Dağlar diyarı Laçına yeni həyat qayıdır
Region

  Dağlar diyarı Laçına yeni həyat qayıdır

Təbiətin yaratdığı gözəllikdən göz doymur, baxdıqca baxmaq istəyirsən.  Göylərə baş çəkən dağların zirvəsi dumana bələnib, yamaclardan boylanan çiçəklərin ləçəkləri şehə batıb.  İşğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın torpağına yeni bir həyat qayıdıb. Adi daş da, torpaq da,  ağaclar da, yal-yamac da, irəmələr də, keçidlər də, göy buludların üzərində süzən qartal da, laçınlılar da sevinir. Yurd sevinir, ocaq sevinir, əzəli və əbədi sakinlərinin ayaq səslərinə sevinən Laçın qürurun və məğrurluğun ahəngi ilə nəfəs alır.

Bu diyar zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malikdir, tarixi lap qədimlərə söykənir, tarixi şəxsiyyətlər yetişdirib,  igidlərin məskənidir. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları,  şimalında Mıxtökən silsiləsi uzanır və cənub-qərb hissəsini isə Qarabağ yaylası tutur.  Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir.  Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradıb. Həkəri də dağların ətəyindən, gen dərələrdən keçərək Araz çayına qovuşur.  Təbii ehtiyatlarını saymaqla qurtarmır.  Turşsu,  Qaladərəsi,  Ağanus,  Xırmanlar,  Tiqiq,  Turş-tiqiq,  Nurəddin,  Nağdalı,  Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqları,  zəngin meşələri, adamı ofsunlayan yaylaqları var. Düşmən Ermənistan otuz ilə yaxın bu gözəllikləri talasa da dağların əzəmətini, torpağın qüdrətini sındıra bilməyib. 1961-ci ildə rayonda təbiətin nadir incilərini qorumaq üçün 20 min hektar ərazidə  Laçın Dövlət Təbiət Yasaqlığı, 1987-ci ildə isə 240 hektar ərazini əhatə edən Qaragöl Dövlət Təbiət Qoruğu yaradılıb. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü var.  Yasaqlığın ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik,  qaratoyuq kimi fauna növləri olub və Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) ağacları bitib. Qeyd edək ki, bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb. Erməni vandalları həmin qiymətli ağacları qırıblar, bir sözlə, təbiətə divan tutublar. Meşələrdə şam,  palıd, vələs,  göyrüş,  ağcaqayın,  qarağac, akasiya, qovaq,  söyüd,  dəmirqara,  armud ağacları üstünlük təşkil edib. 

Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşı olan iki ədəd Şərq çinarı,  dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc,  şabalıd və qaraçöhrə ağacları mühafizə olunub. Erməni faşistləri bu meşələri də talan, qarət ediblər. Dağların baş-başa verdiyi Laçın yeraltı və yerüstü sərvətləri ilə məşhur olub.   Rayon ərazisində üç civə (Narzanlı,  Çilgəzçay,  Sarıbulaq), bir əhəngdaşı,  Qoçaz mərmərləşmiş əhəngdaşı,  mişar daşı istehsalına yararlı Ağoğlan,  Əhmədli,  Novruzlu gil,  Yuxarı Həkəriçay qum-çınqıl qarışığı,  əqiq,  iki əlvan bəzək daşı, üç vulkan külü və Minkənd mineral su yataqları var. Düşmən tərəfindən Laçın rayonunun təbiəti və təbii sərvətləri 28 il ərzində talan edilib.  Meşələr doğranıb,  xüsusi mühafizə edilən ağaclar kəsilib,  təbii ehtiyatları Ermənistana daşınıb.  Ermənilər Laçında  XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyini,  10 mindən çox eksponatı olan Laçın Tarix Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasını da məhv edib,  eksponatları talayıb aparıblar.

Bu ağır cinayət cəzasız qalmamalıdır. Təbiətin qəsdinə duran,  tariximizi saxtalaşdırmağa cəhd edən ermənilər, xunta rejiminin başçıları, terrorçular,  bir sözlə,  bu cinayətləri törədənlər ən ağır cəzaya məhkum olmalıdırlar. 

Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il dekabrın 1-də xalqa müraciətində bildirib:

“İlk növbədə,  biz Laçına laçınlıları qaytaracağıq.  Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm,  gözaydınlığı verirəm.  Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı.  İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb.  Əlbəttə ki,  laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır.  Həmçinin biz çalışacağıq ki,  keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”.

 Qeyd edək ki, Laçın rayonunun işğaldan azad edilməsindən az sonra Qalib Ali Baş Komandan İlham Əliyev rayona səfər edərək burada infrastruktur layihələrin təməlini qoyub.  Rayonun ən böyük yaşayış məntəqələrindən olan  Güləbird kəndini də düşmən dağıdıb,  talan edib. Azad edilən torpaqlara səfər edən  Prezident,  Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb. Haqlı olaraq hər birimiz qürur duyuruq ki,  tarixi Qələbənin sevincini yaşayırıq. Çox keçməz ki, Qarabağ, o cümlədən,  Laçın cənnətə çevriləcək, bu yerlərdə həyat öz axarına düşəcək.

Salman ALIOĞLU,

“Respublika”.