Cuanşer Burçuladze: Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf edir
MÜSAHİBƏLƏR

Cuanşer Burçuladze: Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirməyə və genişləndirməyə imkan verir.

Bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze AZƏRTAC-a açıqlamasında deyib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə keçirdiyi görüşdə çox mühüm məsələləri, gələn il üçün birgə fəaliyyət planını və əməkdaşlığın perspektivlərini müzakirə etdiklərini, müvafiq sənədin imzalandığını vurğulayan C.Burçuladze bildirib: "Azərbaycan ilə Gürcüstan iki yaxın dost, qardaş ölkələrdir. Biz bu gün Tbilisidəki Botanika bağında görkəmli azərbaycanlıların panteonunu ziyarət etdik. Bu da bizim necə yaxın olduğumuzu sübut edir".

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstana səfərə gəlib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsi, Qəhrəmanlar meydanı və panteonda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin, şair Mirzə Şəfi Vazehin, Azərbaycan dramaturgiyasının banisi, yazıçı və ictimai xadim Mirzə Fətəli Axundzadənin məzarları ziyarət olunub.

AZƏRTAC