Dağ vüqarlı igid
Sosial həyat

Dağ vüqarlı igid

Laçın Azərbaycanın əzəli və əbədi torpağıdır. Mərd insanların yaşadığı bu yerlərdə igidlik və qəhrəmanlıq ənənəsi əsrlər boyu yaşayıb. Qocaman tarix heç nəyi unutmur.  XX əsrin əvvəllərində Zəngəzur, İrəvan və Arazboyu ərazilərdə dəhşətli vəhşiliklər törədən Andranikin erməni silahlı dəstələrinə həlledici və öldürücü zərbəni xalq qəhrəmanı Sultan bəyin rəhbərliyi altında Laçının igid övladları vurub. Zabux dərəsində erməni silahlı birləşmələrini mühasirəyə alaraq düşmənə sarsıdıcı zərbələr endirilib. Ermənilərin “qəhrəman”ı Andranikin qulağı kəsilərək torpaqlarımızdan qovulub. Beləliklə də Qarabağda yaşayan Azərbaycan əhalisini gözləyən böyük bir təhlükə aradan qaldırılıb.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalı zamanı 267 nəfər sakin, o cümlədən 18 nəfər 16 yaşına çatmamış uşaq şəhid olub, 120 nəfər sağlamlığını itirib, 66 nəfər girov götürülüb, yüzlərlə uşaq yetim qalıb. İgidliyə və göstərdiyi şücaətə görə 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində yüzlərlə laçınlı iştirak edib. Azərbaycan əsgəri, sözün əsl mənasında, xalqımızın hərb və qürur tarixini  yazıb. Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas edib. Qalib Ali Baş Komandan İlham Əliyevin fədakar siyasəti nəticəsində Laçın rayonu bir güllə atılmadan işğaldan azad edilib.

Vətən müharibəsində Laçından 18 nəfər şəhid olub. Onlardan 14 nəfəri döyüşlərdə şücaət göstərərək torpaqlarımızın azadlığı uğrunda həlak olub, 4 nəfər isə mülki şəxsdir. 70 nəfərdən çox laçınlı Vətən müharibəsi qazisidir. Həmyerliləri kimi, 21 yaşlı Nihad Əliyev də düşmənə qarşı mərdliklə vuruşub, igidlik və cəsarət nümayiş etdirərək ali məqama yüksəlib.

Nihad 2000-ci ilin noyabr ayının 22-də anadan olub. Laçın rayonunun Alxaslı kəndindən məcburi köçkün düşən ailədə dünyaya göz açan Nihad valideynlərinin əziyyət çəkdiyinin, yurd həsrəti ilə yaşadığının şahidi olub. Onları doğma torpaqlardan didərgin salan ermənilərə qarşı Nihadın qəlbində dərin nifrət yaranıb.

2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılan Nihad xüsusi təyinatlı qüvvələrin sırasında hərbin sirlərinə yiyələnib. Nizam-intizamı və fiziki hazırlığı ilə fərqlənib, komandirlərinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib. Vətən müharibəsinin ilk günlərindən Nihadın xidmət etdiyi tabor döyüşlərə atılıb. Nihad bir neçə düşmən əsgərini məhv edib. Murovdağ yüksəkliyinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşdə Nihad qəhrəmanlıqla həlak olub. 2020-ci il oktyabrın 1-də igid əsgər şəhidliyin zirvəsinə ucalıb.

Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Alxaslı obasındakı qəbiristanlıqda dəfn olunub. Qəhrəman Nihad Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin  Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”,  “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Nihad ata-babalarının qəhrəmanlıq ənənəsini şərəf və ləyaqətlə yaşadıb. Dağ vüqarlı igidin adı əbədi yaşayacaq, gələcək nəsillərin həyat yoluna işıq salacaq.

                                                       Salman ALIOĞLU,

                                                         “Respublika”.