“CÜCƏLƏRİM” MAHNISI İLƏ DÜNYADA TANINAN 
Mədəniyyət

“CÜCƏLƏRİM” MAHNISI İLƏ DÜNYADA TANINAN 

Bəli, 45 illik ömür yaşadı. Özünəxas musiqi tərzi, üslubu ilə yazıb-yaratdı. Ömür vəfa etsə idi, bəlkə də, daha böyük işlər ərsəyə gətirərdi. Yalnız "Cücələrim"in adını çəkmək yetər ki, bu dahi bəstəkar yada düşsün. O, təbiəti, bulaqları, saf suyu sevən biri kimi xatırlanır... Gəncədə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin anım mərasimi keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər. Mərasim  iştirakçıları bəstəkarın məzarı üzərinə tər çiçəklər düzüblər. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov görkəmli bəstəkar Qəmbər Hüseynlinin incəsənət sahəsində əldə etdiyi nailiyyətlərdən əhatəli söhbət açıb,  məzarının yerləşdiyi ərazinin yaxın gələcəkdə əsaslı şəkildə təmir olunacağını qeyd edib. Bəstəkarın ailə üzvləri Qəmbər Hüseynlinin yaradıcılığına göstərdikləri xüsusi diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Daha sonra onlar “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqında xatirələrini bölüşüb, qısa, lakin mənalı həyat və yaradıcılığından ürək dolusu danışıblar. Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə Respublikanın Əməkdar artisti Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova bəstəkarın ən çox sevilən “Ay işığında” və “İlk məhəbbətim” əsərlərini səsləndiriblər.

Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi. Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!"

Dahi bəstəkar Qəmbər Hüseynli 1961-ci il iyulun 31-də dünyasını dəyişib.

Zabit XƏLİLOV,

“Respublika”.