhsuldarlıqdan söhbət açıla bilməz.

***

Xızıda isə təxminən 10 min hektar yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb edilib. Torpaq mülkiyyətçilərini vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin əksər rayonlarında meliorativ tədbirlər həyata keçirir. Hazırda idarə əməkdaşları Xızı rayonu ərazisində yerləşən kollektor-drenaj sistemində lil və kol-kosdan təmizləmə işlərini icra edir. Uzunluğu 13 kilometr olan kollektor-drenaj şəbəkəsi xüsusi texnika vasitəsilə təmizlənir. Bu işlərin mütəmadi aparılması nəticəsində əkin sahələrindən qrunt sularının qısa müddətdə dənizə ötürülməsinə nail olunur. Nəticədə torpaqların münbitliyi artır və məhsuldarlıq yüksəlir.

Qeyd edək ki, son illər Xızı rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib. Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar idi. Ölkə başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Xızı rayonunda da nəzərəçarpacaq işlər görülüb. Bu tədbirlərin nəticəsidir ki, bu gün rayonda suvarılan sahələr 12959 hektar təşkil edir. Həm əvvəllər mövcud olan, həm də əkin dövriyyəsinə yeni cəlb olunan sahələrdə suvarma təminatını yaxşılaşdırmaq məqsədilə 327 kilometr uzunluğunda kanallar çəkilib. Bu kanalların 102 kilometri açıq, 225 kilometri isə qapalı tiplidir. Kanallar üzərində 1883 ədəd hidrotexniki qurğu quraşdırılıb. Həmçinin, 135 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi qurulub.

Nəriman CAVADOV,

"Respublika".