COVID-19 pandemiyası qlobal yanaşma tələb edir
Siyasət

COVID-19 pandemiyası qlobal yanaşma tələb edir

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının tematik müzakirələrində diqqətə çatdırıb

BMT Baş Assambleyasının sədri tərəfindən "Universal peyvəndlənmə üçün səylərin artırılması" mövzusunda fevralın 25-də videoformatda tematik müzakirələr  keçirilib. Müzakirələrdə Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış edən Prezident İlham Əliyev belə bir toplantının keçirilməsi təşəbbüsünü dəyərləndirdiyini vurğulayıb. Ölkə rəhbəri, həmçinin dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan  peyvəndlərdən istifadədə hələ də bərabər imkanların yaradılmadığını diqqətə çatdırıb.

"Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasının sədri Abdulla Şahidin  COVID-19 pandemiyası ilə mübarizədə universal peyvəndlənməyə dair belə yüksək səviyyəli tematik müzakirələrin keçirilməsi təşəbbüsünü təqdir edir", - deyən Prezident İlham Əliyev çıxışında BMT-nin pandemiya ilə mübarizədə oynadığı rolu yüksək qiymətləndirərək təşkilatın qlobal miqyasda yayılan dəhşətli xəstəliyin ötən müddətdə nəzarətdə saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə bu istiqamətdə dəstək verilməsi üzrə səylərin  istiqamətləndirilməsində səmərəli fəaliyyət göstərdiyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatının  bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışarkən isə: "...Bu mənada biz  Ümumdünya Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd edirik", - deyib.

Azərbaycan Prezidenti pandemiyanın yayıldığı dövrdən Qoşulmama Hərəkatının beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər etdiyini, xəstəliklə mübarizə və onun mənfi  nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürdüyünü  xatırladaraq deyib: "2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası  və Baş Assambleyası tərəfindən qəbul edilmiş "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər  adından irəli sürülmüşdür. COVID-19 pandemiyası kimi  qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir".

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasına  rəsmi səfəri çərçivəsində liderlərin görüşündə də yeni növ koronavirusla mübarizə sahəsində ölkələr arasındakı  əməkdaşlıqdan da danışılıb. TASS Agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə iştirak edən Mehriban xanım Əliyeva Azərbaycanın COVID-19-la mübarizədə pandemiyanın yayıldığı ilk dövrdən indiyədək gördüyü işlərdən ətraflı danışıb. Birinci vitse-prezident hazırda ölkəmizdə son dalğanın azalmağa doğru getdiyini vurğulayaraq, xəstəliklə mübarizədə əldə edilən təcrübə barədə də  məlumat verib: "İki ildən bir qədər artıq müddət keçəndən sonra hazırda bizdə müəyyən təcrübə var və mən onu bölüşə bilərəm. Bütün bunlar başlayanda, 2020-ci ilin fevral-mart ayları idi. Yəqin ki, hamınız xatırlayırsınız, müxtəlif versiyalar var idi, kimsə inanırdı, kimsə dərk edirdi, kimsə anlamırdı, inkaretmə mövcud idi. Fevral ayının sonunda biz aydın şəkildə dərk edirdik ki, nəisə həqiqətən də çox ciddi hadisə baş verir və bu, qeyri-ordinar, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Mən hesab edirəm ki, sonrakı işin uğurlu həyata keçirilməsinin başlıca səbəblərindən  biri yəqin ki, çox peşəkar  qərargahın, komandanın tez bir zamanda yaradılmasına nail olmağımızdır. Üstəlik, aydın idi ki,  burada yalnız tibb işçiləri ilə  kifayətlənmək olmaz, diapazon tamamilə genişdir və hökumət üzvləri, ekspertlər, gənc alimlər, xüsusilə riyaziyyatçılardan ibarət qrup toplandı. Çünki artıq o vaxt aydın idi ki,  hesablamaq, proqnozlaşdırmaq lazım olacaq...".

Pandemiyanın yayıldığı ilk vaxtlardan etibarən Prezident İlham Əliyev beynəlxalq səviyyədə COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal  mübarizə təşəbbüsləri ilə çıxış etdi. Həmrəylik əlaməti olaraq koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım göstərib. Eyni  zamanda, respublikamız 5 ölkəyə  peyvənd ianəsini gerçəkləşdirib. Bu işlərin davam etdirilməsi nəzərdə tutulur. Hazırda Azərbaycan Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesini həyata keçirir.

BMT Baş Assambleyasının sədrinin təşəbbüsü ilə "Universal peyvəndlənmə üçün səylərin artırılması"  mövzusunda keçirilən yüksək səviyyəli tematik müzakirələrdə Prezident İlham Əliyev az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olduğunu və bu istiqamətdə müəyyən tədbirlərin görülməsinin zəruriliyini qeyd edib. Məsələnin aktuallığı isə belə əsaslandırılıb: "COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur".

Dövlət başçısı nitqində səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün bu sahədə xidmətlərin bütün müvafiq aspektlərinin gücləndirilməsinin  vacibliyini vurğulayıb. Bu məsələdə müxtəlif layihələrin gerçəkləşdirilməsi ilə bərabər, səhiyyənin universal əlçatanlığını təmin etmək məqsədilə fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsinin mühüm əhəmiyyətə malik olduğunu da bildirib. Prezident bu sahədə COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirmiş, bununla yanaşı, bütün ölkələrin, beynəlxalq təşkilatların, həmçinin aidiyyəti tərəfdaşların  milli və regional hüquqi çərçivəyə uyğun peyvənd istehsalı, paylanılması, habelə ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik  götürmələrinin vacibliyini söyləmişdir. Dövlət başçısı bu məsələnin həllinə mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili tədbirlər görülməsinin zəruriliyini də qeyd edib. Ölkə rəhbəri çıxışının sonunda Azərbaycanın post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının keçirilməsi üçün hazırlıq işlərinin görüldüyünü bildirib: "Biz, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq", - deyən Azərbaycan Prezidenti pandemiya ilə mübarizədə bundan sonra   da təşəbbüslərlə çıxış edəcəklərini və Qoşulmama Hərəkatının pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxaq həmrəyliyin gücləndirilməsi  üçün fəal şəkildə səylərini davam etdirməyə hazır olduğunu deyib.

Zümrüd QURBANQIZI,

"Respublika".